Şrift:
Qaxda tarixçi alim Oleq Kuznetsovun erməni terrorizmindən bəhs edən kitabının təqdimatı olub
28.10.2016 [15:08] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Beşinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, rusiyalı tarixçi və siyasi analitik, hüquqşünas Oleq Yureviç Kuznetsov respublikamızın bölgələrinə səfəri çərçivəsində oktyabrın 28-də Qax rayonunda olub, ictimaiyyət nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində tarixçi alimin müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.

Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova açaraq, alimin erməni terrorizmindən bəhs edən bu əsərinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Sonra tarixçi alim tədbir iştirakçılarına beynəlxalq terrorizm və erməni terrorizmi haqqında apardığı araşdırmalar barədə məlumat verib. Rusiyalı tarixçi bildirib ki, o, uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.

Görüşün sonunda Oleq Kuznetsov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed