Şrift:
Ermənilərin qorxusu daha da artdı: Azərbaycanın dostu müdafiə naziri oldu
26.05.2016 [16:25] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyin olunmasından sonra Azərbaycanla yüksək səviyyədə olan mövcud hərbi texniki əməkdaşlıq daha da inkişaf etdiriləcək.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Azərbaycana dost münasibəti ilə seçilən Aviqdor Libermanın İsrailin müdafiə naziri təyin olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Aviqdor Liberman Azərbaycanın dostu olan bir şəxsdir və onun müdafiə naziri vəzifəsinə təyinatı Azərbaycan-İsraril münasibətlərini daha da gücləndirəcək: "Ümumiyyətlə, Azərbaycan-İsrail münasibətləri həmişə xoş olub və bu qarşılıqlı olub. Azərbaycanda çox tolerant ölkə olaraq bütün etnoslara, eyni zamanda burada yaşamış və indi yaşayan yəhudilərə qarşı gözəl münasibət bəslənilib. Yəhudilər dünyanın harasında yaşasalar, bunu həmişə etiraf edirlər. İsraildə, yəhudilərdə Azərbaycana qarşı çox böyük sevgi var və biz bunun dəfələrlə şahidi olmuşuq. Ona görə də strateji məsələlərdə İsraillə Azərbaycan arasında tərəfdaşlıq öz yerində, amma bu iki xalq arasında da bir-birinə qarşı böyük sevgi var. Dostumuz Libermanın müdafiə naziri postuna təyin olunması bu məsələni daha da gücləndirəcək, yeni bir üstünlük verəcək".

Millət vəkilinin fikrincə, Libermanın bu təyinatından sonra İsraillə Azərbaycan arasında yüksək səviyyədə olan mövcud hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdiriləcək: "Dövlətlərin bir-birinə münasibəti institutlaşmış məsələdir. Bu vəzifədə hər hansı başqa fərd olsaydı da, bu münasibət dəyişməyəcəkdi. Bu, dövlətlərarası münasibətlərdir. Zaman elə gətirib ki, bəzi dostlarımız və düşmənlərimiz eynidir. Üstəlik, bu xalqların bir-birinə tarixi bağlılığı və tarixi sayqısı var. Bu əməkdaşlıq kimin nə etməsindən, hansısa etirazlarından asılı olmayaraq davam edəcək. Amma daha yaxın bir dostumuzun da birbaşa vəzifə başında olması da bu sahədə işləri daha da sürətləndirəcək və o da bu işlərin öhdəsindən sevə-sevə gələcək.

Dağlıq Qarabağ münaqişəsi bölgəsində cəbhə xəttindəki məlum aprel döyüşlərindən sonra ermənilər Azərbaycanla sıx hərbi-texniki əməkdaşlıq etdiyinə görə İsraili ciddi tənqid etdilər, bəzən isə bu ölkəyə qarşı açıqcasına düşmən münasibət sərgilədilər. Təbii ki, erməni tərəfi çalışacaq ki, bizim dostlarımız az, düşmənlərimiz çox olsun. Amma bizim onların istəklərinə alternativ davranışlarımız var. Hesab edirəm ki, son 20-25 ildə Azərbaycanın dostlarının sayını artırıb düşmənlərini azaltması işi ermənilərdən qat-qat yaxşıdır və istiqamətdəki uğurlarımız davam edəcək".

"İsrail-Azərbaycan" beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak isə Trend-ə açıqlamasında deyib ki, A.Liberman bu vəzifədə müdafiə sahəsində deyil, xarici və strateji siyasətdə, xüsusilə İsrailin region ölkələri ilə qarşılıqlı əlaqələrində böyük təcrübəyə malik insan kimi böyük fayda verəcək: "Azərbaycan üçün də fayda görürəm. Liberman əvvəlcədən Azərbaycanla sıx əlaqələr qurmağa və möhkəmləndirməyə başlayan siyasətçi olub. Onun sayəsində hazırda iki ölkənin belə yüksək səviyyəli əməkdaşlığı var, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində".


Qeyd edək ki, İsrail XİN-in sabiq rəhbəri və "İsrail bizim evimizdir" mühafizəkar partiyasının lideri Aviqdor Liberman dünən ölkəsinin müdafiə naziri vəzifəsinə təyin edilib. Azərbaycana dost mövqeyi ilə seçilən A.Liberman hətta Azərbaycanda olarkən: "Burada özümü vətənimdəki kimi hiss edirəm", - deyə bildirmişdi.

İlkin İzzət

Milli.Az
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed