Şrift:
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik
26.10.2016 [10:07] - Gündəm, Sosial
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik edilib.

Komitədən verilən məlumata görə, vətəndaşlar onlara məxsus daşınmaz əmlaka dair çıxarış almaq üçün tələb olunan sənədlərin siyahısı ilə indi daha rahat və çevik şəkildə tanış ola biləcəklər. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində bu siyahını əks etdirən “Vətəndaşların nəzərinə” adlı ayrıca keçid (link) yaradılıb.

Burada mənzil fondunun özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb. Həyətyanı torpaq sahəsi və bağ evi olan vətəndaşlar da bu əmlakların ilkin qeydiyyatı üçün zəruri sənədlərin siyahısını bu linkdə görə bilərlər.

Fərdi və kooperativ bağ sahələri (boş torpaq sahələri) üzərində hüquqların ilkin qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı da bu linkdə yer alıb. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının istifadəsindəki bağ sahələrinin ilkin qeydiyyatı bağlı sənədlərlə də burada tanış olmaq mümkündür. Bu siyahı isə yalnız 2001-ci il 1 yanvar tarixinədək ayrılmış torpaq sahələrinin qanuni istifadəçilərinə şamil edilir.

Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranan tarixdən əvvəl yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərin siyahısı da linkdə əksini tapıb. Bu mülkiyyət hüquqlarına Xidmət fəaliyyətə başlayana qədər müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış hüquqlar və bu barədə verilmiş sənədlər aiddir.

Qeyd edək ki, bu yeniliyin məqsədi hüquqi tələbləri daha rahat və çevik şəkildə əhaliyə çatdırmaq və maarifləndirmək, eləcə də qeydiyyat prosesində vətəndaşın işini maksimum rahatlaşdırmaqdır. Vətəndaş qeydiyyat prosesinə başlamazdan öncə sadəcə bu linkə daxil olaraq zəruri sənədlər siyahısı ilə tanış olur. Artıq bundan ötrü ərazi qeydiyyat idarəsinə getməsinə və ya zəng vurmasına ehtiyac qalmır. Daha sonra isə vətəndaş daşınmaz əmlak barədə istədiyi hüquqi əməliyyatları həyata keçirməyə başlayır. Son nəticədə bu yenilik daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunun artırılmasına və məmur-vətəndaş ünsiyyətinin azaldılmasına xidmət edir.

Belə tədbirlər qeydiyyat xidmətlərində keyfiyyət və səmərəliliyin artmasına, daha çox insanın hüquq sahibi, mülkiyyətçi olmasına yol açır. Xatırladaq ki, son illərdə imzalanmış Fərman və sərəncamlar sayəsində qeydiyyat üçün əsas olan ilkin sənədlərin siyahısı əhəmiyyətli dərəcədə genişlənib. Qeydiyyat üçün tələb olunan müddətlər də qısaldılıb və 10 iş gününə endirilib.

Elektron və onlayn xidmətlərin tətbiqindən sonra isə daşınmaz əmlakın qeydiyyatı prosesi kifayət qədər sadələşib. Elektron müstəviyə keçid vətəndaşın qeydiyyat üçün uzun vaxt itgisinə məruz qalmasını, ərazi idarələrinə getməsini aradan qaldırıb və vətəndaş-məmur ünsiyyətini minimuma endirib.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed