Şrift:
Millət vəkili: "Rusiya bunu etməsə, münaqişənin həlli uzana bilər” AÇIQLAMA
19.05.2016 [11:01] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Vyana görüşündən qeyri-adi heç nə gözlənilmirdi. Bu görüşdə münaqişənin həlli ilə əlaqədar konkret nəticə olmayacağını bilirdik. Çünki, Ermənistan tərəfi buna hazır deyildi”. Bu fikirləri SİA-ya millət vəkili Fərəc Quliyev Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşünü şərh edərkən deyib.

O bildirib ki, nəticəsindən asılı olmayaraq görüşdə Azərbaycan hər tərəfli şəkildə Ermənistandan üstün idi: “Azərbaycan görüşə qədər həm diplomatik, həm də hərbi sahədə uğurlar əldə etmişdi. Ermənilərin arzusu status-kvonun saxlanmasından ibarət idi. Düşmən tərəfi daxili auditoriyalarına istiqamətlənmiş addım atmaq istəyirdi. Onlar düşünürdülər ki, atəşkəs rejimi yenidən bərpa ediləcək, müharibə olmayacaq. Amma Vyana görüşündə Azərbaycan öz mövqeyindən geri çəkilmədiyini bir daha bildirmiş oldu”.

Millət vəkilinin fikrincə, Rusiya ədalətli mövqe göstərərək münaqişənin tez bir zamanda həllinə çalışmalıdır: “Əslində Rusiyanın baş naziri Dmitri Medvedev aprel hadisələrindən sonra Azərbaycana səfəri zamanı bizi qane etməyən bəyanatla çıxış edərək bildirmişdi ki, müharibədənsə, münaqişənin dondurulmuş şəkildə qalması daha xeyirlidir. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz fikrində qəti şəkildə dayanaraq bildirdi ki, mənasız danışıqlarla münaqişənin həllini uzatmaq bizə sərf etmir. Ölkəmiz iki məsələdə qətiyyətlidir. Birincisi problemi Azərbaycanın ərazi bütövlüyünün sülh və danışıqlar, ikincisi isə hərbi yolla həll edilməsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı buraxılmalı deyil. Burada bir yol var o da işğalçının Azərbaycan torpaqlarını tərk etməsidir. Yalnız bundan sonra Azərbaycan ərazilərində yaşayan erməni əsilli azərbaycanlılarla bağlı məsələni həll etmək mümkündür. Azərbaycan tolerant ölkədir. Bu baxımdan ölkəmiz bütün etnoslar kimi orada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməyə hazırdır”.

ATƏT-in Minsk qrupunun münaqişənin həllində hər hansı töhfə verəcəyinə inanmadığını dilə gətirən F. Quliyev söyləyib ki, burada əsas məsələ Rusiyanın ermənilərin zəncirindən tutub geri çəkməsidir: “Əgər Rusiya bunu etməsə, münaqişənin həlli uzana bilər”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed