Şrift:
Dərmanları fərqli qiymətlərlə satanlar cərimələnəcək
05.10.2016 [11:24] - Gündəm, Sağlıq
Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edən vəzifəli şəxslər cərimələnəcəklər.

Milli Məclisdən verilən məlumarta görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Yeni dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata alınmaqda və ya qiymətlərin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcəklər.

Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, idxalına görə (bu əməllər az miqdarda törədildikdə) vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə ediləcəklər.

Dövlət qeydiyyatından keçmiş dərmanların qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən satışına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə edilirlər.

Qiymətləri tənzimlənən dərmanların fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə edilirlər.

İXM-də bu əməllərin təkrar törədilməsinə görə də cərimələr müəyyənləşdirilib.

Layihə Milli Məclisin oktyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed