Şrift:
Dövlət müstəqilliyimizin tarixi nişanəsi – 18 oktyabr
15.10.2016 [08:59] - Xəbərlər, Gənclik, Türkün şanlı tarixi, Özəl xəbər
Şanlı tariximizdə dövlət müstəqilliyimizlə bağlı dəfələrlə qeyd olunmuş faktlar var. Və o faktlar sübut edib ki, müstəqilliyimizi qoruyub saxlamaq daima onu qazanmaqdan qat-qat çətin olmuşdur. Bu çətin, amma şərəfli nailiyyət isə bizlərə, hər əziyyətə, çətinliyə dözməyi, hər cür milli və şəxsi sınaqlara hazır olmağı öyrətdi. Suverenlik, müstəqillik qədər xoşbəxtlik öncəki yüzilliklərdə olduğu kimi son əsrdə də bizə qismət oldu. Və Tanrı o xoşbəxtliyi bizə son əsrdə iki dəfə daddırdı. Amma çox təəssüf ki, əsrin əvvəlindəki ilk möhtəşəm nailiyyətimiz qısa bir zamanda xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. Təməlini peyğəmbərlər qədər müqəddəs, saf, milliyyətçi və maarifçi insanların qoyduğu cümhuriyyətimiz cəmi 23 ay yaşadı. Daha sonra xalqımızı çətin, dərin, aramsız qarşıdurmalar və çəkişmələrlə dolu 70 il qarşıladı. Bu keşməkeşli illər ərzində cəsarətli millətimiz dəfələrlə üsyan etsə də, yenidən müstəqillik qazanmağa çalışsa da təəssüf ki uğursuz oldu. Xalqımız üçün növbəti tarixi imkansa 70 il sonra yarandı. Beləliklə dövlətimiz növbəti və əbədi müstəqilliyini əldə etdi. 18 oktyabr 1991-ci il, tariximizə yeni bir müstəqillik nişanəsi kimi yazıldı.

O möhtəşəm gün, Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da dəyərli millətimiz uzun illərdən bəri həsrətində olduğu azadlığına, suverenliyinə qovuşdu...

Müstəqilliyimizlə nəticələnən o şanlı 90-cı illərin canlı şahidi olmasam da, hadisələrin bilavasitə iştirakçılarının, o dönəmin bəzi milli fəallarının etiraflarından, söhbətlərindən az-çox təsəvvür edə bilirəm...

Meydanlar qızışmışdı. Xalq öz tarixini, gələcəyini müəyyən etmək üçün hər şeyə, hər addıma hazır idi. 70-lərin sonu yavaş-yavaş başlamış, 80-lərdə güclənmiş olan Xalq Hərəkatı 90-larda daha da qüvvətlənərək “Qızıl İmperiya”-nın tanklarını belə əliyalın məhv etmək arzusunda idi. 7-dən, 70-ə hər kəs bir şeyə - milli istiqlaliyyətə, azadlığa qovuşmaq üçün alov kimi yanırdı. Bu yanğı tezliklə bütün respublikanı bürüdü və rəşadətli xalqımız “Qanlı Yanvar” hadisəsi ilə qarşılaşdı. Onlarca şəhidimiz, yaralımız azadlıq atəşində yandı. Düşmənlə əli yalın savaşdı, cismən yıxılsa da ruhən sınmadı. Əskinə, gündən-günə yüksəldi, yüksəldi...

Nəhayət 1991-ci ilin payızında xalqın dərin iradəsi öz sözünü birdəfəlik dedi. Bəlkə də Azərbaycan Türklərinin əbədi taleyini həll edəcək olan akt böyük rəy sorğusunda çoxunluğun üstünlüyülə qəbul edildi. Onlarla deputatımız səsini yeni, müstəqil respublikamızın təməllərinin atılması naminə istifadə etdi. Düzdür, içimizdəki bəzi “sapı özümüzdən olan baltalar” aktın əleyhinə çıxsa da, xalqımızın milli iradəsi və azadlıq arzusu o xainlərə də güc gəldi və 20-ci əsr müqəddəs vətənimiz, dəyərli millətimiz üçün uğurlu bir sonluğa başladı.

Müstəqilliyini yeni elan etmiş Azərbaycan Respublikası, çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) də onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. Beləcə ardı-arası kəsilməyən uğurlar respublikamıza nəsib oldu.

Ard-arda 3 dövlət başçımız da Azərbaycanımızı həm beynəlxalq təzyiqdən, həm bədxah qonşularımızın müdaxiləsindən, həm də daxili qarşıdurmalardan qorumaq üçün bir-birini əvəzləyən qanunlar, qətnamələr qəbul etdilər, dövlətimizin rifahı üçün çalışdılar. Ölkə yeni bir sistemin, yeni quruluşun astanasında bir müddət siyasi böhran yaşasa da, torpaqlarımızın 20 faizi fürsətçi düşmən tərəfindən soyuqqanlılıqla işğal edilsə də qısa bir zamanda bir sıra daxili və xarici problemlər həll olundu və millətimiz tarixdə olduğu kimi bir daha dirçəldi, şanlı dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoydu...

Artıq müstəqilliyimizin iqtisadi və siyasi təməlləri getdikcə güclənir. Keçən bu 25 il ərzində bir sıra daxili və xarici problemlər yaşasaq da, nəhayətində respublikamız Qafqazda lider dövlətə çevrilmiş, Türk dünyasında və Beynəlxalq aləmdə öz xüsusi rolunu müəyyən etmişdir. Gündən-günə düşmənlərimiz qorxuya düşür və tezliklə onları qarşılayacaq olan intiqam atəşinin odundan yanmamaq üçün çıxış yolları axtarırlar. Buna yaxın “aprel” tariximiz sübutdur.

Rəşadətli, qüvvətli ordumuz bütün siyasi təzyiqlərə baxmayaraq düşmən üzərinə qətiyyətlə yeridi və işğal altında olan bir çox mövqelərimizi geri qaytardı. Onlarla qəhrəman əsgərimiz bu müqəddəs mücadilədə şəhidlik zirvəsinə yüksələrkən isə, xalqımız əsla ruh düşkünlüyü deyil, əksinə durmadan yeni savaş ruhuna bürünür, mübarizə notlarına köklənirdi. Qonşularımız daxil, bütün bölgə dövlətləri məhz o anlarda bir daha bizi tanıdı və gerçək gücümüzü gördü. Bu uğura isə xalqımız yüz illər boyunca olduğu kimi bu dəfə də məğrurluqla, şərəflə, cəsarətlə və gələcəyinə yüksək inamla çatdı. Və mən əminəm bundan sonra da davam edəcəkdir...

Sonda isə demək istəyirəm ki, Bütöv Azərbaycan, Ulu Turan sevdalı dəyərli millətimiz, sevimli xalqımız, başda “18 oktyabr” olmaqla, digər bütün milli-müqəddəs günləri unutmamalı, daim xatırlamalı və tarixin mübariz qatlarından günümüzə doğru uzanan milli davaya hər an dəstək olmalıyıq. Çünki hər şey, bütün problemlərin həlli elə xalqımızın özündən asılıdır. Kim nə deyir, desin başqa heç bir qüvvə, insan və s. heç vaxt bir qarşılıq düşünmədən, bizə, vətənimizə, millətimizə kömək olmayacaqdır. Arzularımızın gerçəkləşməsi, yaralarımızın sağalması, dərdlərimizin çarəsi üçün bir olaq, həmrəy olaq, dövlətimizə, millətimizə daim, hər an, hər mövzuda sahib çıxaq. Böyük və qüdrətli Azərbaycan naminə hər kəsə uğurlar arzu edirəm...


Bütöv Azərbaycançı, Turançı milli fəal Elşən İsmayıl
Bu xəbər oxucular tərəfindən 1782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed