Şrift:
Nazirlər Kabineti "Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası"nı təsdiq edib
28.02.2012 [11:13] - Hüquq
Nazirlər Kabineti "Köçürülmə planı və köçürülmə təlimatının hazırlanması Qaydası"nı təsdiq edib.

Qaydalara əsasən, alınan torpağı tərk etmələri və həmin torpaqdan 100 metrdən uzaq olan yerə köçmələri tələb olunan şəxslərin sayı 200 nəfərdən artıq olduqda, alan orqan köçürülmə planını, digər hallarda isə köçürülmə təlimatını hazırlamaq öhdəliyi daşıyır. Alan orqan alınan torpağı tərk etmələri tələb olunan şəxslərin sayını müəyyənləşdirərkən, layihənin hansı müddət və mərhələlərlə icra edilməsinin planlaşdırılmasından asılı olmayaraq, alınan torpağı tərk etmələri tələb olunan bütün şəxslərin sayını nəzərə almalıdır.

Planlaşdırıcı həmçinin alınmanın təsirinə məruz qalan şəxslərlə və köçürülmə üçün istifadə edilə biləcək ərazilərin sakinləri ilə onların şərtlərini və ehtiyaclarını anlamağa yardım edəcək ictimai iclaslar keçirməlidir. Köçürülmə planının və ya təlimatının layihəsi ictimai iclaslarda münasibət bildirilməsi üçün alınmanın təsirinə məruz qalan şəxslərə təqdim edilməlidir.

Köçürülmə planında və ya təlimatında vətəndaşlar üçün bir sıra tədbirlər nəzərdə tutulur. Bunlar yerdəyişmə zamanı maliyyə və praktiki yardım, alınmanın təsirinə məruz qalan şəxslərin ən azı tərk etdikləri yerin şəraitinə bərabər olan yaşayış yeri, yaşayış sahəsi, kənd təsərrüfatı yerləri və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qeyri-yaşayış sahələri, tələb olunduqda, məbləği və həcmi köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün tələb edilən keçid dövrünün müddəti nəzərə alınmaqla müəyyənləşdirilən maddi və digər yardım, tələb olunduqda, köçürülmədən sonra dolanışıq vasitəsi və yaşayış standartlarını bərpa etmək üçün təlim və digər yardımlardan ibarət ola bilər.

Köçürülmə planına və ya təlimatına alınmanın təsirinə məruz qalan şəxslərin mərhələli yerdəyişməsi və köçürülməsi ilə bağlı ətraflı proqram daxil edilir. Bu proqramda köçürüləcək şəxslərin və onların təsərrüfatlarının dəqiq və tam şəkildə siyahıya alınması barədə məlumat, şəxslərin köçürüləcəyi yer, həmin ərazidə onlara ayrılan torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış sahələrinin ölçüsü və ünvanı barədə məlumat, şəxslərin köçürüləcəyi yerdə kommunal xidmətlərin təşkili və onların, habelə yol və digər infrastruktur obyektlərinin işlək vəziyyətdə olması ilə bağlı görüləcək tədbirlər və bu tədbirlərin başa çatmasına dair məlumat, tikinti işlərinə podratçıların cəlb edilməsi və s. məlumatlar göstərilməlidir. Bundan başqa, sənəddə köçürülmə zamanı sakinlərə veriləcək kompensasiyalar barədə də məlumatlar yer alır. Qaydalara əsasən sakinlərin üstünlük verdikləri kompensasiya növləri, müəyyən edilmiş hər bir iddiaya uyğun gəlmək üçün tələb olunacaq kompensasiyanın məbləği və növü müəyyən olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 1665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed