Şrift:
İRANDA PARLAMENT SEÇKİSİ: 3 MİN 444 NAMİZƏD VAR
01.03.2012 [12:13] - Gündəm
Martın 2-də İranda parlament seçkisi keçiriləcək.290 yerlik parlamentə mandat almağa 3 min 444 namizəd iddia edir. İranda səsvermə hüququna malik 48 milyondan çox vətəndaş var. Onlar 66 min 547 səsvermə məntəqəsində səs verəcəklər.

Fevralın 28-də jurnalistlərə danışan daxili işlər naziri Mustafa Məhəmməd Nəccar deyib ki, indiyə qədər deputatlığa namizədlər hansısa ciddi qanun pozuntusuna yol verməyib: “Biz istəyirik namizədlər seçki təbliğatı apararkən öz rəqiblərini və başqalarını ləkələməsinlər və öz tərəfdarlarına qeyri-real vədlər verməsinlər. Düşmənlərimiz çalışır ki, xalqı ümidsiz edərək vətəndaşların seçkiyə qatılmasının qarşısını alsınlar. Lakin təcrübə göstərir ki, ölkə əhalisi səhnəyə çıxmağın vacibliyini hiss etdiyi vaxt bütün əks-təbliğata baxmayaraq səhnəyə çıxır”.

İrandakı “yaşıl hərəkat”ın məhbus liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və onların tərəfdarları qarşıdan gələn parlament seçkisini boykot etdiklərini açıqlayıblar. İranda vaxtı ilə hakimiyyətdə təmsil olunan və hazırda islahat tərəfdarı olan qurum və təşkilatlar, 2009-cu ildə prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra tutulub həbsə salınan şəxslər də parlament seçkisini boykot edir.

İran İslam Respublikası qurulandan bu ölkədə 8 parlament seçkisi keçirilib. 2 mart seçkisi ilə parlamentin 9-cu tərkibi formalaşdırılacaq. Bu parlament seçkisi ilk dəfə olaraq islahatçı namizədlərsiz keçirilir. Seçkidə əsas rəqabət hakim mühafizəkarlar arasında, yəni İranın dini lideri ayətullah Əli Xamneyi ilə ölkə prezidenti Mahmud Əhmədinejada yaxın olan namizədlər arasında gedir.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed