Şrift:
ABŞ-la rəsmi Bakı arasında təbrik krizisi
21.10.2016 [10:22] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bəxtiyar Sadıqov: “Seçkilər bunların başlarını çox qatıb və bir az da çaşdırıb”; Fərəc Quliyev: “Azərbaycanın Qərblə münasibətlərinin yaxşı olmasına maraqlı olmayan qüvvələr...”
Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinin ABŞ hökuməti səviyyəsində rəsmi şəkildə təbrik edilməməsi ölkəmizdə birmənalı qarşılanmayıb. Bununla bağlı müxtəlif iddialar var. Əsas iddialardan biri ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum bəyanatından sonra Azərbaycan hökuməti səviyyəsində onun ünvanına sərt tənqidlər səsləndirilməsi ilə bağlıdır.

Doğrudur, ABŞ-ın Azərbaycandakı səfirliyi təbrik bəyanatı yayıb. Bəyanatda bu sözlər yer alır: “Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirik. Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir. Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib. Biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu, sabit gələcəyini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq qalır. Əsrin dörddə biri qədər mövcud olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov təbrik edən hər kəsə təşəkkür edərək, ABŞ-ın bu sırada olmamasına belə aydınlıq gətirdi: “25 il ərzində müstəqilliyi qorumaq, müstəqil siyasət yeritmək, bütün parametrlərdə ön sıralarda olmaq böyük uğurdur. Təbii ki, bu uğura öncəliklə dostlar sevinir. Dövlətlərarası münasibətlərdə etiketlər, diplomatik qaydalar var. Adətən yubileylərdə bir-birilərini təbrik edirlər. Bu da normal qəbul olunmuş məsələdir. Açığı diqqət etməmişdim ki, Amerika dövlət deyil, səfirlik səviyyəsində təbrik edib. Bütün dövlətlərlə bərabərhüquqlu əlaqələr qurmaqda maraqlıyıq, o cümlədən ABŞ-la da. Amerikanın başı hazırda seçkilərə qarışıb. Ciddi seçki prosesi aparılır. İki namizəd mübarizə aparır və həmin namizədlərin bəyanatları bəzən dünyada təəccüb yaradır. Köhnə komanda, yəni gələn ay vəzifələri ilə vidalaşacaq olan Obama komandası çamadanlarını yığışdırıb və hazırda başqa işlərlə məşğuldurlar. Cənab Kerri həmsədrliyə layiq olmayan bəyanatlar verir və deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hələ uzaqdır. Seçkilər, görünür, bunların başlarını çox qatıb və bir az da çaşdırıb. Ona görə də bəzən diplomatik qaydaları da unudurlar. Bütün hallarda Amerika xalqı durur və daim onlara hörmət bəsləmişik. Orada hakimiyyət dəyişir və yeni hökumətlə Azərbaycanın əlaqələri indiki səviyyədə davam edəcək. Yenə də ABŞ-ın həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli olacağını, beynəlxalq hüquq normalarını gözləyərək, öz nüfuzundan istifadə edərək, bu problemin həllində əsas rol oynayacağına ümidimizi kəsməmişik. Müstəqillik təbriki göndərməməsi ilə bağlı onu deyə bilərəm ki, eybi yoxdur, müstəqilliyimizin 30 illiyində rəsmi şəkildə təbrik göndərərlər. Bundan zərrə qədər məyus olmağa dəyməz. Hər halda, o dövlətin təmsilçiləri bizi təbrik ediblər”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, səfirlik dövlətin təmsilçisidir: “Protokol qaydasında ola bilər ki, bizi qane etməyən məsələlər olsun. Amma hər halda, səfirlik də dövlətin təmsilçisidir. Bir məqam var ki, Azərbaycanın Qərblə münasibətlərinin yaxşı olmasına maraqlı olmayan qüvvələr bəzən belə məsələləri qəsdən şişirdirlər. Azərbaycan və Amerika strateji tərəfdaşdırlar. Bu, dəfələrlə bəyan olunub. Böyük layihələrdə tərəfdaş ölkələr kimi iştirak edirik, özü də etibarlı tərəfdaş kimi. Bəzi hallarda anlaşılmazlıq ola bilər. Kerri bəyanat verdi, Azərbaycan da öz münasibətini bildirdi. Amerikada seçki ilə bağlı baş qarışıb. Bu baxımdan, hesab edirəm ki, rəsmi səviyyədə təbrikin olmaması daha çox bununla bağlıdır. Çalışmalıyıq ki, Qərb ölkələri ilə münasibətlərimiz daim normal olsun. Hər kəs bu mövqedədir. Çünki doğrusu budur. Açığı, rəsmi təbrikin olmamasını ölkəmizə qarşı qərəzli münasibət kimi qəbul etmirəm. Ümumiyyətlə, bu dövlət tərəfindən təbrik olmasaydı belə, bunun şişirdilməsinin əleyhinə olardım. Dostlarımızı artırmalı, düşmənlərimizi azaltmalıyıq. Kim nə deyirsə desin, hər halda, ABŞ Rusiyanın bizə vurduğu zərbələr qədər zərbə vurmayıb”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed