Şrift:
Fərəc Quliyev: Onlar həqiqəti müdafiə etməkdə maraqlıdırlar
10.03.2012 [11:49] - Gündəm, Fərəc Quliyev
Azərbaycanlı nümayəndə heyəti Belçikaya səfər edərək bu ölkənin parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçirib. Azərbaycanlı nümayəndə heyəti martın 8-də ölkəmizə qayıdıb. Səfərin nəticələri ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dedi ki, Belçika Parlamentində Dağlıq Qarabağla bağlı qətnamənin qəbul olunmasına çalışırlar: “Belçikada olan Azərbaycan səfirliyi, Belçika-Azərbaycan Dostluq Qrupunun rəhbərliyi və üzvləri ilə birgə ona çalışırıq ki, bu ölkənin parlamentində Dağlıq Qarabağla bağlı bir qətnamə qəbul edilsin. Bu çox mühüm məsələdir. Əgər bu qəbul olunarsa, artıq digər məsələləri də qaldırmaq mümkündür. Hər halda orada çox ciddi müzakirələr getdi. Orada keçirdiyimiz görüşlərdə o qənaət formalaşdı ki, Belçika Azərbaycanın ədalətli mövqelərini müdafiə etməyə hazırdır. Bu bizim tərəfimizdən çıxış etmək deyil, sadəcə olaraq həqiqəti bilirlər və həqiqəti müdafiə etməkdə maraqlıdırlar. İşin gedişinə baxaq və hadisələri qabaqlamayaq. Məncə uğurlu sonluq olmalıdır”.
Qeyd edək ki, Brüsselə yollanan Azərbaycan nümayəndə heyətinin tərkibi Baş nazirinin müavini Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, eləcə də millət vəkilləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Azər Kərimli, Fərəc Quliyev və Ceyhun Osmanlı, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlıdan ibarət idi. Onlar səfər zamanı Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında «İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər )» mövzusunda dinləmələrdə iştirak ediblər. Eyni zamanda nümayəndə heyəti səfər zamanı bir sıra görüşlər keçiriblər.

Məhərrəm
Bu xəbər oxucular tərəfindən 1425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed