Şrift:
Xəzərdə nərə cinsli balıqların sənaye ovuna qadağanın tətbiqinə başlanılıb
27.02.2012 [12:28] - Xəbərlər
Xəzər dənizində nərə cinsli balıqların sənaye ovuna qadağa artıq tətbiq edilir. Bunu bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş məsləhətçisi, Xəzərin Su Bioresursları Komissiyasının daimi üzvü Tariyel Məmmədli deyib.
Onun sözlərinə görə, bu il üçün heç bir Xəzəryani ölkəyə nərə cinsli balıqların sənaye ovunun aparılmasına icazə verilməyib.
Məmmədli Xəzəryanı ölkələrin Xəzər dənizində nərə cinsli balıqların sənaye ovuna qadağanın qoyulması üçün yekun sənədin ölkə prezidentləri tərəfindən də imzalanacağını qeyd edib.
"Moratoriumun qoyulması üçün sənədin imzalanması bir iclasla qurtaran deyil. Sənəd hazırlanıb qol çəkilmək üçün prezidentlərə veriləcək. Buna da müəyyən vaxt lazımdır", - Məmmədli əlavə edib.
O bildirib ki, Xəzərin Bioloji Su Resursları Komissiyasının növbəti iclasında moratoriumla bağlı müzakirələr davam etdiriləcək. Növbəti iclasın bu ilin I rübünün sonlarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcəyi gözlənilir.
Komissiya üzvünün sözlərinə görə, moratoriumun müddəti hələ dəqiq bilinmir. Bu, 5-10 il də ola bilər. Məmmədli növbəti iclasda bu məsələ ilə bağlı müzakirələrin davam etdiriləcəyini deyib.
Qeyd edək ki, İSNA xəbər agentliyinin məlumatına görə, İranın "Şilat" balıqçılıq təşkilatının sədr müavini Əliəsğər Mücahidi Türkmənistanın Xəzərdə nərəkimilərin sənaye ovuna moratoriumun qoyulması ilə razılaşmadığını, bu səbəbdən Xəzərdə nərəkimilərin sənaye ovuna 5 illik qadağanın tətbiq olunmayacağını deyib. Onun sözlərinə görə, Türkmənistan həmin sənədi imzalamayacağını elan edib. İran da Xəzər dənizi ilə bağlı yalnız beş sahilyanı ölkənin imzaladığı sənədləri qəbul etdiyindən, bu razılaşma İslam Respublikası üçün də etibarsızdır.
Məsələyə münasibət bildirən Məmmədli isə deyib ki, Türkmənistan protokola imza atmayıb, amma moratoriumla razılaşmayacağını da bildirməyib.
"Türkmənistan "mən razılaşmayacağam" deməyib. O, iclasın birinin öz ölkəsində keçirilməsini təklif edir. İclas hələ Türkmənistanda keçirilməyəcək. Hələlik diplomatik kanallarla razılaşdırma aparılır. Növbəti iclas Sankt-Peterburqda olmalıdır. İran isə moratoriuma razılaşmaya bilməz. Çünki o, artıq protokola imza atıb", - Məmmədli əlavə edib.
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed