24.05.2016 [10:50] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
2 Apreldə Qarabağ cəbhəsində başlanan gərginlikdən sonra münaqişənin həlli istiqamətində danışıqlar intensivləşdi. Hətta bir neçə gün öncə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də baş tutdu.
İlk vaxtlar müharibənin davam edəcəyi ilə bağlı proqnozlar səslənsə də, sonradan gərginliyin səngiməsi bu versiyanı arxa plana keçirdi.
Diplomatik cəbhədə hansısa yenilik gözlənilmədiyi bir vaxtda, proseslərin qarşıdakı dövrdə qızışacağını ehtimal edənlər var. Hətta Rusiyanın bəzi dairələrindən bu kimi proqnozlar verilir.
Məşhur rus eksperti Dmitri Verxoturov deyib ki, Vyana görüşündən sonra Ermənistan danışıqlar prosesi çərçivəsində güzəştli variantlarla razılaşmayacaqsa, o zaman müharibə yenidən gündəmə gələcək.
D.Verxoturovun sözlərinə görə, Azərbaycan aprel döyüşləri ilə Ermənistana ciddi xəbərdarlıq edib: "Proseslərin gedişi göstərdi ki, Ermənistan Qarabağı əlində saxlaya bilmir, müdafiə gücü zəifdir. Məhz həmin hadisələrdən sonra siyasi manevrlər başladı.
Azərbaycan anlayır ki, Ermənistan Rusiyanın müttəfiqidir, ona görə də ehtiyatlı davranır. Lakin, əminəm ki, əgər Bakı müharibə variantını seçəcəksə, o zaman bunu Moskva ilə razılaşdıracaq".
NATO regionda güclənə bilər
Ekspert əlavə edib ki, Qarabağ məsələsinin inkişafı qlobal proseslərdən asılı olacaq: "Rusiya anlayır ki, münaqişənin dondurulması Azərbaycanı bezdirib. Belə vəziyyət rəsmi Bakının alternativ güclərlə anlaşmasına gətirib çıxara bilər. Misal üçün, NATO münaqişənin həllində rol alaraq, regionda güclənə bilər. Belə olan halda Rusiyanın bütün Cənub cinahı kəskin zəifləyir, Qərbin Xəzərə və Türkmənistana girmək imkanı güclənir. Yəni Rusiyanın strateji vəziyyəti pisləşir. Buna görə də Rusiya Qarabağ məsələsində Azərbaycan və NATO-nun yaxınlaşmasına imkan verməmək niyyətindədir".
Azərbaycanda isə Qarabağ cəbhəsində baş verənlərlə bağlı fərqli fikirlər söyləyirlər. Bir qism münaqişənin yenə də uzunmüddətli passiv dönəmə keçdiyini, bir qism Azərbaycanın diplomatik yolla da olsa, qarşı tərəfi razılaşmaya məcbur edəcəyini düşünür.
Rusiya hamıya yerini göstərdi
Məsələni şərh edən politoloq Zərdüşt Əlizadə "Reytinq"ə deyib ki, əslində, Qarabağ cəbhəsində baş verənlər Rusiyanın bu coğrafiyada güc sahibi olduğunu sübuta yetirdi.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın bu prosesdə söz haqqı yoxdur: "Münaqişənin və regionun ağası olan Rusiya hamıya yerini göstərdi və dedi ki, hər şey mən deyən kimi olmalıdır, bununla da hər şey qutardı.
Asılı dövlətlərin müstəqil siyasət yürütmək imkanları yoxdur. Ona görə də baş verənlərin hansısa nəticəyə gəlməsində Azərbaycanla Ermənistanın rol oynaması mümkün deyil".
Qısamüddətli təlatümə gəlincə, politoloq bildirib ki, o da keçib getdi, camaatın beyinində xatirələr qaldı: "Erməni tərəfi qələbə, Azərbaycan tərəfi Qarabağın qaytarılması haqqında xəyallara daldı, amma sonda xəyallar puç olub getdi".
Maraqlıdır, bu proses hər iki ölkədəki hakimiyyətlərə nə verdi?
Z.Əlizadənin iddiasına görə, bu proses hakimiyyətlərə imkan yaratdı ki, Qarabağ halvasını növbəti dəfə xalqa yedirtsinlər və büdcə pullarının cibiştana ötürülməsi ilə məşğul olsunlar: "Guya hansısa sosial partlayışı, gərginliyi önləmək üçün belə bir təlatümü yaratmaqla bağlı deyilənlər də cəfəngiyyatdır. Azərbaycanda heç bir sosial partlayış yox idi, camaat quzu kimi yaşayırdı. Bu, regionun ağasının bir oyunu idi, istədiyini elədi və bitdi".
Münaqişə zamanın ixtiyarına buraxılmamalıdır
Milli Məclisin deputatı Fərəc Quliyev isə "Reytinq"ə bildirib ki, baş verən döyüşlərdən sonra Azərbaycanın diplomatik mövqeyi möhkəmlənib və aprel döyüşlərindən sonra diktə edən tərəfə çevrilib: "Vəziyyət bu şəkildə davam eləsə, bizə savaşı durdurmağı, prosesin dinc yolla həll olunmasını arzu və vəd edənlər hərəkətsiz qalacaqsa, heç nə dəyişməyəcək. Hesab edirəm ki, qısa zaman kəsiyində bu məsələyə son qoyulmalıdır. Danışıqlar mərhələsində sülhə çatana qədər o məsələ də razılaşdırılmalıdır ki, müzakirələr hansı zamana qədər davam edə bilər.
Bilirsiniz, danışıqlar aparırıq deyə, uzun zaman keçməsi də qəbuledilməzdir. Düşünürəm ki, konkret zaman göstərilməlidir".
F.Quliyev prezidentlərin son görüşünə də toxunaraq qeyd edib ki, nəticəsindən asılı olmayaraq görüşdə Azərbaycan hərtərəfli şəkildə Ermənistandan üstün idi:
"Azərbaycan görüşə qədər həm diplomatik, həm də hərbi sahədə uğurlar əldə edib. Ermənilərin arzusu status-kvonun saxlanmasından ibarət idi. Düşmən tərəfi daxili auditoriyalarına istiqamətlənmiş addım atmaq istəyirdi. Onlar düşünürdülər ki, atəşkəs rejimi yenidən bərpa ediləcək, müharibə olmayacaq. Amma Vyana görüşündə Azərbaycan öz mövqeyindən geri çəkilmədiyini bir daha göstərdi".
Deputatın sözlərinə görə, Rusiya ədalətli mövqe göstərərək münaqişənin tez bir zamanda həllinə çalışmalıdır: "Rusiya rəsmiləri hesab edirdilər ki, münaqişənin dondurulmuş şəkildə qalması daha xeyirlidir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan öz fikrində dayanaraq bildirdi ki, mənasız danışıqlarla münaqişənin həllini uzatmaq bizə sərf etmir. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanın ixtiyarına buraxılmalı deyil. Burada bir yol var - o da işğalçının Azərbaycan torpaqlarını tərk etməsidir".
Döyüşlərdəki uğur danışıqlar masasında uduzulub?
Müsavat Partiyasının başqanı Arif Hacılı isə bizimlə söhbətində qeyd edib ki, Azərbaycan hakimiyyəti danışıqlarda müzakirə olunan məsələlərin mahiyyəti barədə xalqa məlumat vermir: "Digər tərəflərin açıqlamalarından o nəticəyə gəlmək olar ki, hakimiyyət aprel ayında döyüş əməliyyatlarında qazanılmış uğurların nəticələrini danışıqlar masası ətrafında uduzub. Təbii ki, belə danışıqlar Azərbaycanın maraqlarını əks etdirə bilməz. Odur ki, Azərbaycan hökuməti diplomatik sahədə təşəbbüskarlığı artırmaqla bu məsələnin ümummilli məsələ olduğunu dərk etməlidir".
Partiya başqanı hesab edir ki, danışıqlar davam etdirilməli, lakin bu amil öz ərazilərimizdə suverenliyimizin təmin edilməsi üçün digər mümkün addımların atılmasına mane olmamalıdır.
Atəşkəsdən yenə ermənilər yararlanacaq
ADP sədrinin müavini Taliyyət Əliyev isə "Reytinq"in əməkdaşı ilə söhbətində bildirib ki, aprel döyüşləri lazım idi.
Onun qənaətincə, 20 ildən artıq bir müddət idi ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqların heç bir nəticəsi yox idi, çünki bu danışıqlarda Ermənistan özünü qalib kimi aparırdı və etiraf etməliyik ki, psixoloji üstünlük də onların tərəfində idi: "Ona görə heç bir kompromisə getmək istəmirdilər. Aprel döyüşlərində itkilərimiz olsa da, faktiki olaraq bu itkilərin müqabilində işğalda olan ərazilərimizin bir qismini azad etdik və düşmən tərəfə sarsıdıcı zərbə endirildi. Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu artıq 20 il bundan əvvəlki deyil. İndiki Azərbaycan Ordusu erməni silahlı qüvvələrindən həm canlı qüvvə, həm də hərbi texniki-təchizat baxımından müqayisəolunmaz dərəcədə üstündür. Azərbaycan Ordusunun aprel döyüşlərindəki uğurları bundan sonra aparılacaq danışıqlarda psixoloji üstünlüyü bizim xeyrimizə dəyişdi.
Erməni tərəfi də artıq fərqindədir ki, müharibə olacağı təqdirdə onun məğlubiyyəti qaçılmazdır. Ona görə də problemin təkrar masa üzərinə oturdulmasında daha çox erməni tərəfi maraqlıdır. Bundan sonra aparılacaq danışıqların perspektiv məsələsinə gəldikdə isə, hələ nikbinlik üçün əsas yoxdur.
Sonuncu Vyana görüşündə əldə olunan razılaşma cəbhə xəttində atəşkəslə bağlıdır. Əgər bundan sonrakı danışıqlarda problemin həlli ilə bağlı konkret addımlar atılmayacaqsa, bu atəşkəsin Azərbaycana heç bir xeyiri olmayacaq. Çünki işğal olunan Azərbaycan torpaqlarıdır, bu atəşkəsdən yenə ermənilər yararlanacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi əldə edilən psixoloji üstünlükdən və regionda, o cümlədən dünyadakı mövcud situasiyadan səmərəli istifadə edərək Dağlıq Qarabağ probleminin həllinin beynəlxalq hüquq müstəvisinə daşınması istiqamətində bütün imkanlarını səfərbər etməlidir. Çünki 20 ildən artıq aparılan danışıqlar göstərdi ki, bu problemin həlli siyasi danışıqlarla alınmayacaq. Siyasi danışıqları aparan ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin hər birinin bu regionda siyasi maraqları var və maraqların toqquşması da problemin həllinə imkan vermir. Ona görə də problemin həllinə beynəlxalq hüquq normaları prinsipindən yanaşmaq lazımdır. Bu olmayacaqsa, siyasi danışıqlar nəticəsiz qalacaq, gec və ya tez Azərbaycan işğalda olan torpaqlarını müharibə yolu ilə azad etməli olacaq".
T.Əliyevin sözlərinə görə, Vyana görüşü də göstərir ki, danışıqlar Azərbaycanın xeyrinə aparılmır.
"Təklif edirlər ki, cəbhə xəttində kameralar quraşdırılsın və ya cəbhədə yaranmış insidentlərlə bağlı monitorinq qrupu və ya komissiya formalaşdırılsın. Bunlar hamısı baş qatmaqdır və beynəlxalq hüquqa ziddir. İşğala məruz qalan dövlətin haqqıdır ki, öz torpaqlarını işğaldan azad etsin. Kamera quraşdırmaq istəyirlərsə, getsinlər, Naxçıvanla Ermənistan sərhədində quraşdırsınlar və bir daha görsünlər ki, işğalçı kimdir. Yoxsa Qarabağ torpaqlarımız işğal olunub, bunlar da deyirlər ki, cəbhə xəttində müşahidə kamerası quraşdıraq, görək kim atəşkəsi pozur. Bunların məntiqi ilə torpağımı işğal edənə mən güllə atmamalıyam. Bu, cəfəngiyyatdır və Azərbaycana qarşı hörmətsiz münasibətdir. Hesab edirəm ki, aparılan siyasi danışıqlarda Azərbaycan tərəfinin ermənilərə yalnız bir güzəşti ola bilər - torpaqlar qaytarıldıqdan sonra onlara vətəndaşlıq hüququnun verilməsi. Başqa heç bir güzəştdən söhbət getməməlidir",- deyə ADP yetkilisi əlavə edib.
"Xalqımız güclü, iqtidar cəsarətsizdir"
Politoloq Zəlimxan Məmmədli də analoji mövqedədir. Onun fikrincə, son 23 ildə ilk dəfə idi ki, Azərbaycan iradə nümayiş etdirib, işğal olunmuş ərazilərinin güc tətbiqi ilə azadetmə hüququndan yararlanıb:
"Bəlli oldu ki, biz qalib gələ, toparlana, əhəmiyyətli çevrənin dəstəyini qazana və haqlı mövqeyimizi beynəlxalq birliyə sübut edə bilərik. Gerçəkdən bu gün də o fikirdəyəm ki, Azərbaycan müharibə aparmaq qabiliyyətindədir, millətimiz vətən uğrunda döyüşməyə hazırdır və geci-tezi bu yol alternativsiz yolumuzdur.
Bu, baş verən prosesin pozitiv tərəfidir. Yox, əgər Rusiyanın cənginə keçib, başımızı onun qoltuğuna soxsaq şah damarımızı sındıracaq və Şimali Azərbaycan kimi mövcudluğumuz ciddi sual altına düşəcək.
Rusiyanın ildırım sürətli diplomatik həmlələri bu mütərəqqi prosesi ləngitdi. Kreml bu məsələdə mütləq söz sahibi olduğunu həm beynəlxalq ictimaiyyətə, həm də obıvatelə sübut etməyə girişib. O, özünü Azərbaycan hakimiyyətinin sahibi kimi aparmaq istəyir. Bu, millətimizə, dövlətimizə və iqtidara təhqirdir".
Politoloq deyib ki, biz 2 Aprel sınağından çıxmış nisbi qalib tərəf kimi, işğalın nəticələrini öz gücümüzə güvənərək aradan qaldırmalıyıq. Rusiyaya ümid etmək isə işğalçı Ermənistanın saxta humanizminə ümid etmək kimidir: "Hakimiyyətimiz özünü azad, xalqın iradəsinin ifadəçisi kimi aparmağa məhkumdur. Hər hansı təslimçilik və mücərrəd, milli maraqlarımızı təhdid edən danışıqlardan imtina edilməlidir. İşğal faktı aradan qalxmadan Ermənistanla bütün səviyyələrdə təmaslar dayandırılmalıdır. İşğal faktı tam aradan qalxdıqdan sonra Dağlıq Qarabağın statusu ölkə konstitusiyasına uyğun müəyyənləşdirilməlidir”.
Sonda Z.Məmmədli qeyd edib ki, onu inamlı danışmağa vadar edən əsas amil xalq faktorudur: "Xalqımız güclü, iqtidar isə cəsarətsizdir. Bu "defekt"imiz düzəlməlidir. Bu olacağı təqdirdə qələbə bayramına hazırlaşmalıyıq".
Reyting.az

Bu xəbər oxucular tərəfindən 1114 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |