Şrift:
Mövlud Çavuşoğlu: “Erməni deputatlar AŞPA-nın qərarlarına hörmətlə yanaşmalıdırlar”
10.10.2011 [14:21] - Xəbərlər
“Təəssüf ki, ermənilər Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə Alt komitəsinin işinə qatılmırlar. Parlament Assambleyasının qərarlarına hörmətlə yanaşmaq lazımdır”.

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

M. Çavuşoğlu bildirib ki, Dağlıq Qarabağla üzrə Alt Komitənin yaradılmasının məqsədi insan hüquqları sahəsində yaranan problemlərin sayını aşağı salmaqdır: “Biz Avropa Şurası Parlament Assambleyasının Bürosu olaraq Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən aktivləşdirilməsi qərarına gəldik. Çünki Azərbaycan torpaqlarının işğalı altında qalması insan hüquqları sahəsində problemlər yaradır. İşğal nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün var. Azərbaycan prezidenti onlar üçün hər şey edir. Amma insanların qaçqın və məcburi köçkün vəziyyətində yaşamaları, həyat standartları o qədər də asan deyil. Məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər və onların buna hüququ var. Ona görə də biz istədik ki, AŞPA-da bu problemlə bağlı dialoq olsun. Təəssüf ki, erməni dostlarımız komitənin işinə qatılmırlar. Halbuki assambleyanın qərarlarına hörmətlə yanaşmaq lazımdır. Biz özümüz AŞPA qərarlarını həyata keçirməliyik ki, digərləri də buna riayət etsinlər”.
Bu xəbər oxucular tərəfindən 1159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed