Şrift:
Azərbaycan MSK sədri Rusiyada keçirilən prezident seçkilərini izləyib
04.03.2012 [21:04] - Xəbərlər
Məzahir Pənahov: “Rusiya MSK-nın sədri Vladimir Çurov da seçki məntəqələrində veb-kameraların quraşdırılması prosesinin Azərbaycandan başladığını xüsusi vurğulayıb”
Azərbaycan Mərkəzi Seçki Komisiyasının (MSK) sədri Məzahir Pənahov Rusiyada keçirilən prezident seçkilərini izləyib. Moskvanın Mərkəzi Alimlər Evində yerləşən 164 nömrəli seçki məntəqəsində müşahidə aparan M. Pənahov seçki prosesinin normal şəkildə keçirildiyini söyləyib: “Bildiyiniz kimi Rusiyada 96 min seçki məntəqəsi, 110 miyona yaxın seçici var. Başqa ölkələrdə olduğu kimi Rusiyada da prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan MSK-sının nümayəndləri seçki başlayandan məntəqələrdə müşahidələr aparıblar. Bütün məntəqələrdə siyasi partiyaların və namizədlərin müşahidəçiləri yerləşdirilib. Eyni zamanda da beynəlxalq qurumların nümayəndləri də müşahidə aparırlar. Hesab edirəm ki, ümumi hazırlıq baxımından Rusiya MSK-sı tərəfindən bütün addımlar atılıb. Qürurla deyə bilərəm ki, birinci Azərbaycanda seçkilərdə tətbiq olunan veb-kamera indi Rusiyada seçki prosesində geniş tətbiq olunur. Rusiya MSK-sı 96 min məntəqənin hamısında veb-kameralar quraşdırıb. Bu veb-kameraların köməyi ilə internetdən seçki prosesini nəinki Rusiya, bütün dünya əhalisi müşahidə edə bilər. Seçkilərdə veb-kameraların quraşdırılması müasir texnologiyanın seçkilərin şəffaf keçirilməsi baxımından bizə verdiyi imkanların ən yüksək pilləsidir. Amma niyəsə, beynəlxalq qurumlar buna həvəs göstərmirdilər. Azərbaycan birinci bu təcrübədən istifadə edib. Ölkə prezidentinin göstərişi ilə bu həyata keçirilib. Bu Azərbaycan tərəfinin seçkilərlə bağlı əldə etdiyi nailiyyətdir. Rusiya MSK-sının sədri Vladimir Çurov da seçki məntəqələrində veb-kameraların quraşdıdılması prosesinin Azərbaycandan başladığını xüsusi vurğulayıb. Dünyanın digər ölkələrindən Rusiyada seçki prosesini izləməyə gələn yüksəsk səviyyəli müşahidəçilərə Azərbaycan təcrübəsinin Rusiya tərəfindən davam etdirilməsi çox yaxşı təsir bağışladı. Rusiya MSK-sədri ilə görüşdən sonra digər ölkələrin MSK nümayəndələri bizə yaxınlaşıb bununla maraqlanırdılar”.
M. Pənahov deyib ki, şəffaflığın digər göstəricisi seçki məntəqələrində müşahidəçilərin yer almasıdır: “ Rusiya MSK-dan mənə verilən məlumatlara görə, müşahidəçi olmaq üçün müraciət edənlərin hamısı akkreditasiyadan keçib. Deyə bilərəm ki, şəffaflıq baxımından mən hər hansı bir narazılçılıq görmürəm. 110 milyona yaxın seçiciyə konstitusyon hüquqlarından istifadə etməyə bütün şərait yaradılıb. Rusiya MSK-sı bu işin öhdəsindən çox yüksək səviyyədə gəlir.
Hal-hazırda müşahidə apardığımız seçki məntəqəsi Moskvanın ən böyük seçki məntəqələrindən biridir. Bizə verilən məlumata görə, günün birinci yarısında fəallıq 30% -i keçib. Bu məntəqədə isə seçicilərin fəallığı 35% -dən yüksəkdir. Bu çox ciddi göstəricidir. Adətən paytaxtın seçki məntəqələrində fəallıq əyalətlərlə müqayisədə aşağı olur”.
M. Pənahov Rusiyada keçirilən prezident seçkilərinin müşahidə olunması prosesində Azərbaycan nümayəndə heyətinin geniş formatda təmsil olunduğunu söyləyib. Onun sözlərinə görə, bura Azərbaycan parlamentinin, MSK-nın və QHT-lərin nümayəndələri daxildir: “Rusiya MSK-sı ilə bizim sıx əlaqələrimiz var. 2000-ci ildən bu yana Azərbaycanda keçirilən seçkiləri Rusiya tərəfi, eyni ilə Azərbaycan MSK-sı da Rusiyada keçirilən seçkiləri izləyib”.
Qeyd edək ki, Rusiyada prezident vəzifəsi uğrunda 5 namizəd – “Vahid Rusiya” partiyasının lideri, baş nazir Vladimir Putin, kommunistlərin lideri Gennadi Züqanov, “Ədalətli Rusiya” partiyasından Sergey Mironov, liberal-demokratlardan Vladimir Jirinovski və bitərəf milyarder Mixail Proxorov mübarizə aparırlar. Seçiləcək prezident ölkəni əvvəlki kimi 4 yox, 6 il idarə edəcək.
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed