12.05.2016 [14:26] - Gündəm, DAVAMın yazıları
Musa Yaqub həmişə təbiətlə sıx bağlı olub. Bu səbəbdəndir ki, onun yaradıcılığında təbiət-insan mövzusu başlıca yer tutur. Təbiət mövzusunda yazmaq, təbiətdə insan, insanda təbiət axtarmaq, bu ilahi bağlılığı öymək onun qələmində həmişə ecazkar, canlı ifadəsini tapıb. Bu mövzu o qədər bitib-tükənməyən bir əhval yaradır ki, yaradıcının ürəyinin odu istər-istəməz oxucuya da keçir.
Musa Yaqub təbiətdən ayrı qala bilmir. Həmişə kəndlə bir, nəfəs-nəfəsə olub, ondan istədiyi kimi yaradıcılıq havasını alıb.
***
İnsan dünyaya “təbiət” adlı ilkinlikdən gəlir. Harada yaşayırsa-yaşasın, onu doğulduğu məkana çəkir. Bu, insanın mahiyyətcə yurda, ulusa sevgisi deməkdir.
İnsan yüzillərdir ki, təbiətlə özü arasındakı doğmalığa yetə bilmir, əksinə, təbiətlə insan arasındakı yadlıq, uçurum gündən-günə artır. Təbiətin də dözümünün bir səddi, həddi var. Günahkar insandır.
Musa Yaqub təbiətdən yazmaqla yanaşı, həm də yurda, ulusa sevgiylə yaşayır, milli dərdlərimizlə birgədir. Çağdaş zaman adamları pulçuluğa alışdırır. Yurduna, ulusuna sözün əsl mənasında bağlı olan insan Yurda-müqəddəsləşən məkana heç zaman pul ölçüsü ilə yanaşmır.
***
Musa Yaqubun ürəyi həmişə doludur: elə hey dünyanın yamanını yamanlayır, yaxşısını öyür. Onunla zaman-zaman insanın mənalı yaşamaq sevdasından, özüylə üz-üzə qalmaq, təbiətlə, dünyayla bir olmaq gərəkliyindən söhbətlərimiz olub. İndi dünyadan şikayətlənməyən yoxdur; ancaq yaradıcılarımızın şikayətlənməsi ictimai mühitdə az qala davamlı "ictimai şok effekti" yaradır. Bu, o deməkdir ki, zamandan şikayətlənmək azdır, zamana qarşı durmaq gərək: yəni İnsanlıq yolçuluğunda dəyişməmək, özü olaraq qala bilmək...
Onda insan da, təbiət də xilas olar.
***
Hər bir yaradıcıda, qələm adamında adətən özünə olduqca doğma, içindən gələn yön olur. Bəstəkarlarda, heykəltəraşlarda, rəssamlarda, yazıçılarda, şairlərdə bu cəhətlərin olması təbii sayılır. Ancaq şübhəsiz, fəlakət o zaman baş verir ki, yaradıcı tükənə və başlaya özünü təkrar etməyə. Əlbəttə, zaman əhvalından üstün yaradıcılar daim yeni üfüqlər yaradırlar.
Musa Yaqub bir cəhətə arxayındır: o, özünü təkrarlamır.
Onun poeziyasında həmişə bir dirilik, doğmalıq, təbiilik görmüşəm. Şair üçün düşündüyünü gözəl, bənzərsız ifadə etmək doğrudan da xoşbəxtlikdir. Onun aləmində şairlik tamamilə yüksək, ülvi bir duyğudur.
O, hər şeiri, kitabı ilə oxucusunu xatirələri, sevdalı günləri, dünəni, bugünü, sabahıyla görüşdürür. Şair yaradıcılığındakı təbiət mövzusunu taleyiylə sıx bağlayır. Onun ictimai məzmunlu şeirlərində belə, təbiət rəmzləri – dağ, daş, çay, səma, bulud və başqa canlı obrazlar xüsusi yer tutur. O, gördüyü adi bir gülün ləçəyini belə məharətlə rəmzləşdirməyi, insan taleyi ilə bağlamağı bacarır. Sevgi ürəkdən gəlməyəndə yoxsul olur, təməlsiz olur. Musa Yaqub həmişə cəmiyyətin dərdlərini təbiətin dili ilə ifadə etməyə çalışıb...
***
Yaşamın hər anı gözəldir. Bunu həmişəlik etmək insandan hünər istəyir.
M.Yaqubun təbiətə sevgisində və həmin sevgini ifadəsində indiki əksər yeni yaradıcılar sayaq pis mənada anlaşılmazlıq, qaranlıq məqamlar yoxdur. Şair fikrini aydın, təbii, doğma deyir. Dərd doğma deyiləndə ürəyəyatımlı olur, ünvanını tapır.
Baharın çiçək ömrünü görmək nədir, bilirəm. Onun üçün kənddən ayrılmaq həmişə az qala fəlakət olub. Təkcə elə bu cəhətin özü şair ömrünün oxuculara insani təsiridir. Elindən-obandan ayrılmayasan, ata yurdunun hər dağını-daşını əziz tutasan, yəni yurdu müqəddəsləşən məkan sayasan, bu duyğunu canlı yaşayasan...
***
Bitib-tükənmədən yaşamaq, insanlığa layiq olmaq borcumuz var. Hər birimiz bu borcumuzu ödəməliyik.
Bu xəbər oxucular tərəfindən 1322 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |