Şrift:
Azərbaycan Dövlət Pantomima Teatrı Tbilisidə keçirilən beynəlxalq festivalda “Son ştrix” tamaşasını təqdim edib
25.05.2016 [00:55] - Gündəm, Mədəniyyət
Gürcüstan Dövlət Pantomima Teatrının yaranmasının 50 illiyinə həsr olunan Beynəlxalq Teatr Festivalı keçirilib.

Paytaxt Tbilisidə keçirilən festivalda Azərbaycan Dövlət Pantomima Teatrı Xalq Artisti Bəxtiyar Xanızadə və Bəhruz Əhmədlinin “Son ştrix” tamaşası ilə çıxış edib.

Azərbaycanlı aktyorların çıxışları alqışlarla qarşılanıb.

Tamaşada Əməkdar Artist Elman Rəfiyev, aktyorlar Elnur İsmayılov, Bəhruz Əhmədli, Ceyhun Dadaşov, Nurlan Rüstəmov və Rafiz Mehdizadə çıxış ediblər.

Gürcüstan Dövlət Pantomima Teatrının bədii rəhbəri, tanımış rejissor Amiran Şalikaşvili AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan və Gürcüstan Pantomima teatrları dövlət statusuna malik teatrlardır. Bu iki teatrın əməkdaşlığı 1996-cı ildən başlayıb. Amma mənim Azərbaycan mədəniyyəti, incəsənəti, teatrı ilə tanışlığımın tarixi daha qədimdir. Mən özümü azərbaycanlı kimi hiss edirəm. Azərbaycanlı dostlarımın bu gün bizim yubiley tədbirimizdə iştirak etməsi bizim üçün ikiqat sevincdir. Bizim qardaş xalqlar hər zaman bir-birlərini dəstəkləyirlər. Azərbaycanlı qardaşlarımızın 50 illik yubileyimizdə gözəl tamaşa nümayiş etdirmələri bizim üçün böyük fərəhdir. Azərbaycanlı aktyorlar gürcü tamaşaçıları, qonaqlarımızı valeh etdilər. Bizə belə bir sevinci bəxş etdiklərinə görə, Azərbaycan Mədəniyyət Nazirliyinə, Dövlət Pantomima Teatrının kollektivinə minnətdaram”.

Bədii rəhbər bildirib ki, teatr, mədəniyyət adamlarının qarşılıqlı səfərləri, maraqlı teatr səhnələrini nümayiş etdirmələri ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə inkişafına təkan verir.

Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri, Xalq Artisti Bəxtiyar Xanızadə deyib: “Gürcüstanda dəfələrlə qastrol səfərlərində olmuşuq. Gürcüstanda Azərbaycana böyük maraq, isti münasibət, xüsusi rəğbət var. Bu da bizi daha məsuliyyətli olmağa, daha yaxşı əsərlər hazırlamağa sövq edir”.

Gürcüstan Pantomima Teatrı ilə 20 ildir əməkdaşlıq etdiklərini vurğulayan B.Xanızadə deyib ki, bu əməkdaşlıq dostluq və mədəni əlaqələrimizin inkişafına da təsirsiz ötüşməyib. Biz birlikdə daha çox işlər görürük və bundan sonra da görəcəyik.

Tamaşaçı Cemal deyir: “Azərbaycanlı aktyorların təqdim etdikləri tamaşada xeyirlə şərin mübarizəsi əks olunub. Ürəyi, qəlbi həyat eşqi ilə dolu olan bir insan qurur, yaradır. Lakin bəziləri onun yaratdıqlarını dağıdır viran qoyur. Bir insan mələk kimi yaxşılığı, gözəlliyi tərənnüm etdirir, başqa biriləri onu iblisə dönməyə vadar edirlər. Sonda aktyorun məşhur “Nəsimi” filmindəki musiqi sədaları altındakı hərəkəti daha valehedici idi. Mən azərbaycanlı aktyorların çıxışından çox razı qaldım”.

Digər tamaşaçı, kino aktyorluğu üzrə təhsil alan tələbə Nino Teladze isə bildirib: “Bu tamaşa mənim bu günə qədər aldığım ən gözəl dərs oldu. Azərbaycandan gəlmiş aktyorların səhnə mədəniyyəti, danışmadan, hadisələri tamaşaçıya hərəkətlərlə çatdırmaları olduqca yüksək peşəkarlığın nümunəsi idi. Çox istəyərdim ki, onların tamaşalarına bir daha baxam”.

Qeyd edək ki, mayın 20-də başlayan və mayın 25-dək davam edən festivalda Azərbaycan teatrı ilə yanaşı, Polşa, Yaponiya, İsrail və Gürcüstan Dövlət Pantomima teatrlarının tamaşaları nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed