Şrift:
"Günəşli"də qəza baş vermiş özüldə təmir-bərpa işləri başa çatır
25.06.2016 [00:34] - Gündəm, İqtisadiyyat
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə 28 May adına NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla davam etdirir.

SOCAR-ın saytı məlumat verir ki, qəzanın aradan qaldırılması istiqamətində aparılan işlərlə tanış olmaq məqsədilə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi heyət özülə baxış keçirib. Bildirilib ki, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək dik və çəp dirəklər, alt rabitələr, döşəmələr, modullararası arakəsmə, konsol quraşdırılıb, heyətsiz sualtı aparatlar vasitəsilə xətlərin mövcud vəziyyəti yoxlanılıb, vertolyot meydançasının tavan hissəsi və yaşayış bloku təmizlənərək rənglənib. Elektrik xətlərin çəkilişi və işıqlandırma işləri davam etdirilir, iki əsaslı təmir qülləsi quraşdırılır. Quyu manifoldların quraşdırılması qısa zamanda həyata keçiriləcək.

İşçi heyət quyuətrafı zonanın bərpadan sonrakı texniki vəziyyəti ilə tanış olub. Bildirilib ki, quyuətrafı zonada yanğından mühafizə sistemi quraşdırıldıqdan sonra 43 və 340 nömrəli quyularda əsaslı təmirə başlanılacaq. Hər bir quyuya nəzarət sistemi ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunacaq.

Baş direktor özüldə həyata keçiriləcək təmir-bərpa işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasının vacibliyini vurğulayıb, quyuların təkrar istismara qaytarılması üçün lazımi avadanlıqlarla təmin olunması üçün müvafiq göstəriş verib.

D.İskəndərov görülən təmir-bərpa işləri ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib, qeyd edib ki, 10 saylı dərin dəniz özülü ən yüksək səviyyədə bərpa olunacaq və yeni özüldən seçilməyəcək.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed