Şrift:
Bağdadda törədilən dörd partlayış azı 80 nəfərin ölümü ilə nəticələnib
18.05.2016 [10:14] - Gündəm, Hadisə
Mayın 17-də Bağdadda və İraqın paytaxtından qərbdə törədilən silsilə partlayışlar nəticəsində azı 80 nəfər həyatını itirib.

TASS informasiya agentliyi xəbər verir ki, partlayışların ən qanlısı Bağdadın şimalında yerləşən Əş-Şaab rayonunda baş verib. Burada 40 nəfərə qədər insan həlak olub, 70-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bunun ardınca paytaxtın cənubunda yerləşən Ər-Rəşid rayonunda bomba yüklü avtomobil partladılıb. Nəticədə 6 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

Bundan bir qədər sonra şiələrin yaşadığı Madinat-Sadr bölgəsində daha iki partlayış törədilib. Onların birində azı 19 iraqlı ölüb. Digər hücum isə Həbibiyyə rayonundakı restorana edilib. Ölənlərin və xəsarət alanların olduğu bildirilsə də, onların sayı hələ ki, dəqiqləşməyib.

Partlayışlarla əlaqədar güc strukturlarının paytaxtda və onun ətrafında dislokasiya olunan hissələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Hücumlara görə məsuliyyəti İŞİD qruplaşmasının üzərinə götürdüyü bildirilir.

Xatırladaq ki, İŞİD terror qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət davam edir. Paytaxt Bağdad şəhərində və qonşu rayonlarda mütəmadi partlayışlar törədilir, nəticədə dinc insanlar və güc strukturlarının əməkdaşları həyatını itirir. Mayın 11-də İraqın paytaxtında törədilən silsilə partlayışlar nəticəsində 100-ə yaxın insan həyatını itirmiş və 150-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Bu arada Əl-Cəzirə telekanalı paytaxtdan qərbdə yerləşən Ənbar əyalətində baş verən hücumlar nəticəsində azı 13 polis əməkdaşının həlak olduğu barədə xəbər yayıb.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed