Şrift:
Deputat: "Hər məzarın yanında bayraq sancmaq bayağı olar"
27.10.2016 [10:42] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Biz Azərbaycan bayrağının ölkədə hər yerdə asılmasını istəyirik. Məsələn, aprel savaşı zamanı biz gördük ki, evlərdə, eyvanlarda, binalarda, avtomobillərdə, şəhərin hər yerində Azərbaycan bayrağı görünürdü. Amma hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması tamam başqa şeydir. Biz bunu qanun səviyyəsinə salsaq, bu bir az normal olmaz. Şəxsən mən belə hesab edirəm ki, bu, doğru deyil.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev qəbristanlıqlarda şəhid məzarlarının üzərində Azərbaycan bayrağının dalğalandırılması ilə bağlı səslənən təklifə münasibətində belə deyib.

Millət vəkili qeyd edib ki, şəhidlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir, amma hər məzarın başında bayraq asmaq bayağı olardı:
"Təmsil olunduğum komitənin iclasında şəhidlərin ehtiramla dəfn edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik etmişik və bu dəyişikliklər plenar sessiyada da qəbul olunub. Artıq qanunverilcilikdə dəfn zamanı yaylım atəşənin açılması, müvafiq icra strukturlarının orada iştirakı, tabutun hansı formada aparılması və Azərbaycan bayrağının onun üstünə salınması, bayrağın valideynə verilməsi və s. məsələlər yer alıb. Yəni mənə elə gəlir ki, şəhidlərin dəfni ilə bağlı bütün detallar qanunvericilikdə öz əksini tapıb. Güman etmirəm ki, Şəhidlər xiyabanında hər bir şəhid məzarının üzərində bayrağın dalğalandırılması doğru olar. Şəhidlər xiyabanında 20 Yanvar şəhidləri, Qarabağ şəhidləri uyuyur. Orada bir bayrağın dalğalanması onların hamısına aiddir. Amma hər bir məzarın yanında ayrı-ayrılıqda bayraq sancmaq, məncə, bu, bayağı olar. Bir var ki, hansısa rayonda, kənddə bir şəhid məzarı var və orada bir bayraq ucaldılır, bir də var ki, 50, 100, 200 nəfər şəhidimizin uyuduğu qəbristanlıqda hər bir məzarın yanında bayraq sancmaq bayağı alınar".

Qeyd edək ki, şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının asılması təklifini Milli Məclisin deputatı Aqil Abbas parlamentin iclasında "Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri nizamnaməsində" dəyişiklər edilməsi müzakirə edilərkən irəli sürüb. Deputat bildirib ki, Türkiyədə şəhid harada basdırılmasından asılı olmayaraq, onun qəbrinin yanına bayraq qoyulur: "Türkiyənin bu ənənəsi çox yaxşıdır və həmin qəbristanlığın yanından keçərkən orada şəhidin yatdığı məlum olur. Təklif edərdim ki, biz də belə edək. Şəhidlərimiz öz elində-obasında basıdırılarkən onun qəbrinin yanında bayraq asılsın. Bu, eyni zamanda şəhidə göstərilən böyük ehtiramdır".

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, deputat Aqil Abbasın qaldırdığı məsələ maraqlıdır və gələcəkdə dəfn mərasimində xüsusi güşənin yaradılması mümkün ola bilər: "Lakin hələlik əlimizdəki qanun layihəsi budur və bu təkliflər gələcəkdə nəzərə alına bilər".

İlkin İzzət

Milli.Az
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed