Şrift:
Qubada keçirilən etiraz aksiyası başa çatıb
01.03.2012 [20:56] - Gündəm
Bu gün Quba şəhərində keçirilən etiraz aksiyası zamanı polisə aparılan 18 nəfər sərbəst buraxılıb.
Rayondan seçilən millət vəkili Vahid Əhmədov Polis Şöbəsinin qarşısında toplaşan şəxslərə şöbədəkilərin hamısının sərbəst buraxıldığını deyib.
Millət vəkili aksiya iştirakçılarına dağılışmağı tövsiyə edib. Bundan sonra aksiya iştirakçıları ərazini tərk ediblər.
Qeyd edək ki, bu gün Quba Rayon İcra Hakimiyyəti (RİH) binası qarşısında etiraz aksiyası keçirilib. Məlumata görə, aksiya icra başçısı Rauf Həbibovun bir müddət öncə qubalıların ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə etiraz olaraq keçirilib. Quba RİH başçısı etiraz edən qubalıların qarşısına çıxıb. O, üzr istəyib, Qubanın və qubalıların ona əziz olduğunu bildirib. Buna baxmayaraq, etirazçılar dağılmayıblar.
Etiraz aksiyasının icazəsiz olduğunu bildirən polis dağılışmağa çağırış edərkən, bir qrup RİH-nin yardımçı tikililərinə, çayxanaya od vurub, RİH binasının şüşələrini sındırıb. Hadisə yerinə Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsini yanğınsöndürən maşınları cəlb olunub. Yanğının qarşısı alınıb. RİH binasına ciddi ziyan dəyib. Daha sonra təxminən 500-600 aksiya iştirakçısı R. Həbibovun Quba Olimpiya İdman Kompleksi ilə üzbəüz evini yandıfrıblar.
Etiraz aksiyasının iştirakçıları tələblərinin yalnız icra başçısının istefası olduğunu deyiblər: “Biz Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyirik. Hər zaman onun siyasətini dəstəkləmişik, indi də onun ətrafında sıx birləşirik. Ümidimiz yalnız onadır”. Bunu APA-ya açıqlamasında etiraz aksiyasının iştirakçıları deyib.
Onlar bildiriblər ki, bu aksiya yalnız icra başçısı Rauf Həbibovun qubalıların ünvanına söylədiyi fikirlərə etirazdır: “Biz cənab prezidentin bizim etirazımıza diqqətlə yanaşacağına əminik”.
Aksiya iştirakçıları əllərində Azərbaycan prezidentinin portretini və onu dəstəkləyən şüar olan plakatlar tutduqlarını da vurğulayıblar.
Qeyd edək ki, aksiyada yalnız icra başçısı əleyhinə şüarlar səsləndirilib, onun istefası tələb olunub. Nəqliyyat naziri Ziya Məmmədov, millət vəkili Vahid Əhmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev və digər rəsmi şəxslər rayondadır. Onlar əhali ilə danışıb, məsələnin araşdırılacağını bildiriblər.
Aksiya iştirakçıları qarşısında çıxış edən Z. Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”.
Etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından APA-nın şimal bürosuna verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı – Quba rayon Dərtqov kənd sakini İsrafilov Malik Nağdəli oğlu, Əlibət Qışlaq kənd sakini Adıgözəlov Adıgözəl Nurəddin oğlu və Quba şəhər sakini Məmmədov Fazil Əbil oğlu, biri isə aksiya iştirakçısı - Atuc kənd sakini Sultanov Hikmət Müslüm oğludur.
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed