Şrift:
Hicran Hüseynova: “Erkən nikahlar, məişət zorakılığı problemlərinin həlli üçün hələ çox işlər görülməlidir”
25.10.2016 [12:18] - Gündəm, Sosial
“Bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində çıxışında deyib.

Komitə sədri bildirib ki, hazırda bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: “Təəssüf ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir. Ermənistanın Azərbaycana təcavüzü və torpaqların 20 faizinin zəbt olunması, ölkədə bir milyondan çox vətəndaşın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaradıb. Xüsusilə, hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiyası vacibdir. Dövlətin əsas prioriteti qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşir”.
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed