Şrift:
Azərbaycanda bələdiyyələrlə bağlı yeni təkliflər
26.05.2016 [19:28] - Xəbərlər, Sosial
Azərbaycanda bələdiyyələrlə bağlı Milli Məclisə təqdim edilmiş yeni təkliflərə əsasən, vergi və ödənişlərin yığılmasında istifadə olunan sənədlərdə dəyişiklik edilməsi nəzərdə tutulur. Bunu Nəsimi bələdiyyəsinin sədri, Milli Məclisin bələdiyyələr üzrə işçi qrupunun üzvü Nazim Qaraxanov deyib.

N.Qaraxanov bildirib ki, dəyişikliklər, əsasən, bələdiyyə yığımlarının təkmilləşdirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, ixtisaslaşmış avtomobil dayanacaqlarının, hotellərin və s. obyektlərin xidmətlərindən istifadə edən zaman vətəndaşlara verilən qəbzlərin aşağı hissəsində bələdiyyə yığımları ayrıca qeyd ediləcək.

Bələdiyyə sədri qeyd edib ki, bələdiyyə ərazisində fəaliyyət göstərən ixtisaslaşmış avtomobil dayanacaqları, hotellər və digər obyektlər bələdiyyənin ödənişini mütləq şəkildə həyata keçirməlidir: "Lakin bu gün həmin tip obyektlər hələ də bələdiyyəyə ödəniş etməkdən yayınırlar. Lakin yayınmalar heç bir nəticə verməyəcək. Ümidvarıq ki, bu yayınmaların qarşısı yaxın müddətdə alınacaq".

N.Qaraxanov vurğulayıb ki, hesabat dövrünə aid olmayan əvvəlki 3 ilin bələdiyyə ödənişləri də qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə yolu ilə alına bilər.

Bələdiyyəyə ödənişlərin qəbzə əlavə edilməsinin qiymət artımına səbəb olub-olmayacağına gəlincə isə N.Qaraxanov bildirib ki, bələdiyyə ödənişləri o qədər də böyük məbləğ təşkil etmir: "Tutaq ki, hoteldə bir nəfərin qalması üçün bələdiyyəyə edilən ödəniş 1.10 AZN, ixtisaslaşmış avtodayanacaqda bir avtomobil üçün 0.10 AZN təşkil edir. Bu, qiymətlərə ciddi təsir edəcək məbləğ deyil".

O əlavə edib ki, əgər bələdiyyələrə ödənişlər hamı tərəfindən intizamli şəkildə həyata keçirilsə, bu, bələdiyyələrin maliyyə vəziyyətinə xeyli təsir edə bilər və onlar da vətəndaşların sosial problemlərinin həllində, abadlığın aparılmasında və digər layihələrin həyata keçirilməsində daha yaxından iştirak edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed