Şrift:
Fərəc Quliyev:-Limit bitir - Hərbi mərhələni başlamaq lazımdır, başqa yolu yoxdur!
26.10.2016 [10:31] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan hətta bu ilin aprelində cəbhə xəttində baş verənlərdən də ibrət dərsi götürməyərək yenə də himayədarlarının köməyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları süni şəkildə uzadır. Ermənilər göstərirlər ki, onlar status-kvonu saxlamaqda maraqlı olması ilə bölgədə sülhü istəməməsini bir daha nümayiş etdirdilər. Bəs çıxış yolu nədir?

Bununla bağlı Milli.Az-ın sualını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib ki, aprel hadisələrindən sonra artıq problemin həllində yeni mərhələ başlanıb.

Ona görə Ermənistanın qarşısında məsələnin həlli ilə bağlı konkret tələblər və vaxt qoyulmalı, əgər yerinə yetirməzsə, torpaqların qısa müddətdə hərbi yolla azad edilməsinə başlanmalıdır:
"Aprel əməliyyatları zamanı cəbhədə müəyyən dəyişikliklər oldu və bir çox məsələlərə yenidən baxmaq zərurəti yarandı. Azərbaycan tərəfi ermənilərin təxribatına cavab olaraq güc nümayiş etdirdi və göstərdi ki, öz torpaqlarını hərbi yolla azad edə bilər. Amma beynəlxalq böyük güclərin xahişindən sonra Azərbaycan hücumu dayandırdı və bildirdi ki, buyurun, əgər məsələni dinc yolla həll edə bilirsizsə, biz buna razıyıq və hazırıq. Əslində, Azərbaycan bununla problemin həlli üçün əlindən gələn hər şeyi etdi. Çünki ona qədər belə düşünülürdü ki, Ermənistan tərəfinin hərbi üstünlüyü var və buna görə də işğal etdiyi torpaqları əlində saxlaya bilib. Lakin Azərbaycan ordusu bunun əksini sübut etdi. Əgər yeni şəraitdə beynəlxalq güclər, ATƏT-in Minsk qrupu bu məsələyə əl qoymasaydı, Azərbaycan bu missiyanı uğurla bitirəcəkdi.
Təbii ki, artıq ermənilərin tam mənada ifşası prosesi bitib. İndən sonra dünya ictimai rəyinə oynamağa dəyməz. Mən hesab edirəm ki, ermənilərə son dəfə vaxt vermək, onlara limit qoymaq və əgər torpaqları azad etməzlərsə, hərbi mərhələni başlamaq lazımdır. Artıq başqa yolu yoxdur!"

İlkin İzzət
Milli.Az
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed