Şrift:
Qarabağdan yeni erməni köçü başlanır
13.05.2016 [11:10] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Ermənistan Qarabağ üzərində Azərbaycanın suveren hüququnu tanımayınca, bu ərazilərdə yaşayan ermənilərin daha sürətlə köç edəcəyinin şahidi olacağıq”

Fəzail İbrahimli: “Bir müddət səbrlə gözləsək, ermənilər elə kütləvi surətdə oradan köçəcək ki, hətta ola bilsin, həmin yerlər döyüşsüz belə azad oldu”


Aprel döyüşlərində Azərbaycan Ordusunun strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsindən sonra Ağdərə və Xocavəndin kəndləri tamamilə boşalıb. Burada yaşayan ermənilər kütləvi şəkildə həmin əraziləri tərk ediblər. Bu da onu göstərir ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları erməniləri çox qorxudub.
Separatçı Dağlıq Qarabağ rejimi gözü qorxmuş ermənilərə müxtəlif vədlər versə də, bunun bir nəticəsi olmayıb. Ermənilər heç bir halda geri qayıtmayacaqlarını bildiriblər. Proses ondan xəbər verir ki, mülki ermənilər artıq separatçı rejimin hakimiyyəti altında Dağlıq Qarabağda qalmağın heç bir əhəmiyyəti olmadığını anlamağa başlayıblar. Bu fonda Qarabağın daha sürətlə boşalmasını gözləmək olarmı?

Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, Ermənistan Qarabağ üzərində Azərbaycanın suveren hüququnu tanımayınca, bu ərazilərdə yaşayan ermənilərin daha sürətlə köç edəcəyinin şahidi olacağıq: "Əvvəla, onu deyim ki, Dağlıq Qarabağda olan ermənilər cəmi 150 ildir ki, ora gəliblər. Ermənilərdə Vətən hissi yoxdur, onlar aborigen xalq deyillər. İkinci bir tərəfdən, oradan yerli türk əhalisi qovulub. Bundan başqa, separatçı rejim erməniləri Qarabağa ordan burdan zorla, yaxud da şirnikləndirməklə gətiriblər. Bura Suriya, Livan və Ermənistanın öz ərazisindən ermənilər köçürülüb. Belədə onların Vətən hissi olmadan bir yerdə yaşaması imkanları məhduddur. Separatçı rejim adı altında Ermənistan silahlı qüvvələri rus qüvvələrilə birlikdə müharibənin birinci raundunda ötəri üstünlük əldə etmişdilər və orada yaşayanlar bu fonda düşünürdü ki, işğal etdikləri torpaqlarda yaşamaq mümkündür. Amma son döyüşlər göstərdi ki, Azərbaycan bütün hallarda öz torpaqlarını geri qaytaracaq. Bunun dinc yolla baş verməsini arzulayırıq. Amma belə mümkün olmasa, hərbi yolla qısa zamanda bunu edəcəyik. Ona görə də indi orada olan adamlar girov qalmaq, Ermənistan dövlətinin çirkin hədəfi rolunda çıxış etmək istəmir və köçürlər.
Hesab edirəm ki, onlar bir daha bu ərazilərimizə qayıtmayacaqlar və 150 il əvvəl gələn ermənilər də belə getsə, qayıdıb gedəcəklər. Hərçənd Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçı ordusu torpaqlarımızı tərk etsə, erməni əsilli insanların hüquqlarını da təmin və müdafiə etməyə hazırdır. Yaranmış vəziyyətin günahı Ermənistan dövlətinin üzərindədir. Bu tendensiyanın davam etməsini, oradan sonuncu erməninin də çıxmasını istəmirlərsə, işğalçı ordu geri çəkilməli və Azərbaycanın suverenliyini tanımalıdırlar ki, ölkəmizdə yaşayan başqa etnoslara göstərilən xoş münasibətlər onlara da göstərilsin”.


Milli Məclis deputatı Fəzail İbrahimli də tezliklə ermənilərin Qarabağdan köç etməsinin daha kütləvi hal alacağını bildirdi: "Aprelin ilk günlərində baş verən hadisə düşüncə və fikirləri, mövcud olan müvəqqəti erməni qələbəsinin fəlsəfəsi, mahiyyətini dəyişdi. Qarabağda yaşayan ermənilərdə əvvəllər belə bir düşüncə formalaşmışdı ki, Azərbaycan artıq bir də bu yerlərə qayıda bilməz. Yəni həmin torpaqların əbədi olaraq guya ermənilərin olacağına ideoloji imkan yaranmışdı.
Dünyada ikili standartların mövcudluğu ermənilərdə belə bir fikir formalaşdırmışdı ki, dünya beynəlxalq qanunları nəzərə almayaraq kimi istəyir onu dəstəkləyir. Arxayın idilər ki, böyük dövlətlərin ağuşunda olan Ermənistan hərbi cəhətdən qüdrətlidir. Suriya, Livandan gətirilən ermənilər də bu kimi düşüncələrlə ora gəlmişdi. Belədə ermənilərdə təsəvvür formalaşmışdı ki, Azərbaycan tərəfi müharibə yolu ilə heç zaman heç nə əldə edə bilməyəcək. Dünya da erməni tərəfini qələbəyə, Azərbaycan tərəfi isə məğlubiyyətə uyğunlaşdırıb prosesi nəsildən-nəsilə ötürməkdə və sonda unutdurmaqda maraqlı idi. Aprel hadisələri isə bütün bu düşüncələri məhv etdi. Azərbaycanın hərbi qüdrətini ortaya qoydu, millətimizin torpaqların işğalı ilə barışmayacağını ifadə etdi. "Arxalı köpək qurd basar” fikri atalar misalı olsa da, son hadisələr fonunda fəlsəfəsinin mahiyyətini dəyişdi. İndi bu kəlmə arxalı köpəyin özünü də lazım gələndə dizini yerə qoymağa Azərbaycan tərəfi məcbur edə bilər anlamı kəsb etdi.
Bu hadisədən sonra bir sıra böyük dövlətlərin, Türkiyə, Pakistan və digərlərinin Azərbaycanın arxasında durduqlarını duyanda erməni tərəfi başa düşdü ki, özləri də olmasa, qarşıdan gələn nəsillərinə bu torpaq nəsib olmayacaq. Ermənistan parlamenti səviyyəsində də bu istiqamətdə mesajlar səsləndi. Güman edirəm ki, beynəlxalq hüquq normalarının sükutu uzun çəkərsə, aprel hadisələri yenidən davam edəcək və Azərbaycan qısa zamanda torpaqlarını işğaldan azad edəcək. Bu fonda bir müddət səbrlə gözləsək, ermənilər elə kütləvi surətdə oradan köçəcək ki, hətta ola bilsin, həmin yerlər döyüşsüz belə azad oldu”.


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed