Şrift:
Türkiyədəki terrorda Azərbaycan vətəndaşının iştirakı təsdiqlənərsə…
04.07.2016 [13:56] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu, iki dövlət arasındakı münasibətlərə xələl gətirməyəcək”

İyunun 28-də Türkiyədə Atatürk hava limanında baş verən terror hadisəsindən sonra güc orqanları anti-terror əməliyyatlarını davam etdirir. Əməliyyatlar zamanı saxlanılanlar arasında bir nəfər Azərbaycan vətəndaşının da olduğunu iddia edilir.
Maraqlıdır, məlum terror olayında hansısa Azərbaycan vətəndaşının bu və ya digər dərəcədə əli olduğu təsdiqlənərsə, bu, Azərbaycan-Türkiyə münasibətlərinə mənfi mənada təsir edə, xalqlar arasında etimadsızlıq mühiti formalaşdıra bilərmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev baş verənlərin iki dövlət arasındakı mövcud münasibətlərə xələl gətirməyəcəyini qeyd etdi:
“Azərbaycan vətəndaşları Azərbaycanda da terror hərəkətinə yol veriblər, həbs olunublar. Hətta bir müddət bundan öncə təriqət zəminində terror aktı törətməyə hazırlaşanlar həbs olundu. Xarici ölkələrin əlində alət olub yəhudilərə qarşı terror aktı törətməkdə ittiham olunanlar həbs olundu.
Bütün cəmiyyət və dövlətlərdə terroristlər, cinayətkarlar olur. Terrorçu ölkənin təmsilçisi deyil ki... Bir dövləti prezident, millət vəkili, məmuru təmsil edir. Terroristin etdiyi hərəkət dövlət və millətin iradəsi deyil. Terroristin nə vətəndaşlığı, nə dini, nə milləti var. Harda olmasından asılı olmayaraq, bu cür şəxslərə qarşı mübarizə hər yerdə aparılır və aparılmalıdır. Bu insanların milli mənsubiyyəti deyil, əməlləri əsas götürülür. Ona görə də, əgər bu hadisələrdə hər hansı bir Azərbaycan vətəndaşının əli olduğunu təsdiqlənərsə, bu, qətiyyən Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərməyəcək”.


Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed