Şrift:
Yazıçılar Qarabağ ictimaiyyətinin nümayəndələri ilə görüş keçiriblər
08.11.2016 [11:33] - Gündəm, Sosial
Noyabrın 7-də Ağdam Rayon Dövlət Dram Teatrında "Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə yazıçı və şairlərin görüşü keçirilib. Görüşdə Azərbaycan Yazarlar Klubu İctimai Birliyinin sədri Elçin Hüseynbəyli, millət vəkili, yazıçı Aqil Abbas, yazıçı-publisist, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz və şair Əbülfət Mədətoğlu iştirak ediblər. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Elçin Hüseynbəyli bildirib ki, layihənin məqsədi şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüş keçirməkdir: "Məlum olduğu kimi bu il yaz zəfəri zamanı ölkə prezidenti İlham Əliyev və ökənin birinci xanımı, millət vəkili, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva cəbhə bölgəsinə səfər etmişdi. Yazıçılar da dövlətimizə, ordumuza, cəbhə bölgələrində yaşayan insanlarımıza dəstək vermək üçün belə səfərlərdən istifadə etmək qərarına gəldilər. Laihə çərçivəsində cəbhə bölgələrinə səfərlər davam etdiriləcək".
Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas qeyd edib ki, yazıçısından, hərbçisindən tutmuş ən sadə vətəndaşına qədər bütün ölkə əhalisi həmişə dövlətin yanında olub. Məhz bu amil imkan verir ki, dövlətimiz beynəlxalq alımdə öz prinspial mövqeyini nümayiş etdirə bilsin. O, əmin olduğunu bildirib ki, Azərbaycanın itirilmiş torpaqları nəyin bahasına olursa-olsun işğaldan azad ediləcək. Buna Azərbaycanın həm mənəvi, həm də hərbi potensialı imkan verir.
Yazıçı-publisist Yunus Oğuz qeyd edib ki, Qarabağ eyni zamanda Azərbaycan anlamına gəlir. Odur ki, bütün Azərbaycan Qarabağ uğrunda savaşa hazır olmalıdır. Onun sözlərinə görə, aprel döyüşlərindən sonra istər hərbçilər, istərsə də mülki vətəndaşlar arasında vətənpərvərlik hissi artıb, insanların döyüş əhval-ruhiyəsi yüksəlib: "Qarabağ Azərbaycanın əzəli torpağıdır. Hələ sülh danışıqları tükənməyib. Buna baxmayaraq, əgər ehtiyac yaransa, hərbi yolla da torpaqlarımızı işğaldan azad etməyə qadirik". Şair Əbülfəz Mədətoğlu isə Qarabağla bağlı şerlərini səsləndirib. Tədbirdə çıxış edən Qarabağ ictimaiyyətinin nümayəndələri torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed