Şrift:
Mikayıl Cabbarov: Təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik
05.10.2016 [10:30] - Gündəm, Mədəniyyət
Təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik.

Bunu təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərinə ünvanladığı təbrikdə deyib.
Təbrikdə bildirilib ki, ən böyük missiyası şəxsiyyət yetişdirmək olan müəllim peşəsindən cəmiyyətin hər zaman üstün gözləntisi olub. Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır.

M.Cabbarov təbrikində qeyd edib ki, XXI əsrin tələbləri baxımından Azərbaycan vətəndaşı peşəkar keyfiyyətlərə malik müəllim amilindən bilavasitə asılıdır: "Ona görə də müəllim hazırlığı və peşəkar inkişafı, işə qəbul prosesində qarşıya qoyduğumuz əsas məqsəd şəffaflığın qorunmasını və keyfiyyəti təmin etməkdir. Əziz müəllimlər! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 311 nömrəli tam orta məktəbində çıxışı zamanı irəli sürdüyü proqram əsaslı müddəalar - milli-mənəvi ruhda təhsil, vətəndaş tərbiyəsi və peşəkar olmağın önəmi ilə bağlı idi. Bu, təhsildə dəyərlər anlayışının ali səviyyədə bəyanı idi. Biz də bu ideyaya əsaslanaraq təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik. Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bu prosesə hazırlıq təhsildən başlayır və ailə ilə bərabər, müəllimlərin timsalında gerçəkləşir. Dövrün çağırışı budur ki, biz təhsil alanı gələcəyə hansı səviyyədə hazırlaya bilirik? Müdrik kəlamda deyildiyi kimi, “Hər şey yoldan başlayır...”. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir. Əziz müəllimlər! Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!”
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed