Şrift:
Abu-Dabidə SOCAR ilə bir sıra xarici şirkətlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub
08.11.2016 [10:17] - Gündəm, İqtisadiyyat
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi Beynəlxalq neft-qaz sərgi-konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

SOCAR-dan bildiriblər ki, dünyanın böyük neft və qaz şirkətlərinin iştirak etdiyi tədbir çərçivəsində SOCAR-ın prezidenti bir sıra ikitərəfli görüşlər keçirib.

BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşdə BP-nin Azərbaycanda həyata keçirilən ən böyük layihələrdə SOCAR-ın etibarlı tərəfdaşı olduğu qeyd edilib, “AÇG” yatağında uğurlu birgə fəaliyyətin aspektləri müzakirə olunub. İki şirkət arasında Azərbaycanda və xaricdə birgə layihələr üzrə biznesin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra “Total” şirkətinin prezidenti Patrik Puyyane ilə görüşən SOCAR prezidenti Rövnəq Abdullayev “Total”ın Azərbaycanda uğurlu fəaliyyətindən danışıb. Söhbət zamanı əməkdaşlığın hazırkı vəziyyəti dəyərləndirilib. Görüşdə “Abşeron” layihəsinin investisiya fazasına keçməsi, iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

“Statoil” şirkətinin prezidenti Eldar Setre ilə görüşdə dünya neft-qaz bazarında baş verən yeniliklər fonunda “AÇG” layihəsinin inkişafı, “Qarabağ” yatağı üzrə əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycanda həyata keçirilən layihələrdə “Statoil” şirkətinin iştirak imkanları, investisiya perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabi səfəri çərçivəsində “ExxonMobil” şirkətinin prezidenti Reks Tillersonla da görüşüb. “ExxonMobil” şirkətinin rəhbəri SOCAR-ın Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələri maraqla izlədiklərini bildirib. O, SOCAR-ExxonMobile əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını deyib.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed