Şrift:
Səhiyyə Nazirliyində yeni xidmət - dərmanların qeydiyyatına nəzarət gücləndirildi
03.08.2016 [10:13] - Gündəm, Sağlıq
Dərman vasitələrinin istifadə təlimatlarının təsdiq olunması prosedurunun surətləndirilməsi üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinda tərcümə xidməti yaradılıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 4.2 maddəsində dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərinin ilkin ekspertizasının aparılmasına dair müqavilənin bağlanılması və bu müqavilə əsasında rüsümun ödənilməsi nəzərdə tutulsa da, bu prosedura 2016-cı ilə qədər riayət olunmurdu. Bunu nəzərə alaraq Tarif (qiymət) Şurası ilə danışıqlar aparılıb və ilkin ekspertizanın aparılması üçün tarif təsdiq olunub.

2016-cı ilin 1-ci yarımilliyində dərman vasitələrinin qeydiyyatının aparılmasına dair qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə təkliflər hazırlanıb. Farmakonəzarət xidmətinin yaradılması məqsədi ilə müvafiq qaydalar işlənilib, bu sahə üzrə işləyəcək mütəxəssis xarici ölkəyə təlimə göndərilib. Hazırda dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının elektron sisteminin yaradılması istiqamətində tədbirlər hazırlanır. Bununla yanaşı, dünyanın bir sıra iri dərman istehsalçılarının zavodlarına baxışların keçirilməsi üçün səfərlər təşkil edilib, Qazaxıstanın «Dərman vasitələri, tibbi avadanlıq və tibbi ləvazimatlarının Milli Ekspertiza Mərkəzi» ilə əməkdaşlıq memorandumu hazırlanıb.

2016-cı ilin mart ayından Mərkəzdə “Bir pəncərə” xidməti fəaliyyətə başlayıb, müasir texnoloji-innovativ bilik və bacarıqların praktiki əldə olunması məqsədilə ümumilikdə 30-dan çox əməkdaş yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir. Mərkəzin struktur quruluşu təkmilləşdirilmiş, strateji planı təsdiqlənmişdir. Həmçinin Mərkəzin tamamilə yenilənmiş rəsmi elektron saytı (www.pharma.az) sahibkarların və əhalinin istifadəsinə verilib. Yeni tətbiq olunan axtarış sistemləri vasitəsilə dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş qiymətləri, aptek təşkilatları barədə məlumatlar əldə edilə bilər. Gələcəkdə kargüzarlıq işlərinin daha operativ aparılmasını təmin etmək məqsədilə elektron kargüzarlıq sisteminin yaradılması üçün işlər görülür.

Hazırda “Dərmanların keyfiyyətinə nəzarət (inspeksiya) şöbəsi” yeni struktur dəyişikliyinə uyğun olaraq “Əczaçılıq subyektləri ilə iş şöbəsi” adı ilə öz iş fəaliyyətini davam etdirir. Şöbənin müasir elmi-texniki tərəqqinin tələblərinə cavab verən yeni texniki avadanlıqlar və əyani vəsaitlərlə təmin edilməsi prosesinə başlanmış və uğurla davam etdirilməkdədir. Şöbənin işçilərinin mütəmadi təlim və monitorinqlərdə iştirakını təminatı məqsədilə GPP (“Etibarlı aptek təcrübəsi”), GDP (“Etibarlı distribyutor təcrübəsi”) və GMP (“Etibarlı istehsalat təcrübəsi”) kimi yeniliklərin tətbiqi üzrə qarşılıqlı elmi- praktiki mübadilə əsasında partnyorlarla əsaslı iş birliyinin yaradılması prosesinə daha çox önəm verilməsi xüsusilə qeyd olunmalıdır. Ona görə də əczaçılıq bazarında mövcud olan və ölkəyə idxal olunan dərman vasitələrinin, tibbi avadanlıqların və köməkçi tibbi vasitələrin hərəkətliliyinin daim nəzarətdə saxlanması üçün distribyutorlarla əməkdaşlığın vahid mənbədən idarə olunması prosesində görüləcək işlərin artıq ilkin mənbəyi yaradılıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin ”Qaynar xətt”inə 2016-cı ilin 1-ci yarmilliyi ərzində ayrı-ayrı vətəndaş və müxtəlif təşkilatlardan daxil olan şikayət və sorğu xarakterli müraciətlərin qanunauyğun şəkildə cavablandırılması, şikayətlərin operativ həlli və vətəndaşların ətraflı məlumatlandırılması məqsədi ilə cavabdeh şöbənin fəaliyyəti daha da gücləndirilib. Əczaçılıq sahəsində mövcud olan neqativ halların aradan qaldırılması, şöbənin fəaliyyətinin müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olaraq, Səhiyyə Nazirliyinə müxtəlif subyektlər tərəfindən təşəkkür məzmunlu müraciətlər daxil olur.
Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed