Şrift:
Rusiya Azərbaycanı forposta çevirmək istəyir?
06.05.2016 [10:20] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Sülhəddin Əkbər: “Moskvanın 300 illik dəyişməz siyasəti var”

Fərəc Quliyev: “Bərabərhüquqlu əməkdaşlığa hazırıq”

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv fəaliyyətini davam etdirir. Apreldə Ermənistan və Azərbaycan arasındakı 4 günlük müharibədən bu yana da Rusiya qədər heç bir dövlət prosesdə özünü göstərməyə çalışmır. Rusiyanın ABŞ və Qərb olmadan, təktərəfli formada boy atmasında maraqları ağır çəkiyə sahibdir. Bu, özünü aprelin əvvəlində erməni silahlı birləşmələrinin Azərbaycana qarşı təxribatında açıq şəkildə göstərdi.

Aprelin 2-də gecə saatlarında ermənilərin təxribatçı diversiya qrupunun Azərbaycana qarşı hücumuna ilk reaksiyanı da rəsmi Bakı və İrəvan heç bir söz demədən Moskva verdi. Əvvəl isə “Bu, Rusiyanın təxribatıdır” ittihamları da ortada dolaşırdı. Rusiyanın tələskən reaksiyası və tərəfləri atəşkəsə çağırması da “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” ibarəsinə oxşayırdı.

Kremlin kirli planı

Qarabağ ətrafında başlayan gəlişmələr Kremlin planlı, kirli oyununun tərkib hissəsidir. Rusiyanın maraqları bəllidir, ətraf rayonların qaytarılmasıyla Azərbaycanı üstün mövqeyə sahib olduğu birliklərə cəlb etmək, bununla da Qərblə Azərbaycan arasında keçilməz sədd yaratmaq. Analitiklər də Dağlıq Qarabağ bölgəsi istisna olmaqla, Rusiyanın bu yöndə Azərbaycana verəcəyi dəstəyi təhlükəli hesab edirlər.

Qeyd olunur ki, Rusiya gələcəkdə bununla Azərbaycanı Ermənistandan sonra ikinci forpostuna çevirməyi planlaşdırır. Bu nöqteyi-nəzərdən Rusiya planını həyata keçirmək üçün tələsir. ABŞ və Rusiya arasında gizli şəkildə rus hərbi bazalarının Suriyadan çıxarılması müzakirələrinin başladığı vaxt, Şimaldan Azərbaycana verilən təhlükəli təkliflər göstərir ki, ortada bir bazarlıq var. Bu fonda Almaniyanın əvvəlcə Qarabağla bağlı 8 bəndlik təklifi elan etməsi lakin açıqlamaması, rəfə qaldırması, Türkiyənin passivliyi və ATƏT-in Minsk Qrupunun elan olunmadan fəaliyyətini dayandırması da bundan xəbər verə bilər. Gizli anlaşma əsasında Rusiyanın 2017-ci ilin martınadək Suriyadakı hərbi bazalarını çıxaracağı ehtimal olunur. Qeyd olunur ki, Suriyadan çıxarılacaq ordu birliklərinin və hərbi texnikaların bir hissəsini Ermənistanda, məsələ həllini taparsa Qarabağda sülhməramlı adı altında yerləşdirilməsi planlaşdırılır.

Masa, yoxsa poliqon?

Azərbaycanın Rusiyanın şərtlərinə gedəcəyi inandırıcı deyil. 4 günlük müharibədən çıxan nəticə budur ki, Qarabağ münaqişəsiylə bağlı güzəştə gediləcək ən xırda detal belə ölkədə sosial partlayışa səbəb olacaq. Aprel hadisələri 1990-cı illərin siyasi hərc-mərcliyinin milli-mənlik şüuruna atırdığı pası da açdı. Bu, Rusiyanın maraqları yönündə atılacaq bir addımı belə kəskin etirazla qarşılaya bilər ki, bundan sonra ölkə daxilində başlayacaq etirazlara paralel olaraq, Rusiya hadisələri Qarabağın savaş poliqonuna çəkə bilər. Rusiya yaranmış fürsətdən istifadə edərək, Azərbaycanı Ermənistanla müharibəyə çəkəcək ki, bu vaxt da Ermənistan tərəfinə hərbi dəstək verməsi qaçılmaz olacaq. Bu, Türkiyə və Pakistanın Azərbaycan, İran və Rusiyanın da Ermənistan tərəfindən iştirakını təmin edən böyük bir savaşa səbəb ola bilər. Rusiya bunu istəmir, çünki ABŞ da buna səssiz qalmayacaq. Nəticədə məsələni masada həllinə çalışır, oyunun şərtləri isə Azərbaycanın maraqlarına ziddir.

Azərbaycanda “Erməni kolonu” yaratmaq planı

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət”ə bildirib ki, Rusiyanın 300 illik Qafqaz və Xəzər siyasəti var. S.Əkbər xatırladıb ki, 1722-ci illərdən başlayaraq, Rusiya dənizlərə çıxmaq strategiyasını izləyir:

“Bu strategiyanın əsas alətlərindən biri də ermənilərdir. Rusiyanın əsas məqsədi növbəti mərhələdə burada ermənilərdən ibarət “Beşinci kolon”un yaradılmasıdır. Bu məqsədlə 1722-1828-ci ilədək aralıqda Rusiya erməniləri Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına köçürdü. 1828-ci ildə “Türkmənçay” müqaviləsinin imzalanmasından sonra İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” yaradılır. Üçüncü mərhələdə - 1918-ci ildə bu vilayətdə Ermənistan dövləti qurulur. Dördüncü mərhələdə - 1918-ci ildən bu yana isə Rusiya Ermənistan dövlətinin genişləndirilməsi siyasətini aparır. İndi siz, 300 illik Rusiya siyasətinin dəyişəcəyini düşünürsüz? Bu torpaqların erməniləşdirilməsi, eyni zamanda xristianlaşdırılmasını da nəzərdə tutur”.

Rusiyaya möhtac siyasəti

Sülhəddin Əkbər qeyd edib ki, bu gün Azərbaycan hakimiyyətinin milli maraqlara zidd olan tərəddüdlü davranışının 2 başlıca səbəbi var:



“Birinci səbəb hakimiyyətin siyasi təhlükəsizliyi məsələsidir. Əgər ölkədə Qərbə yaxınlaşma - demokratik açılım başlayarsa, bunun davamı olaraq Azərbaycan gərək Avropa İttifaqı, NATO və ABŞ-a inteqrasiya siyasəti yürütsün. Bu da ölkədə demokratik islahatların aparılması, ədalətli seçkilərin keçirilməsi, sonda da hakimiyyətin dəyişməsi deməkdir.

Azərbaycanın ABŞ, Türkiyə və Qərbə yaxınlaşmamasının başlıca səbəbi bu siyasi amildir. İkinci səbəb, Rusiya və onun uzantısı olan, hakimiyyətdə güclü mövqeyi olan “Beşinci kolon”dur. Rusiyanın “Beşinci kolon”u çalışır ki, Azərbaycanın Türkiyə, ABŞ və Avropa İttifaqı ilə əlaqələri kəsilsin, onu Rusiyaya möhtac etsin. İkinci mərhələdə də Azərbaycan Rusiyanın təsir sferasına yenidən qaytarılsın - KTMT, Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv olsun.

Bu da “Beşinci kolon”un öz yerini möhkəmlətmək cəhdidir. Bununla hakimiyyətlərini gücləndirmək və topladıqları sərvətləri daha da artırmaq, bunları gələcək nəsillərinə etibarlı şəkildə miras qoymaq istəyirlər”.

“Azərbaycandan Rusiyaya forpost olmaz”

Millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə prezident Boris Yeltsin dönəmində Azərbaycan və Rusiya arasında bərabərtərəfli bir müqavilənin bağlandığını xatırladıb. F.Quliyevin sözlərinə görə, Azərbaycan Rusiya ilə düşmən deyil:



“Azərbaycan bu ölkə ilə bərabərhüquqlu əməkdaşlığa hazırdır. Bir dövlətin digər dövlətin suverenliyinə hörmət etməsi əsas şərtdir. Bərabər tərəf olaraq biz bu əməkdaşlığı qoruyuruqsa, Rusiya da Cənubi Qafqazda sabitliyin qorunması üçün çalışırsa, biz bunu məmnuniyyətlə qəbul edirik. Rusiya münaqişənin həllini öz dominantlığı, mənafeləri, bura ayaq qoyması, sülhyaratma adı altında bura ordu yeritməsi, KTMT kimi qurumlara çəkmək naminə edərsə, işğalçı Ermənistanla bu yöndə səylərini artırarsa bu doğru hal olmaz. Azərbaycan heç bir halda, heç bir dövlətin for-postu olmaz. Azərbaycan bütün dövlətlərlə “sıfır problem” qonşuluq, hər kəslə də bərabərhüquqlu siyasətdə maraqlıdır”.


Mənsur
Cebhe.info
Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed