Şrift:
Xocalıda ilk qırğınları Köçəryan törədib
25.02.2012 [13:24] - DAVAMın yazıları
Akif Aşırlı - "Şərq" qəzetinin baş redaktoru

1992-ci il fevralın 25-dən 26-na keçən gecə 106-sı qadın, 63-ü uşaq olmaqla 613 nəfərin qətlə yetirildiyi, 1275 nəfərin girov götürüldüyü, 1000-dən çox mülki əhalinin yaralandığı Xocalı soyqırımından 20 il ötür. Beynəlxalq cinayət faktı kimi tarixin qanlı səhifəsinə çevrilən, millətçi erməni yaraqlılarının və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilən bu soyqırım miqyasına görə Naqasaki, Xatın kimi bir çox bəşəri cinayətlərlə eyniyyət təşkil edir.

Silahsız, mülki əhali bir gecədə qətlə yetirilib, yaxasını qurtarmaq istəyən yaşlılara, xəstələrə aman verilməyib, girov götürülənlər insanlığa yaraşmayan bir tərzdə işgəncələrə məruz qalıblar. Ermənilərin törətdikləri bu bəşəri cinayət hələ 1993-cü ildə ABŞ Konqresi tərəfindən "ilin faciəsi" kimi qiymətləndirilib. Avropanın onlarla ölkəsində erməni lobbisinin təzyiqi, əks fəaliyyətlərinə baxmayaraq bu soyqırım aktı dünyanı sarsıdan olay kimi diqqətdə saxlanılıb. Hadisədən dərhal sonra "Vaşinqton-Post", "Faynenşl Tayms", "Le Mond", "İzvestiya", "Tayms", "Qolos Ukrainı" qəzetləri erməni yaraqlılarının dinc Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırım cinayətini faktlarla dünya ictimaiyyətinə çatdırıblar. Təşkilati və hüquqi baxımdan fəaliyyətini yenicə qurmuş Rusiyanın "Memorial" hüquq-müdafiə təşkilatı Xocalı soyqırımından bir neçə gün sonra Qarabağa səfər edərək, baş verənlərin soyqırım cinayətlərinə aid olduğunu hesabatlarına daxil edib.

Terrorçuluğu, etnik millətçiliyi Ermənistanın dövlət siyasətinə çevirmək istəyənlər Xocalıda baş verən soyqırım hərəkətlərini etiraf etməsələr də, faciənin iştirakçısı olmuş Davud Xeyriyan, Zori Balayan öz kitablarında soyqırım törədildiyini etiraf etməyə məcbur olmuşlar. Davud Xeyriyan yazır: "Martın 2-də (1992-ci il - red.) erməni "Qaflan" qrupu 100-dən artıq azərbaycanlının meyitini toplayıb Xocalının təxminən 1 km Qərbində yandırdı".

"İzvestiya" qəzetinin əməkdaşı V.Bellax törədilən bu faciəni öz gözləri ilə görərək, baş verənlərdən sarsıntı keçirərək qarşılaşdığı qanlı mənzərəni belə qeyd etmişdi: "Ağdama meyitlər gətirilirdi. Tarixdə beləsi görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi".

Bu erməni Xeyriyanın insanlıq və həqiqət qarşısında dəhşətli etirafıdır. Erməni terror təşkilatı ASALA-nın fəal yaraqlılarından olan Vazgen Sisanyan Xocalıda azərbaycanlı körpələri bir yerə yığaraq öldürdüyünü etiraf etməkdən belə çəkinməyib. Məhz Sisanyanın bu qeyri-insani hərəkətlərinə görə eks-prezident R.Köçəryan onu Qarabağ müharibəsinin qəhrəmanı kimi mükafatlandırıb.

Bu törədilən soyqırımdan əvvəl, 1988-ci ildən başlayaraq Xocalıya erməni silahlıları bir neçə dəfə basqın edib, evləri yağmalayıb, dinc insanları qətlə yetirdikləri fakt olaraq insanların yaddaşından silinməyib. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədləri əsasında hazırlanan, 2004-cü ildə "Vətən" nəşriyyatı tərəfindən işıq üzü görən "Erməni cinayətləri" kitabında bu barədə kifayət qədər məlumatlar sadalanır.

Şahid ifadələri, istintaq araşdırmaları zamanı Xocalıya 1988-ci ildə ilk hücumu təşkil edən Xankəndi İpək kombinatının tokarı, partiya komitəsi katibi Robert Köçəryanın təşkil etdiyi sübuta yetirilir. Bu şəxs Qarabağda müharibə alovunu yandırıb, azərbaycanlılara qarşı terror hərəkətləri törədən, etnik təmizləmə siyasəti aparan və törətdiyi bu qanlı əməlləri müqabilində Ermənistan Respublikasının prezidenti seçilən həmin R.Köçəryandır. İpək kombinatında çalışdığı zaman azərbaycanlılara qarşı amansız davranışı ilə seçilən R.Köçəryanın bu basqınlarda iştirakı onu tanıyanların ifadəsi ilə təsdiqlənir.

Köçəryan, Arkadi Qukasyan və Ermənistan Respubliksının hazırkı prezidenti Serj Sarkisyanın təşkilatçılığı ilə Xankəndi İpək Kombinatının tokar sexində hazırlanan silahlarla yaraqlanan erməni bandası 1988-ci il fevralın 18-də Xocalıya ilk hücum təşkil etdi. Bu basqın nəticəsində Xocalının girəcəyindəki 4 ev qarət olunaraq yandırıldı. Bir neçə dinc sakin odlu silahdan atəş nəticəsində yaralandı. Mülki əhalinin müqavimətini görən R.Köçəryanın rəhbərlik etdiyi talançı dəstə geri çəkildi. Xocalıdan sonra Köçəryan eyni ssenari ilə növbəti qırğını 1988-ci il sentyabrın 16-da Xankəndidə törətdi. İstintaq materialları və arxiv sənədlərindən, şahid ifadələrindən bəlli olur ki, Sarkisyanın, Qukasyanın, Samvel və Korol Babayan qardaşlarının terrorçu, ekstremist bandasının başında dayanan Köçəryanın təlimatı ilə 1988-ci il sentyabrın 16-da Xankəndidə azərbaycanlılara məxsus 50 ev qarət olunaraq yandırılıb.

Sonra bu silahlı erməni bandası tərəfindən qarətçilik, talançılıq hərəkətləri genişləndirilir və irimiqyaslı terror aktları törədilir. Ağdam-Şuşa marşrutu ilə hərəkət edən avtobusun əvvəlcə daş-qalaq edilməsi, daha sonra atəşə tutulması nəticəsində 25 nəfər mülki vətəndaşın qətli, 1989-cu ildə Ağdamdan Şuşaya uçan "Mİ-8" vertolyotunun vurulması, Malıbəyli kəndinə ilk hücumun da Köçəryanın başçılığı altında törədildiyi MTN-in istintaq materialında öz təsdiqini tapır. Bütün bu sadalanan cinayət faktları Köçəryanın, Serj Sarkisyanın və bu qəbildən olan erməni millətçi kəsiminin Qarabağda törətdiklərinin başlanğıcıdır.

Müharibə ocağını alovlandıran bu insanların əməlləri nəticəsində 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımdan sonra II Qarabağ müharibəsi başladı. 1994-cü ildə atəşkəs rejimi tətbiq olunmasına baxmayaraq hələ də davam edən Qarabağ savaşının sonu isə hələ görünmür. Torpaqları işğal olunan, soyqırıma məruz qalan Azərbaycan isə münaqişənin həllində beynəlxalq vasitəçi olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin nəticəsiz fəaliyyətinə nə vaxtsa son qoyulacağına inanır.

Azərbaycanın işğal olunan ərazilərində, konkret olaraq Xocalıda erməni silahlılarının törətdikləri soyqırım cinayətinin beynəxalq cinayət kateqoriyasına aid olduğunu, nə vaxtsa bu cinayəti törədən bandanın rəhbəri, Ermənistanın eks-prezidenti R.Köçəryanın, indiki prezidenti S.Sarkisyanın Avropa İnsan Hüquqları Məhkəməsində ittiham olunacağı isə tarixin öhdəsindədir.
Bu xəbər oxucular tərəfindən 1505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed