Şrift:
Bu gün od çərşənbəsidir
28.02.2012 [12:17] - Gündəm
Bu gün Azərbaycanda Novruzun 4 çərşənbəsindən ikincisi – Od çərşənbəsidir.Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Atəşpərəst etiqadlarına görə, "Müqəddəs od"u insana ağac verib. Bu çərşənbədə şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanarlar. İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Od çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən", "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.

Həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu, süfrənin bollu, bərəkətli olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur.

OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK OLSUN
Bu xəbər oxucular tərəfindən 1178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed