Şrift:
Xarici qüvvvələrin yeni "diriliş" planı
17.09.2016 [11:13] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu dəfə radikal dindarlarla radikal müxalifətin ittifaqını yaratmağa çalışırlar

Sentyabrın 26-da ümumxalq səsverməsi keçiriləcək. Ölkəmizdə səsvermə hüququna malik vətəndaşlar azad və sərbəst şəkildə Konstitusiyaya dəyişikliklər paketinə öz münasibətlərini bildirəcəklər. Aparılan rəy sorğuları, ictimai fikirin öyrənilməsi üzrə anketlər də göstərir ki, xalqın bu dəyişikliklərə münasibəti müsbətdir. Lakin bütün bunların fonunda Azərbaycanda bəzi partiyalar və siyasi təşkilatlar referendum üçün nəzərdə tutulan təbliğat dövrünü fürsət bilərək özlərinin varlıqlarını göstərməyə çalışırlar. Artıq cəmiyyətdə radikal qanadı təmsil edən Milli Şura və AXCP bu məqsədlə bir dəfə mitinq təşkil etdi. Acınaxaqlı vəziyyət ondadır ki, bu mitinqlərin təşkilində müxalifət sanki hakimiyyətlə yox, öz aralarında rəqabət aparırlar. Bu, əslində, tam başqa bir mövzunun kiçik haşiyəsi idi. İndi isə qayıdaq əsas məsələyə - Milli Şuranın təşkil etdiyi son mitinq və onun üzdə kiçik, mahiyyətində isə gizli planlar yatan nüanslarına...
Sirr deyil ki, Azərbaycan son illərdə bir çoxları üçün əlçatmaz zirvə kimi görünən çox uğurlu iqtisadi-siyasi inkişaf yolu keçib. Bu uğurların isə bir memarı var - ölkə rəhbərliyi və onun hakim komandası. Əldə olunmuş bu nəticələr sayəsində tərəfdarlarının sayı getdikcə azalan radikal müxalifət ölkənin siyasi səhnəsində silinmək təhlükəsi ilə üzləşib. Yuxarıda qeyd etdiyimiz kimi, bu təhlükəni "sovuşdurmaq" üçün isə onlar yenidən özlərinin xarici havadarlarına arxalanmağa çalışırlar. Referendum öncəsi Qərb dövlətlərinin səfirliklərini növbə ilə dolaşaraq saatlarla müzakirələrin aparılması, müxtəlif planların hazırlanması və s. Xarici havadarları da "kiçik dost”larının bu ümidlərini puç etməmək üçün ciddi dəstək verməklə radikal müxalifəti ölkənin siyasi həyatına qaytarmaq istəyirlər. Bu məqsədlə, hətta təhlükəli sayıla biləcək addımlar belə atılır. Məsələn, bu qüvvələr radikal dindarlarla radikal müxalifət arasında əlaqələr qurmağa çalışır. “Milli Şura”nın son mitinqində Mövsüm Səmədov və Taleh Bağırzadənin tərəfdarlarının iştirakı bunu bir daha sübut edir. Ancaq deyəsən, budəfki xilas planı da tərs nəticə verəcək. Səbəb isə çox sadədir. Radikal müxalifət liderlərinin hər zaman olduğu kimi şəxsi ambisiyaları.
Sosial şəbəkələrdə mitinqdən sonra aparılan müzakirələrə nəzər salmaq kifayətdir ki, mövcud vəziyyət haqda təsəvvür formalaşsın. Bu müzakirələr, qarşılıqlı ittihamlar bir daha radikal dindarlarla “Milli Şura” və AXCP arasında kəskin problemlərin olduğunu göstərdi. Gəlinən ümumi nəticə isə belədir. Dindarlara “qucaq açan” “milli şura” onları Ə.Kərimlinin siyasi ambisiyalarının reallaşdırılmasında vasitə hesab edir. Dindarlar “Milli Şura”ya yalnız meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün lazımdır. Dindarlar Qərb dairələrinin sifarişini yerinə yetirən Əli Kərimlinin əlində oyuncaq olduqlarını görür və mitinqə qoşulmaqlarını səhv hesab edirlər. Sosial şəbəkələrdə etiraz aksiyası zamanı dindarların nümayəndəsinə söz verilməməsi, onların yalnız sonda ümumi cümlə ilə anılmalarını həzm edə bilmirlər. Aktiv radikal dindarlar “Qərbçi müxalifətin içərisində həzm olunmamaq” üçün tərəfdarlarını ehtiyatlı olmağa çağırır, satqın müxalifətlə əlaqələri tənqid edirlər. Məsələn, Tohid İbrahimbəyli yazır: “İslamçılar qərbyönümlü müxalifətin içində həzm olunmamalıdırlar. Bu müxalif qrupların islamla ziddiyyətləri var”.
Mövsüm Səmədov səhifəsinin admini isə qeyd edir: “Milli Şura indiyə qədər dəfələrlə mitinqlər edib. Amma heç vaxt bu qədər adam yığışmamışdı”. Bu cür bəyanatlarla onlar əslində mitinqə qatılanların əksəriyyətinin heç də AXCP və Milli Şura tərəfdarı yox, məhz onları dəstəkləyın olduğunu vurğulayır.
Rauf Musazadə adlı dindar isə təəccüb edir: “Sionistlərlə (müxalifət) möminlər necə dil tapıb? Möminlər, bu sionist fondlarından pul alan müxalifətə inanmayın. 2005-ci ildə bunlar Corc Buşun şəklin mitinqdə qaldırırdılar. O vaxt Amerika müsəlman şiə İraq xalqını qətl edir, hərəmləri bombalayırdı”.
Başqa bir dindar isə sual edir: “Ə.Kərimlinin məscidə getdiyini, namaz qıldığını görən olub? Amma Amerika səfərliyindən əl çəkmir” və s.
Ölkənin ictimai-siyasi xadimləri də bu cürqarşıdurma və məkrli planlarla təşkil edilən mitinqlərə etirazla yanaşırlar.
Müsavat başqanının keçmiş müavini Qabil Hüseynlinin qənaətincə, Milli Şura"nın boş və mənasız mitinqinə Qərbin bəzi maraqlı dairələrinin dəstək var. Onun sözlərinə görə, Qərbin bəzi maraqlı dairələrinin referenduma münasibəti müsbət deyil: "Bu səbəbdən də ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzuedilən durum formalaşıb. Ona görə də Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz".
"Cəmiyyətdə müxalifətə olan inam getdikcə azalır. Bu qarşıdurma birinci deyil. O bildirib ki, müxalifətin indiki liderləri insanları siyasi ambisiyalarına qurban verirlər: "Bu siyasi ambisiyalar ucbatından həm başçılıq etdikləri partiyalarının üzvlərinin taleyi üzərində oynanılır, həm də bötüvlükdə xalqla bağlı onların üzərinə düşən missiyanın yerinə yetirirlməsində ciddi problem yaranır. Buna görə də xalq onlardan üz çevirməyə başlayır. Deyir, at mıxını çıxaranda, bir yerə vuranda, iki özünə vurur. Bunlar da elədirlər. Yəni, onlar xalqla aralarında olan uçurumu daha da dərinləşdirirlər".Politoloq AXCP və Müsavat arasındakı qarşıdurmada tutarlı fakt olmadığını deyib: "Müsavatın "Milli Şura"dan gedərkən göstərdiyi faktlar o qədər də tutarlı deyil". Q.Hüseynli qeyd edib ki, partiyalar arası münaqişədə İsa Qəmbər və Əli Kərimli maraqlıdır: "Nə bir ağsaqqal var ki, bu məsələlərə "dur" desin, nə də siyasi lider var ki, bu işlərin ölkə siyasətinə nə qədər zərərli olduğunu anlatsın".

İnsanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək yolverilməzdir. Bunu isə mətbuata Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqə Əli Kərimlinin radikal islamçıları da cəlb etməsi cəhdinə münasibət bildirərkən deyib. F.Quliyev bildirib ki, hər bir təşkilat qanunlar çərçivəsində mitinq keçirə, hansısa məsələ ilə bağlı fikirlər səsləndirə bilər: “Amma orada səsləndirilən fikirlər və hədəflər müəyyən olunmalıdır. Mitinqdə məsələlərə şəxsi, müəyyən dairələrin mövqeyindən yanaşmaq fürsətdən istifadə etməkdir. Üstəlik, din amilindən, insanların dini etiqadlarından, onların duyğularından fərqli məqsədlər üçün istifadə etmək olmaz. Azərbaycanda din siyasətə qarışmır, ikinci bir tərəfdən də bəzi ölkələr Azərbaycanda din amilindən istifadə edərək qarışıqlıq salmağa çalışırlar. Qanunlar çərçivəsində mitinqlərin keçirilməsinin əleyhinə deyiləm, amma məsələlərə mahiyyəti üzrə fikir bildirmək lazımdır, fürsətdən istifadə etmək doğru deyil. Çünki ölkənin mənafeyləri hər şeydən üstündür və təbii ki, bu məsələlərdə heç nədən, xüsusən də dindən istifadə etmək yolverilməzdir”.
F.Quliyev bildirib ki, hakimiyyət tolerant davranış nümayiş etdirdi, Milli Şuraya mitinq keçirmək üçün meydan verdi: “Amma mitinqdə dövlətçilik əleyhinə şüarlar səsləndirmək o deməkdir ki, onlar fürsətdən istifadə edərək başqa məsələləri, istəkləri ortaya qoymaq, həm də təkcə öz istəklərini yox, başqalarının da istəklərini ortaya qoymaq istəyirlər. Ölkə rəhbərliyi istəsəydi, bu mitinqə icazə verməzdi, ancaq verdi. Yəni hər kəs deyir ki, buyurun, sivil qaydada mübarizə aparın, fikirlərinizi paylaşın. Amma çox təəssüflər olsun ki, guya siyasət ilə məşğul olan bu adamlar hər addımda ölkə əleyhinə kəmfürsətlik edirlər və bu da təbii ki, heç zaman cəmiyyət tərəfindən qəbul edilmir”.
Əli Kərimlinin Müsavat Partiyasından bir gün öncəyə mitinq təyin etməsi məsələsinə gəlincə isə, F.Quliyev bildirib ki, baş verənlər heç də təəccüblü deyil: “Başqa dövlət tərəfindən formalaşdırılmış bəzi qurumlar öz aralarında məsələləri bu cür araşdırırsa, bunun heç Azərbaycan cəmiyyətinə aidiyyatı yoxdur. Hər halda bu “mehriban dostlar”ın münasibətləri həmişə ortada olub, bir ara birləşiblər, sonra bir-birilərini ən ağır formada ittiham ediblər. Ona görə də, baş verənlər təccüblü deyil. Ölkənin taleyi, xalqın mənafeyi bunlar üçün ikinci dərəcəli məsələlərdir, sadəcə gündəmdə qalmaq, ayaq üstə qalmaq üçün bu məsələlərdən istifadə etmək, ən yaxın “dostlar”ını rəqib sifətində əzmək belə bunlar üçün adi bir qaydadır. Mən bütün baş verənlərdən təəccüblənmədim”.


Azad Əliyev
Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed