Şrift:
Azərbaycan hərbi texnikanın ixracı sahəsində mühüm yeniliklərə start verir
05.10.2016 [11:03] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan silahına xaricdə marağın göstərilməsi bizim hərbi lavazimatlarımızın keyfiyyətinə dəlalət edir”

Üzeyir Cəfərov: “Bu addımlar həm düşmənə layiqli cavabdır, həm də Azərbyacan müdafiə sənayesinin həqiqi qüdrətini göstərir”



Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi daha bir zirehli avtomobilin satışına başlanacaq. "İldırım" adlanan zirehli döyüş maşınının satışına 2017-ci ildən başlamaq nəzərdə tutulur. Avtomobil 31 dərəcədə qalxır, 38 dərəcə bucaq altında enir. Çəkisi adi vəziyyətdə 13 ton, döyüş vəziyyətində isə 15,5 tondur. Döyüş maşını 12 nəfərlik heyətlə hərəkət edir. Döyüş şəraitində tank əleyhinə mina partlayışına davamlıdır. Zirehli maşın suda hərəkət edir, batarkən özü çıxır, aşarkən yerində düzəlir. Avtomobil 90 km/saat sürəti ilə hərəkət edir. İstənilən vəziyyətdə zərbə dalğasından müdafiə olunur.

Milli Məclisin deputatı Fərəc Quliyev bildirdi ki, hərbi texnologiyaların satışı ölkəmizə həm iqtisadi səmərə gətirəcək, həm də bu, hərbi cəhətdən çox önəmlidir: "İldırım” adlanan hərbi döyüş maşınının istehsal edilərək satışa çıxarılması hadisəsinin özü onu göstərir ki, Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdən biridir. Bir vaxtlar Qarabağ savaşında ov tüfəngləri belə tapa bilmirdik. Rus ordusundan müsadirə etdiyimiz silahlar var idi, amma ən primitiv silahlarla döyüşmək məcburiyyətindəydik. Azərbaycan beləcə uzun müddət kənardan silah-sursat almaq məcburiyyətində qaldı.
Artıq Azərbaycan ordusu öz silahları ilə silahlanıb. Özünün istehsal etdiyi silahlarla təchiz olunmaqla artıq xaricdən silah alışı asıllığını aradan qaldırıb. İndi isə ölkəmiz nəinki təkcə özü-özünü silahlandırır, hətta kənara da silah satır. Bu da çox mühüm məsələdir. Çünki silah bazarında satış üçün bazar tapmaq elə də asan məsələ deyil. Eyni zamanda, Azərbaycan silahına xaricdə marağın göstərilməsi bizim hərbi lavazimatlarımızın keyfiyyətinə dəlalət edir. Bu, həm iqtisadi cəhətdən, gəlir mənbəyi baxımından, həm də hərbi cəhətdən çox önəmlidir. Bir sıra ölkələr var ki, onun hərbi arsenalında bizim silahlara da yer verilib. Bundan sonra da yüzlərlə adlarda silah istehsalını nəzərdə tutmuşuq.
Ermənistan yalnız rus əsgəri, rus silahı və rus bayrağı altında guya parad keçirir. Bununla bir daha forpost dövlət olduğunu göstərdi, onun heç nəyi yoxdur, müstəqil də deyil. Amma Azərbaycan öz əsgəri, özünün istehsal etdsiyi zirehli hərbi maşında, əlində "İstiqlal” pulemyotu, öz bayrağı altında paraddan keçir. Artıq hərbi zirehli maşınların ixracına başlamışıqsa, bu da ölkəmizin düşmənlə müqayisədə harada olduğunu göstərir. Həm də xaricin özü üçün böyük bir mesajdır. Qısa zaman ərzində dinc vasitələrlə problemi həll etməsələr, Azərbaycanın ədalətli mövqeyi bərpa olunmasa, ölkəmiz mövcud, daim yenlənən arsenalı və milli qüvvələrilə birlikdə torpaqlarını azad edəcək”.


Hərbçi-ekspert Üzeyir Cəfərov qeyd etdi ki, Azərbaycan müdafiə sənayesi gerçəkdən öz mövqeyini ortaya qoya bildi: "Ondan başlayım ki, sentyabrın 27-30-da keçirilən hərbi sərgi ölkəmiz üçün hərtərəfli uğurlu oldu. Bu sərgi düşmənin 21 sentyabrda bəh-bəhlə təriflədiyi hərbi paraddan dərhal sonra baş tutdu və işğalçılara çox layiqli cavab oldu ki, onlar başqa ölkədən silah alıb guya güc nümayiş etdirirlər, amma biz öz silahımızla müdafiə qabiliyyətimizi gücləndirmək imkanındayıq. Orada nümayiş olunan silahlar içərisində Azərbaycan öz məhsullarını kifayət qədər təqdim edə bildi.
"İldırım” zirehli maşını 2000 metr məsafədən rahatlıqla düşmən əsgərini sıradan çıxarmağa qadir olan snayper tüfəngi nümayiş etdirildi. Bu addımlarımız həm düşmənə layiqli cavabdır, həm də Azərbyacan müdafiə sənayesinin həqiqi qüdrətini göstərir. Bu fonda ən azından silaha olan daxili tələbatımız ödəniləcək. Həmin silahın yəqin ki, xaricdə də alıcıları olacaq. Afrika ölkəsi Konqo 10 ədəd zirehli transportyorun alınması ilə bağlı ölkəmizlə müqavilə bağlayıb. Bu texnikalara tələbatın olması Azərbaycan üçün gələcəkdə daha böyük imkanlara yol açır. Həm yeni növ silah-sursatlar istehsal edə bilərik, həm də müdafiə sənayesinə qoyulan vəsaitin xeyli hissəsini dövlət büdcəsinə qaytara bilərik. Bu silahların hədəfi dəqiqliklə vurmaq faizi həddən artıq yüksəkdir. Demək olar ki, həmin silahın gözündən yayınmaq mümkünsüzdür.
İkincisi, "İldırım” zirehli transportyoru böyük dağıdıcı gücə malikdir. Canlı qüvvə və düşmən texnikasının sıradan çıxarılması üçün önəmli göstəricilərə malikdir”.


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed