Şrift:
Fərəc Quliyev; - “Hərbi əməliyyatlar həyata keçirəcəyik”
04.10.2016 [13:35] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Dağlıq Qarabağ münaqişəsinin bu formada qalmasında demək olar ki, bizdən başqa hamı maraqlıdır. Böyük dövlətlər öz maraqları naminə bu münaqişədə hər hansı irəliləyişin olmasını və ya tamamilə həll edilməsini istəmirlər. Xüsusilə, Rusiya bu məsələnin həllində maraqlı deyil”.


Millət vəkili, Milli Dirçəliş Hərəkatının (MDH) lideri Fərəc Quliyev İnterpress.az saytına açıqlama verib. O, referendumdan sonrakı siyasi-iqtisadi vəziyyəti qiymətləndirib: “Xüsusi olaraq hələ ki bir dəyişikliyin olduğunu demək olmaz. Referendumun keçirilməsində məqsəd o idi ki, reformaların aparılması üçün müəyyən bir qanuni baza yaradılsın. Keçirilən referendum idarəetmə sahəsində daha çevik siyasi sistem yaradacaq, beləliklə iqtisadi sektorda da operativ addımların atılması daha rahat olacaq. Fikirləşirəm ki, həyata keçiriləcək islahatlar paketinin vəziyyəti baradə Milli Məclisdə müzakirəyə ehtiyac var. Prezident bir çox sərəncamlar verir, aidiyyatı üzrə icraedici qurumlar da reallaşdırır. Həmçinin bu məsələ də artıq müzakirə edilməlidir ki, post neft dövründə qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın gücləndirilməsi üçün hər kəs səfərbər olmalıdır. Artıq hüquqi islahatlar başlayıb, lakin hələ ki ciddi dəyişikliklərdən danışmaq üçün tezdir”.

Fərəc Quliyev Milli Məclisin plenar iclasında verdiyi təklifi İnterpress.az saytına ətraflı izah edərək, Qarabağ komitəsinin yaradılacağı təqdirdə əldə olunacaq nailiyyətlərdən danışıb: “Dünyanın bir çox ölkələrin parlamentlərində Qarabağ dinləmələri olub. Bu proses Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox səmərəli rol oynayıb. Mən dəfələrlə təklif etmişəm ki, Azərbaycan parlamentində Milli Məclisdə də belə dinləmələr olsun. Bu dinləmələr açıq və ya qapalı şəkildə həyata keçirilə bilər. Bu dinləmələrdə yaxşı olar ki, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumlar da iştirak etsin. Beləliklə həm prioritetlər müəyyən edilsin, həm də bu problemin həll çərçivələri müzakirə edilsin. Hesab edirəm ki, hər gün bu problem üzərində işlənilməsi üçün daimi Qarabağ Komitəsinin yaradılması məqsədə uyğundur. Parlament bu və ya digər məsələlərdə sinəsini qabağa versin, bütün yük icraedici qolun üzərinə düşməsin”.

Dağlıq Qarabağ ətrafında gedən Ermənistan-Azərbaycan münaqişəsində maraqlı olan tərəflərin çoxluğundan danışan millət vəkili, hərbi əməliyyatların istisna olmadığını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin bu formada qalmasında demək olar ki, bizdən başqa hamı maraqlıdır. Böyük dövlətlər öz maraqları naminə bu münaqişədə hər hansı irəliləyişin olmasını və ya tamamilə həll edilməsini istəmirlər. Çünki düşünürlər ki problem yoxdursa, təsiretmə mexanizmləri də yoxdur. Xüsusilə, Rusiya bu məsələnin həllində maraqlı deyil, Azərbaycan Ermənistan tərəfi ilə Rusiyasız danışıqlar apararsa, ciddi irəliləyişə nail ola bilər. Açığı hər iki tərəfə silah satmaq, münaqişə vasitəsilə hər iki tərəfə təsir etmək, beləliklə regionun ən güclü qüvvəsi olmaq, ümumilikdə həlli uzatmaq Rusiyanın mənafeyinə uyğundur. Digər dövlətlər də münaqişənin həllinin öz maraqları çərçivəsində olmasını istəyirlər. Məsələnin bu cür mürəkkəbliyi də məhz maraqların toqquşmasından və iştirakçıların çoxluğundan qaynaqlanır. Düşünürəm ki, yalnız biz özümüz öz səylərimizlə münaqişəni həll edə bilərik. Aprel hadisələrində biz öz gücümüzü sübut etmiş olduq, təbii ki, yenə də məsələnin diplomatik həllinə nail olunmazsa, biz öz konstitusiya hüququmuzdan istifadə edərək, hərbi əməliyyatlar həyata keçirəcəyik”.

Aytək Yusifsoy
İnterpress.az
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed