Şrift:
Qarabağ geyimləri Özbəkistanda nümayiş olunub
23.08.2016 [08:46] - Mədəniyyət, Bildiriş
Qarabağ geyimləri Özbəkistanın Kibray şəhərində nümayiş etdirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Özbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib.

Moda sərgisi çərçivəsində Kibray şəhər Mərkəzi klubunun həyətində "Ənənəvi Özbək incəsənəti, əl işləri" nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib.

Tədbirdə Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri, Kibray şəhərinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən tədbirin təşkilatçısı Özbəkistanın Respublika Təşkilatının rəhbəri Ədalət Nəsirova əsas məqsədlərinin millətlərin yüz illərlə yaratdığı geyim mədəniyyətini nümayiş etdirmək, milli adət və ənənələrin təbliği olduğunu qeyd edib.

Daha sonra isə tədbirin bədii hissəsində Özbəkistanın xalq artistləri Axmadcan Şükürov, Maxmutcan Azimov və "Sabo" Milli Rəqs Teatrı maraqlı nömrələrlə çıxış ediblər.

Keçirilən moda sərgisi çərçivəsində Özbəkistanın regionları üçün spesifik olan milli geyimlər nümayiş olunub. Əsasən Sırxandərya, Cızzax, Buxara, Fərqanə, Margilan və Daşkənd bölgələrinin geyimləri iştirakçıların alqışları ilə qarşılanıb. Nümayiş etdirilən geyimlər əsasən qədimi və milli üsluba aid geyimlər olub.

Azərbaycanı tədbirdə Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" sərgidə böyük coşqu və maraqla qarşılanıb.

Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki "Zarqaynar libaslar evi"nin modelyerləri təqdim ediblər.

Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.

İştirakçılara Qarabağ bölgəsində Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.

Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq ediliblər.

Təşkilat Komitəsi tərəfindən Azərbaycan tərəfi yüksək mükafata layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed