Şrift:
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın möhtəşəm tarixi abidələri ilə tanış olublar
09.07.2016 [23:34] - Gündəm, Mədəniyyət
Naxçıvanın möhtəşəm tarixi abidələri ilə tanışlıq “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının iştirakçılarında zəngin təəssürat yaradıb.

Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Beynəlxalq konfransın iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olublar. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti var. Qala yalnız müdafiə məqsədi daşımayıb, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.

Beynəlxalq konfransın iştirakçıları “Əlincəqala” Muzeyi və tarixi abidəsi ilə də tanış olublar.

Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri, Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Buradakı saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Bütün bunlar həm də xalqımızın orta əsrlər dövrünə aid məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır.

Qeyd olunub ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bu gün Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.

Sonra qonaqlar bərpa edilən Gülüstan türbəsinə baxıblar.

Burada beynəlxalq konfransın iştirakçılarına məlumat verilib ki, Gülüstan türbəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Gülüstan türbəsinin sərdabası kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb.

Gülüstan türbəsi ətrafındakı abidələrdən əldə olunmuş arxeoloji materiallar, xüsusən də keramika nümunələri, tikili qalıqları istər yaşayış yerinin tarixinin müəyyənləşdirilməsi, istərsə də türbə ilə bağlı elmi araşdırmaların daha dərindən aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün olduğu kimi, gələcəkdə də dəyərini qoruyub saxlayacaq. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Abidənin ətrafında da abadlıq işləri aparılıb, işçilər üçün inzibati bina tikilib, yaşıllıqlar salınıb.
Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed