Şrift:
Abbas Lisani: “Həbsdən artıq nə olacaq ki…?!”
01.06.2016 [10:33] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Ərdəbildə yaşayan milli fəal, Güney azərbaycanlıların hüquqları və ana dili uğrunda mübarizə aparan Abbas Lisani mayın 25-də növbəti həbsdən azad olunub. Lisani Şiraz həbsxanasından mayın 25-də çıxsa da, evinə mayın 26-da axşam gəlib çıxa bilib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları onu Şirazda bir körpünün altına buraxıb gediblər.
A.Lisani Urmu gölünün qurudulmasına etiraz etdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beş gündən sonra isə həm özü, həm də həyat yoldaşı Ruqəyyə xanım yenidən məhkəmə qarşısına çıxarılacaq. Hər ikisi İranın «Fitilə» proqramında ana dilinin təhqir edilməsinə qarşı etirazlara görə ittiham olunur. (Keçən ilin noyabrında İranın IRIB TV-2 kanalında uşaqlar üçün nəzərdə tutulmuş həmin proqramda azərbaycanlı uşağın tualet fırçası ilə diş fırçasını səhv salması, dişlərini tualet fırçasıyla təmizləməsindən bəhs olunurdu. güney azərbaycanlılar buna kütləvi etiraz aksiyaları keçirmişdilər -red).

Bu haqda A.Lisani Azadlıq Radiosuna müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:

– Budəfəki həbsim Urmu gölünün qurudulmasına etirazıma görəydi. Bir il müddətinə həbs olunmuşdum. Şirazın Adilabad həbsxanasında qaldım. Həm də «Fitilə» proqramında göstərilənlərə etiraz etdiyimə görə həbs olunmuşdum. Buna görə mənə ittiham irəli sürdülər, hökumət əleyhinə təbliğatda günahlandırdılar. 15 milyon tümən girov tələb elədilər. Mən qəbul eləmədim, buna qarşı aclıq aksiyası keçirdim. Aclıq aksiyası müddətində tanınmış milli fəallar və ağsaqqallar tələb olunan 15 milyonu ödədilər. Ona görə də Urmu gölü ilə bağlı həbsim bitəndən sonra azad olundum. Ancaq bilmirəm nigarançılıqları nədən idi, hətta Şiraz həbsxanasının qarşısında da məni sərbəst buraxmadılar. Bir maşına mindirdilər. Maşının da pərdələrini bağladılar. Gətirib körpünün altında düşürtdülər. Dostlar gəlib məni apardı. Niyə belə elədilər, hələ də bilmirəm.

– Abbas bəy, indiyə qədər neçə dəfə həbs olunmusunuz?

– İnanın, həbslərin sayı yadımda deyil.

– Az qala, hər etirazdan sonra müxtəlif müddətlərə azadlıqdan məhrum edilirsiniz.

– (Gülür) Bəlkə mənə artıq məhəbbətləri var?

– Həbsdə Sizə münasibət necə olur?

– Mən Ərdəbil, Təbriz, Urmu, Xoy, Şiraz həbsxanalarında olmuşam. İranda siyasi və əqidə məhbusları ilə davranış daha sərtdir. Belə deyim, münasibət yaxşı deyil, siyasi məhbuslar incidilir. Siyasi məhbusların başqa məhbuslarla bir yerdə saxlanmağı da düzgün deyil..

– Sizə qarşı əvvəlki həbslərdə işgəncələr olmuşdu. Sonuncu həbsdə də işgəncə verildimi?

– Yox, son həbsdə işgəncə olmadı. Bayaq dediyim kimi, özüm aclıq aksiyası keçirmişəm.

– Eşitdiyimizə görə, «Fitilə» işinə görə başqa fəallar da həbs edilmişdi. Onların durumu necədir?

– Bəli, məndən başqa da həbs edilənlər olmuşdu. Elə Ərdəbildə «Fitilə» məsələsinə görə 7 nəfər həbs edilmişdi. Onlardan biri azadlığa buraxılıb. Təbrizdə də bu işə görə milli fəallardan həbs edilənlər var. Ümumilikdə bu işə görə 15-ə yaxın azərbaycanlı fəal həbs edilib.

– Bundan əvvəlsə Siz Beynəlxalq Ana dili Günündə həbs olunmuşdunuz. Ana dilinin indiki durumu necədir?

– Milli haqlarımızı qazanmaq üçün bütün çalışmalara baxmayaraq, təəssüf ki, irəliləyiş yoxdur. Özü də bu haqlarımız Konstitusiyada (Anayasa) da var. Bizim bu hüquqlarımız uğrunda mübarizəmiz ölkə təhlükəsizliyinə zidd sayılır. Hüquqlarımız tapdalanmaqda davam edir. Ana dilinin durumuna baxsaq, geriləmə var, irəliləyiş yoxdur.

– Həbsdən çıxdınız. Sonrakı fəaliyyətiniz necə olacaq?

– İndiyə qədər gördüyümüz işlər nəticəsində milli haqlarımızdan bizə zərrə qədər də verilməyib. Haqlarımız təmin olunan günədək bu işlər davam edəcək. Nə qədər ki, nəfəsim gəlir-gedir, millətimin qulluğunda olacağam.

– Sizinlə bir müsahibəmizdə demişdiniz ki, «ana dili və insan haqları azad olmayınca, azadlığımızın anlamı yoxdur».

– Buna zərrə qədər şübhə olmamalıdır. Təxminən 5-6 gündən sonra həyat yoldaşım Ruqəyyə xanımla yenidən «Fitilə» məsələsinə görə məhkəmə qarşısına çıxarılacağıq.

– Bu məhkəmədən gözləntiləriniz nədir?

– Vallah, hərdən bunların necə davranacaqlarını bilmirəm. Mənim işim millətimizin haqlı istəklərinə görədir. Həmişə də bunu müdafiə edəcəyəm. Hər nə qərar versələr, mənim üçün önəmli deyil. Uzağı həbs olacaq. Ondan artıq nə olacaq ki? Ondan artığına da çoxdan hazırıq.
Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed