Şrift:
Saakaşvilinin Milli Məclisdəki çıxışı ətrafında düşüncələr - Deputat yazır
13.03.2012 [12:58] - DAVAMın yazıları
və ya yeni beynəlxalq çağırışlara cavab kontekstində Cənubi Qafqaz ölkələri dövlət müstəqilliklərini qorumaqdan ötrü nə etməlidir?

Gürcüstan prezidenti cənab Mixeil Saakaşvilinin martın 7-də Milli Məclisdəki çıxışı istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə müxtəlif prizmalardan geniş şəkildə müzakirə olunmaqdadır. Fikrimizcə, Gürcüstan prezidenti, hallandırıldığı kimi, Milli Məclisdə kimisə təhqir və ya tənqid etmək üçün yox, Azərbaycana strateji müttəfiqliyin, müasir dünyanın yeni çağırışlarından qaynaqlanan mərhələsinə keçmək təklifi, Rusiyaya isə yeni müstəqil dövlətlərin davamlı mübarizə, böyük qanlar bahasına qovuşduğu müstəqilliyinə hörmət və sivil prinsiplərə uyğun birgəyaşayış çağırışı etdi.

Bu çıxış hər şeydən əvvəl, sürətlə dəyişən dünyada bizim regionla bağlı geopolitik mətləblərdən, regionda yaxın zamanlarda cərəyan edə biləcək hadisələr barədə xəbər kimi qiymətləndirə bilər. O, dəyişən dünyamızda günün gosiyasi reaalıqlarından çıxış edərək və Cənubi Qafqazda yaşayan bizlərin öz azadlığımıza nail olmağımız uğrunda çəkdiyimiz əzabları dilə gətirərək, bundan sonra hər hansı bir istilaçıya boyun əyməyəcəyimizi, bu amal uğrunda Azərəbyacan və gürcü xalqının həmrəy olacağını bəyan etdi. Cənab Mixeil Saakaşvilinin çıxışı həm də sürətlə dəyişən dünyada bizim regionla bağlı beynəlxaq güclərin danışıq müstəvisində olan geosiyasi plan və mətləblərdən xəbər kimi dəyərləndirilə bilər. O, çıxışında Azərbaycan və Gürcüstanın müstəqiliyinə yeni təhlükələrin ola biləcəyi siqnaqlını verməyə çalışdı. Bir dövlət başçısı kimi, açıq şəkildə öz ölkəsinin - Gürcüstanın real müstəqiliyinin Azərbaycanın müstəqiliyindən birbaşa asılı olduğunu vurğuladı. O, bu çıxışı ilə həm də bir sıra deputat həmkarlarımızın xatırlatdığı kimi, Rus istilasını Qafqazlara gətirən öz babalarına da cavab vermiş oldu.

Onun cavabı dəqiq və birmənalı idi. 1783-cü ildə rus himayəsini qəbul edən gürcülər nəinki özlərinin düşündükləri kimi türk istilaslndan xilas ola bildilər, əksinə onlar 200 ilədək sürən ağır məhrumiyyətlərə, represiyalara məruz qaldılar. 200 il ərzində onlardan qonşuları türklərə qarşı istifadə edilməyə çalışıldı. Fəqət türk genetik yaddaşı, türk özünüdərki bizlərin tarixən Qafqazlarda tutduğumuz mövqe və yalnız bizə məxsus məkanda özümüzü təsdiq imkanlarımızı bir qədər də genişləndirdi. Bu millətimizin növbəti tarixi qisməti və ya keçmişdə qazandıqlarımızın təzahürü idi. Bunu 2008-ci ilin avqust hadisələri əyanə şəkildə göstərdi. Bu hadisələr göstərdi ki, AZƏRBAYCANSIZ QAFQAZ YALNIZ COĞRAFİ MƏKANDIR. Bölgənin iqtisadi-siyasi varlığı birbaşa Azərbaycandan asılıdır.

Azərbaycansız Gürcüstanın və digər Qafqaz ölkələrinin, hətta Ermənistanın müstəqiliyini qoruyub saxlamaq çox çətindir, əslində mümkünsüzdür. Belə olmasaydı, bu gün çarəsiz Ermənistan Rusiyanın for postu olmazdı. Bunu bizim bədxahlarımız da yaxşı anladığından, Azərbaycanı daim təzyiq altında saxlamağın,öz potensialından yetərincə istifadə etməyə imkan verilməməsinin, zəif salınmasının və torpaqlarını işğaldan azad etməsinə maneələrin müxtəlif planlarını reallaşdırırlar.

Bu gün Gürcüstan iqtisadiyyatının xeyli dərəcədə Azərbaycandan asılı olması heç kimə sirr deyildir. Azərbaycan-Türkiyə təbii müttəfiqliyi və bu müttəfiqliyin prioritetlərindən reallaşan layihələrin Gürcüstana böyük fayda verməsi də faktdır. Digər tərəfdən bu gün, Gürcüstan müstəqil olmasa, bizim də problemlərimiz artar, müstəqilliyimizə real təhlükələr meydana çıxar. Onu da unutmamalı və nəzərimizdən qaçırmamalıyıq ki, 220 il öncə Rus imperiyası tərəfindən Qafqazıların işğalı məhz Gürcüstandan başlanılmşdı.

Gürcüstanın müstəqil Azərbacana verə biləcəyi geosiyasi qazancları dəyərləndirməyə çalışsaq, Gürcüstanın Azərbaycanın okeanlara, Aralıq dənizi regionuna, yeganə çıxış imkanı olduğunu görərik. Gürcüstanın həm də Azərbaycanın təbii ehtiyatlarının, neftinin, qazının və digər mallarının Avropa bazarlarına rahat çıxarılması, Azərbaycan torpaqlarının işğal olunmasında qalibin yanında başkəsən rolunu oynayanların, ana, uşaq qatillərinin idarə etdiyi Ermənistandan yan keçməklə Şərqlə-Qərbi birləşdirəcək ən iri layihələrinin həyata keçirilməsi planlaşdırılan trayektoriya olduğunu görərik. Eyni zamanda iki ölkənin ticarət dövriyyəsində Azərbaycanın payının çoxluğu onu göstərir ki, kiçik də olsa, hər halda Gürcüstan bazarı Azərbaycan üçün asan və perspektivli satış bazarlarından, investisiya məkanlarından biridir.

Bu tərəfdaşlığı bizim üçün həyati zəruri edən amillərdən biri də bu ölkə ərazisində 500 min nəfərədək soydaşımızın yaşamasıdır. Onlar bu ölkə ərazisində etnik azlıq hesab edilsələr də, əslində gerçəkdən bu bölgənin tarixi sahibidirlər və bölgəyə real sahibliyimizi burada yaşamaları ilə sübut edirlər. Gürcüstan həm də beynəlxalq təşkilatlarda Azərbaycanı birmənalı şəkildə dəstəkləyən real müttəfiqdir. Çünki hər iki dövlət məlum dairələrin dəstəklədiyi seperatizmdən əziyyət çəkir. GUAM təşkilatının təsisi və onun bir sıra dünya-Avropa təşkilatlarına inteqrasiya cəhdləri və bu zəmində münasibətlərin dərinləşdirilməsi istiqaməndə atılan addımlar hər iki dövlətin öz müstəqilliklərinin möhkəmləndirilməsi, suverenliklərinə beynəlxalq təminatın alnınması cəhdləri kimi dəyərləndirilə bilər.

Gürcüstan Respublikasaının prezidenti cənab Mixeil Saakaşvilinin Milli Məclisdəki çıxışını bizim üçün bəlli və istiqaməti məlum təhdid və təhlükəlkərin yenidən gündəmə gətirilməsi, xatırlanması kimi dəyərləndirmək olar. Gürcüstan Prezidentinin çıxışında yer alan müstəqilliyimiz əleyhinə təhdidlər haqqında işarələr realdır və bu gün hər üç Cənubi Qafqaz Respublikası üçün gündəmdədir. Bu mənada bu çıxışdan sonra kimlərsə özünü təhqir olunmuş hiss edirsə, hamını ora qatmaqla yox, fikir plüralizmi haqqından istifadə etməklə fikir yürütsə, daha konstruktiv yanaşma olar. Köhnə qəliblərə sığmayan, köhnə stereotiplərə əsaslanmayan çıxış, tənqid yox, təhqir yox, yaşadığımız dövrün problem, təhlükə və yeni çağırışları baxımından fikirləşmək üçün bizə zəngin material verən baxış kimi dəyərləndirilsə, bu daha obyektiv yanaşma olardı. Cənab Mixeil Saakaşvili qonşu dövlətlər kimi, birgəyaşayış və birgə inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində növbəti addımlar olaraq, Avropa çempionatını birgə keçirməyi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin sürətləndirilnəsini və Türkiyədən keçməklə Avropaya inteqrasiyanın genişləndirilməsini, enerji eksportu üzrə birgə şirkətin yaradılmasını təklif etdi. Cənab Saakaşvili hər şeyi öz adı ilə, həmçinin dar gündə riskə gedərək Gürcüstana və ona kömək edən müttəfiqi də öz adı ilə adlandırdı. Cənab Saakaşvili Rusiyanın timsalında perspektivsiz layihələrlə öz xalqı və öz qonşuları üçün əlavə problemlər yaradan ölkədən, qürurlu, demokratik, ölkənin potensial imkanları səviyyəsində öz xalqının dolanışığını təmin etməyə qadir bir ölkəyə çevrilməsini arzuladı. Ola biər ki, bu movzuya toxunarkən onun hansısa ifadələri məlum siyasi motivlərə görə narahatçılıq doğursun, kimlərinsə ürəyindən olmasın, onların siyasi mövqeyinə, düşüncə tərzinə uyğun gəlməsin. Bu təbiidir. Amma kimlərinsə bu çıxışın məhz Azərbaycan Parlamentinin tribunasından edilməsinə sərt reaksiyaları yersizdir...

Yoxsa kimlərsə Gürcüstan prezidenti cənab Mixeil Saakaşvilinin bu çıxışından sonra bizdə də Azərbaycan torpaqlarını işğal edənlərin əsl adının birtərəfli qaydada yox, Xocalı soyqırımının 20 illiyini qeyd etdiyimiz zaman olduğu kimi, hamılıqla kompleks halında çəkilməsinə rəvac veriləcəyindən təşvişə düşüb? Bəlkə kimsə o çıxışda “Avrasiya İttifaqı” pərdəsi altında SSRİ-ni “diriltmək” cəhdlərinin perspektivsiz adlandırılmasından xoşu gəlməyib? Bəlkə kimsə o çıxışda biznes maraqlarına təhlükə görür? Yoxsa kimsə cənab Saakaşvilinin bu çıxışında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki layiqli yerindən danışmağını həzm edə bilmir? Yoxsa kimsə cənab Mixeil Saakaşvilinin Milli Məclisdəki çıxışı zamanı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamının Azərbaycanın ən yüksək tribunasından səsləndirilməsindən narahatdır?

Bəli, bizim üçün Azərbaycanın müstəqiliyindən qiymətli heç nə yoxdur. Bir kərə yüksələn bayraq bir daha enməz və enməyəcəkdir! Bu BAYRAQ BİZİM OĞULLARIMIZIN, NƏVƏLƏRİMİZİN, NƏTİCƏLƏRİMİZİN ÇİYİNLƏRİNDƏ QİYAMƏTƏDƏK DAŞINACAQ, ENMƏYCƏK VƏ ƏYİLMƏYƏCƏKDİR!

Sevindirici haldır ki, Azərbaycanda çoxluq belə düşünür. Amma biz həm də, qismən də olsa, o kəslərik ki, hələlik himnimizi hamılıqla oxuya bilmirik, tarixi yaddaşsızlıqdan ziyan və əziyyət çəkməkdə davam edirik. Müstəqillik və demokratiyadan danışılan belə çıxışları hansısa cümlənin qrammatik quruluşunun uyğunluğu və ya dar maraqlar baxımından yox, müstəqiliyimizi əsas meyar kimi götürməklə qiymətləndirməliyik. Bu zaman dəyişməyən yeganə amal və hədəf milli müstəqilliyimizin qorunması və azadlığımızın təmini olmalıdır.

Dünya sürətlə dəyişir. Yeni meyllər və çağırışlar dünyada elə bir şərait yaratmağa başlayıb ki, bəşəriyyətin mütərəqqi hissəsinin getdiyi tərəfə getməmək-faktiki olaraq yerində saymaq və heç hara getməmək deməkdir. Kim dəyişən dünyanın yeni dalğa və koordinatlarının nəbzini tuta bilsə, gözlənilən təlatümlərdən az itki ilə çıxıb, sürətlə tərəqqi edəcəkdir. Biz də fikirdə, sözdə və işdə dünyanın mütərəqqi hissəsi hara gedirsə, ora doğru hərəkətlə ayaqlaşmaqdan ötrü cəmiyyət həyatının bütün sahələrində demokratik islahatlar vasitəsilə təfəkkürcə dəyişməliyik. Onda həm müstəqilliyimizı qoruyub saxlayacağıq, həm də ona real məzmun vermək, ərazi bütövlüyümüzü təmin etmək və hamı üçün layiqli həyat şəraiti qurmaq arzumuz sürətlə reallığa çevrilməyə başlayacaq və bu işdə heç kimin haqqı kölgədə qalmayacaqdır.

Əli Məsimli
Milli Məclisin deputatı,
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri
Bu xəbər oxucular tərəfindən 1478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed