02.03.2012 [13:39] - Siyasət
Arayış: Qəbələ rayonunda fəaliyyət göstərən "Daryal" tipli stasionar radiolokasiya stansiyası SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub və 1985-ci ildə istifadəyə verilib. Texniki parametrlərinə görə, Qəbələ RLS 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bu stansiya İran, Türkiyə, Hindistan daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən etmək imkanına malikdir. SSRİ dağıldıqdan sonra RLS Azərbaycanın mülkiyyətinə çevrilib və 2002-ci ildə Rusiyaya 10 il müddətə illik 7 milyon dollara icarəyə verilib. Hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir.
Qəbələ stasionar radiolokasiya stansiyası müxtəlif fasilələrlə Azərbaycanda müzakirə predmetinə çevrilən həssas mövzulardan biridir. Ekspertlər, politoloqlar bu stansiyanın istifadəsinin və ya icarəyə verilməsinin məqsədəuyğunluğu, onun təbiətə və insanların sağlamlığına vurduğu ziyan, habelə xarici ölkənin Azərbaycan ərazisində hərbi iştirakına əsas yaradan faktor kimi müxtəlif aspektlərdən şərh ediblər. Əlbəttə, rəylər, fikirlər, yanaşmalar müxtəlifdir. Lakin bir məsələ hamını ortaq məxrəcə gətirir - əgər Qəbələ RLS-in fəaliyyəti zəruridirsə, Azərbaycanın maraqlarını maksimum şəkildə təmin etməlidir.
Rusiya Müdafiə Nazirliyindəki mənbənin "Kommersant" qəzetinə, həmçinin "Kaspi"nin müxbirinə verdiyi məlumata görə, Rusiya tərəfi 2012-ci ilin iyununda icarə müddəti bitən Qəbələ RLS-in daha 25 il müddətinə bu ölkəyə icarəyə verilməsi ilə bağlı məsələ qaldırıb. Azərbaycan isə hər ilinə görə 300 milyon dollar tələb edib və faktiki olaraq icarə haqqını 40 dəfə artırıb. Təklif fevralın ortalarında Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla görüşən Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov tərəfindən irəli sürülüb. Moskvanın bu rəqəmi qeyri-adekvat hesab etdiyini deyən mənbəmizin fikrincə, icarə haqqının məbləği ilə bağlı Azərbaycanın mövqeyində dəyişiklik Rusiyanın Qəbələ RLS-i söküb yerində yeni stansiya tikmək və onun təyinatını genişləndirmək planlarını açıqladıqdan sonra baş verib. Məlumata görə, Rusiya Qəbələ RLS-in təyinatını dəyişdirməklə, onu ABŞ-ın Avropada qurduğu raketdən müdafiə sisteminə qarşı yaratdığı sistemin elementinə çevirmək istəyir. Həmçinin Rusiya istəyir ki, yeni tikiləcək obyekt onun mülkiyyətinə verilsin.
Azərbaycanın Qəbələ RLS-ə görə Rusiyadan 300 milyon dollar tələb etməsi nə dərəcədə əsaslıdır və Moskvanın bu məbləği ödəyəcəyi realdırmı?
Ekspertlərin fikrincə, Azərbaycanın Qəbələ RLS-ə görə icarə haqqını artırmaq istəyinin tam real əsasları mövcuddur. Hərbi-strateji məqsədəuyğunluq baxımından bu stansiya kifayət qədər cəlbedicidir. ABŞ-ın hərbi-siyasi dairələrinin Qəbələ RLS-i icarəyə götürmək istədiyi və yaxud bu stansiyanı Rusiya ilə müştərək şəkildə istifadə etmək niyyəti barədə məlumatlar heç də təsadüfi xarakter daşımır.
Qəbələ RLS Azərbaycanın ən füsunkar kurort zonasında yerləşib. Bu rayonu gələcəkdə nəinki Azərbaycanın, hətta bütün regionun ən cəlbedici turizm mərkəzinə çevirmək planları mövcuddur və bunun üçün real addımlar atılır. Orta hesablamalara görə, Qəbələdə yerindən asılı olaraq bir sot torpağın qiyməti 2500-5000 dollar arasındadır. Hətta orta hesabla sotuna görə 3000 dollar götürülsə belə, Qəbələ RLS-in yerləşdiyi 250 min hektar ərazinin əsl qiyməti ildə 750 milyon dollar olmalıdır. Həmin ərazidə turizm infrastrukturunun yaradılması isə həm rayonun inkişafına təkan verə, həm ekoloji vəziyyəti sabitləşdirə, həm də dövlət büdcəsinə daxil olan vəsaitin xeyli artmasına səbəb ola bilər. Göründüyü kimi, adi iqtisadi rentabellik baxımından Rusiyanın təklif etdiyi məbləği hətta cüzi adlandırmaq mümkün deyil.
Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə Qəbələ RLS Rusiya tərəfindən istifadə olunub. 2002-2012-ci illərdə, yəni son 10 il üçün Rusiya stansiyaya görə Azərbaycana cəmi 70 milyon dollar ödəyib. Nəyə görə Azərbaycan qiyməti 300 milyon dollara qaldırmaqla əvvəlki illərə görə kompensasiya almaq hüququndan imtina etməlidir? Digər tərəfdən, əgər Azərbaycan Soçi, Kislovodsk, Yessentuki və Rusiyanın hər hansı digər kurort zonasında Qəbələ RLS tipli stansiya tikmək istəsəydi, Moskva hətta 1 milyard dollara belə buna getməzdi.
Rusiyanın başqa ölkələrdəki hərbi bazalarına görə ödədiyi vəsaitin miqdarı da Azərbaycanın istəyinin əsaslı olduğunu göstərir. Məsələn, Rusiya hərbi bazaları üçün Ukraynada, xüsusilə Krımda torpağın hər hektarının qiyməti 500 min dollardan 2 milyon dollara kimi dəyişir. Orta hesabla Qara dəniz hərbi donanmasının Sevastopolda dislokasiyasına görə Rusiya Ukraynaya azı 500 milyon dollara yaxın vəsait ödəyir və yaxud hansısa şəkildə bunu kompensasiya edir. 2004-cü ildə əldə olunmuş razılaşmaya əsasən, Baykonur kosmodromuna görə Qazaxıstana hər il üçün 115 milyon dollar verilir. Üstəlik, 50 milyon dollar infrastrukturun lazımi səviyyədə saxlanılmasına ödənilir. Həmçinin Rusiya Qazaxıstan Silahlı Qüvvələrini yeni hərbi texnika ilə təchiz edir. Hesablamalara görə, Baykonur kosmodromu Rusiyaya ildə 350-400 milyon dollara başa gəlir. Hətta bütün parametrlərinə görə Qəbələ RLS-dən zəif olan Belorusdakı "Volqa" tipli RLS-ə görə Rusiya dəfələrlə çox icarə haqqı verir. Əlbəttə, Rusiya tərəfi iddia edə bilər ki, Ermənistanın Gümrü şəhəri yaxınlığında yerləşən 102 saylı hərbi bazaya görə vəsait ödənilmir. Üstəlik, Ermənistan hərbi bazanı məişət-kommunal xidmətlərlə təmin edir. Lakin Ermənistan Cənubi Qafqazda Rusiyanın "for-postudur" və faktiki olaraq Volqoqrad və ya Rostov vilayəti kimi bu ölkənin ərazi vahidinə çevrilib. Sirr deyil ki, Moskva hər il Rusiya vergiödəyicilərinin pulu hesabına Ermənistana əvəzsiz silah verir və ümumiyyətlə bu ölkənin bütün maddi ehtiyaclarını ödəyir.
Digər məsələ Qəbələ RLS-in təbiətə və əhalinin sağlamlığına vurduğu zərərlə bağlıdır. Ekspertlər hesab edirlər ki, stansiya hətta minimal gücü ilə işlədikdə həmin ərazidə radioaktiv fon normadan yüksək olur. Heç bir məbləğ insanların həyatına təhlükəli obyektin istifadəsi üçün əsas yarada bilməz. Deməli, stansiya ya ləğv olunmalı, ya da onun sağlamlığa mənfi təsiri zərər verə bilməyəcək dərəcədə minimallaşdırılmalıdır.
Əslində, ekspertlərin fikrincə, Rusiyanın Qəbələ RLS-dəki maraqları heç də bu stansiyanın əhəmiyyəti və ya təyinatı ilə bağlı deyil. Çünki ballistik raketləri izləmək üçün nəzərdə tutulan ikinci seqment yaxın 2-3 ildə istifadəyə verildikdən sonra Armavirdə inşa olunmuş "Voronej - DM" RLS-i onu tam əvəz edə bilər. Təbii ki, bu məsələdə Rusiya üçün hərbi-siyasi faktor daha əhəmiyyətlidir. Birincisi, Moskva Qəbələ RLS vasitəsilə Azərbaycanda hərbi mövcudluğunu saxlayır. İkincisi, Rusiya tərəfi ehtimal edir ki, müəyyən zaman kəsiyində həmin ərazini özününküləşdirmək və orada Rusiya mülkiyyəti olan ciddi hərbi baza yaratmaq mümkündür. Bu məsələnin önəmli tərəfi ondan ibarətdir ki, hazırda Azərbaycanın mülkiyyəti olan Qəbələ RLS-in taleyini həll etmək hüququ da Bakıya məxsusdur. Həmin obyektin Rusiyanın mülkiyyətinə keçməsi isə şimal qonşumuzun Azərbaycanda hərbi mövcudluğu və ölkəmizin həqiqi mənada asılı vəziyyətə düşməsi deməkdir.
Mənbəmiz deyib ki, Rusiya hökuməti iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrini əsas gətirərək Qəbələ RLS-in ümumiyyətlə ödənişsiz icarəyə verilməsini istəyib. Danışıqlarda iştirak edən nümayəndəmiz isə bildirib ki, əgər Rusiya üçün dostluq münasibətləri bu qədər qiymətlidirsə, onda Azərbaycana heç olmasa 1 ədəd S-300 zenit-raket sistemi versinlər. O da faktdır ki, Rusiya Azərbaycana silahları dünya bazarındakı qiymətlərdən daha baha satır. Mənbəmiz S-300 sisteminin hər birinə görə, Azərbaycanın Rusiyaya 300 milyon dollar ödədiyini ehtimal edir. Həmçinin, ölkəmizin Rusiyadan aldığı təyyarələr, vertolyotlar, tanklar və digər texnikanın qiyməti digər ölkələrin analoji silahlara görə təkliflərindən yüksəkdir. O, həmçinin deyib ki, Rusiya Azərbaycana satdığı hərbi texnika və sursata görə yüksək məbləğ istəməklə, əslində, Ermənistana bağışladığı silahların pulunu kompensasiya etmək istəyir.
Azərbaycanlı hərbi analitiklər hesab edirlər ki, qiyməti kəskin şəkildə artırmaqla Azərbaycan öz milli maraqlarını təmin etməyə çalışır. Əvvəla, hətta ilbəil artmaqda olan Azərbaycan büdcəsi üçün 300 milyon dollar az vəsait deyil. Ən azından bu vəsait hesabına Rusiyadan silahın baha qiymətə alınmasını kompensasiya etmək olar. Azərbaycan şimal qonşusu ilə pozitiv münasibətlərə böyük önəm verir, vaxtilə mövcud olmuş bütün problemləri arxada qoyaraq, hətta Qərbin təzyiqlərinə duruş gətirərək onunla yaxın əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışır, bir çox məsələlərdə regionun böyük dövləti kimi Rusiyanın maraqlarını mütləq şəkildə nəzərə alır. Bütün bunlara rəğmən Dağlıq Qarabağ məsələsinin həllində Moskvanın Ermənistana heç bir təsir göstərməməsi, o cümlədən Prezident Dmitri Medvedevin nəticəsiz səyləri Bakını narazı salmaya bilməz. İstisna deyil ki, Azərbaycan öz milli haqqını daha qabarıq şəkildə tələb etməklə göstərmək istəyir ki, ikitərəfli münasibətlərin inkişafı qarşılıqlı maraqların ödənildiyi təqdirdə mümkündür.
Qeyd edilməlidir ki, Qəbələ RLS-lə bağlı Azərbaycan ictimaiyyətində həmişə ciddi narahatlıq mövcud olub. Sovet qoşunları çıxarıldıqdan sonra hakimiyyət dairələri, siyasi qüvvələr hər hansı ölkənin hərbi bazasının Azərbaycanda yerləşdirilməməsi ilə bağlı prinsipial mövqe nümayiş etdiriblər. Azərbaycan ictimaiyyətinin Qəbələ RLS-ə həmişə mənfi münasibəti olub və bu da xarici hərbi bazanın Azərbaycanda mövcudluğu ilə əlaqələndirilib. Digər tərəfdən, qəbələlilər və ətraf rayonların sakinləri stansiyanı öz sağlamlıqlarına ciddi təhlükə hesab edir, ümumiyyətlə onun fəaliyyətinin dayandırılnması tələbini irəli sürürlər. Müstəqil hərbi analitiklər hesab edirlər ki, Rusiyanın bu stansiyanın imkanlarından region ölkələrinin, ABŞ-ın, Türkiyənin maraqlarına qarşı istifadə edə biləcəyi istisna deyil. Buna görə də, bitərəfliyi öz xarici siyasətinin əsas kursu elan etmiş Azərbaycanın öz ərazisində dünyada güc mərkəzlərindən biri olan Rusiyaya hərbi fəaliyyətlə bağlı şərait yaratması digər güc mərkəzlərinin haqlı narazılığına səbəb olur. Azərbaycanda ya xarici ölkələrin hərbi bazaları ümumiyyətlə olmamalı, ya da öz ərazisindən digər ölkələrə qarşı istifadə olunmayacağına dair öhdəliyi olan rəsmi Bakı Qəbələ RLS-də şəffaflığı təmin etməlidir. Əlbəttə ki, adekvat icarə haqqı almaqla.
"Kaspi" qəzeti, 02/03/12

Bu xəbər oxucular tərəfindən 1781 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |