Şrift:
“Antalya Ekspo 2016” sərgisində Azərbaycan pavilyonu birinci yer tutub
31.10.2016 [12:36] - Gündəm, Mədəniyyət
Türkiyənin Antalya şəhərində keçirilən və oktyabrın 30-da başa çatan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonu birinci yer tutub. Azərbaycan pavilyonu birinciliyi eksteryer və interyer bağçası nominasiyasında əldə edib.

Bu kateqoriyada birinci yeri Azərbaycanla yanaşı, Çin, Almaniya, Koreya Respublikası, Qətər, Tailand və Yaponiya pavilyonları da qazanıb.

Qeyd edək ki, “Antalya Ekspo 2016”da iki min kvadratmetrədək ərazini əhatə edən Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulmuşdu.

Azərbaycanın milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilib, həmçinin Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgilər təqdim edilib.

Eksteryer və interyer bağçası kateqoriyası üzrə ikinci yeri Nepal, Macarıstan, İtaliya, Yaponiya, Niderland, Sinqapur, üçüncü yeri Gürcüstan, Qazaxıstan, Keniya, Türkmənistan və Hindistan tutub.

Sərginin başa çatması münasibətilə keçirilən tədbirdə yaşıl şəhər, eksteryer bağçası, universitet bağçası nominasiyaları ilə yanaşı, xüsusi mükafatlar da təqdim olunub.

Mükafatlandırma mərasimində çıxış edən “Antalya Ekspo 2016”nın təşkilat komitəsinin sədri, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib ki, sərgi 191 gün ərzində 4,5 milyondan artıq yerli və əcnəbi ziyarətçi qəbul edib. Bəzi günlər pavilyonlarla tanış olanların sayı 70 mini ötüb. Beynəlxalq sərgidə 54 ölkə iştirak edib.

Aprelin 22-də açılan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi “Gələcək nəsillər üçün yaşıl bir dünya”, mövzusu “Çiçək və uşaq”, şüarı isə “Gələcəyi yaşıllaşdır” olub.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed