Şrift:
Azərbaycan Ordusunun ilk hərbi hissəsinin yaranmasından 20 il ötür
09.10.2011 [18:40] - Gündəm
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsi olan 701 saylı briqadanın yaranmasının 20 ili tamam olur.

Bu münasibətlə hərbi hissənin şəxsi heyəti, keçmiş briqada və tabor komandirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Şəhidlər xiyabanında dəfn olunmuş döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.

Şəhidlər xiyabanında keçirilən anım tədbirində çıxış edən 701 saylı Hərbi Hissənin Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə briqadanın döyüş yolundan danışıb. 701 saylı hissənin 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində Sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradıldığın, iki ay sonra isə şəxsi heyətin Qarabağda döyüşlərə qatıldığın bildirib: “Hərbi hissəmiz Şuşanın kəndlərinin müdafiəsində, Daşaltı əməliyyatında, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib. 701 saylı briqadanın necə döyüşdüyünü ermənilər də yaxşı bilirdilər”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev isə çıxışında keçmiş döyüşçülərin hər il oktyabrın 9-da Şəhidlər xiyabanına toplaşaraq bu tarixi andıqlarını deyib: “Biz burada mərhum general Zaur Rzayevin komandası altında Hərbi Andı qəbul etdik. Artıq 20 il ötüb. İndi bizim övladlarımız 701 saylı hərbi hissədə xidmət edirlər”.

Hərbi hissənin sabiq komandiri, polkovnik-leytenant Valeh Rəfiyev isə keçmiş döyüşçülərin bu birləşib yenidən döyüşlərə atılmağa hazır olduğun bəyan edib: “İyirmi il ötüb. Amma bu illər bizim döyüşçülərin savaş ruhuna heç bir təsir göstərməyib. Ali Baş Komandanın əmri altında bizim keçmiş əsgər və zabitlərimiz yenidən döyüşlərə atılacaqları günü gözləyirlər”.

Qeyd edək ki, 1991-ci il oktyabrın 9-da Azərbaycan Ali Soveti (Milli Məclis) Silahlı Qüvvələrin yaradılması haqqında qərar qəbul edib. Bu hərbi hissənin ilk taborları könüllülərdən təşkil olunub.
Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed