Şrift:
Qarsda 28 May - Respublika Günü qeyd olunub
27.05.2016 [03:35] - Xəbərlər, Bildiriş
Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu 28 May - Respublika Günü münasibətilə bu şəhərdəki “The Kars Park” otelində rəsmi mərasim təşkil edilib.

Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yol, müstəqil dövlətimizin qurucusu olan ziyalılarımızın həyat və fəaliyyəti, cümhuriyyət hökumətinin süqutunun səbəbləri barədə məlumat verən baş konsul Ayxan Süleymanlı

keçmiş sovetlər birliyində baş verən siyasi proseslərə toxunub. O, XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması üçün yenidən tarixi şəraitin yarandığını diqqətə çatdırıb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda yaranan böhranın dövlətimiz üçün yaratdığı təhlükələr barədə ümumi məlumat verən diplomat ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan xalqının yenidən öz dövlət müstəqilliyinə qovuşduğunu, Ulu Öndərimizin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın hərtərəfli dirçəlişdə olduğunu, o cümlədən Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının təmin edildiyini diqqətə çatdırıb.

Baş konsul Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan qardaş Türkiyә Cümhuriyyəti ilә münasibətlərin xüsusi önәm daşıdığını, iki ölkənin bölgədə ən mühüm qlobal enerji və nәqliyyat layihələrinin iştirakçısı və təşəbbüsçüsü olduqlarını, ümummilli liderimiz Heydәr Әliyevin siyasi iradəsi nəticəsində reallaşan Bakı-Tibilisi-Ceyhan әsas ixrac neft vә Bakı-Tibilisi-Әrzurum qaz boru kəmərlərinin ölkәlәrimizi daha sıx birlәşdirdiyini vurğulayıb. Azәrbaycan və Türkiyә münasibәtlәrindә Qarsın müstәsna yeri olduğunu vurğulayan A.Süleymanlı qeyd edib ki, bu şəhər iki ölkə arasında dostluğun və qardaşlığın mәrkәzinə çevrilib. Qarsın Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri ilə qardaşlaşması deyilənlərə bariz nümunədir.

Xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edən Qars vilayətinin valisi Günay Özdəmir Azərbaycan və türk xalqlarının dini, milli, mədəni ortaqlıqlarından danışıb. O qeyd edib ki, xalqlarımızın qardaşlığı ölkələrimiz üçün ən böyük sərvətdir. Azərbaycan xalqının tarix boyu böyük qurbanlar verərək öz müstəqilliyini əldə etməsini və qoruyub-saxlamasını böyük tarixi nailiyyət kimi qiymətləndirən vali bildirib ki, bu yolda Türkiyə hər zaman Azərbaycanın yanındadır və qardaş ölkəyə dəstəyini bundan sonra da davam etdirəcək.

Çıxışlardan sonra baş konsul və vali iki ölkənin bayraqlarını əks etdirən bayram tortunu kəsiblər, baş konsulluq tərəfindən mərasim iştirakçılarına rəsmi ziyafət verilib.

Tədbir yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed