Şrift:
Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək
15.11.2016 [10:26] - Gündəm, Mədəniyyət
Prezident İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, böyük tarixi keçmişə malik Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılıq özünəməxsus yer tutur. Milli həyat tərzimizin mühüm amili olan və çoxəsrlik inkişafı boyunca yüksək bədii-estetik keyfiyyətləri ilə seçilən bu dəyərli sənət xalqımızın zəngin dünyagörüşünün, təfəkkürünün və mənəvi varlığının aydın ifadəçisinə çevrilib.

Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla aparılmaqdadır.

Dövlətimizin başçısı Sərəncamı Azərbaycanın qədim xalçaçılıq sənəti ənənələrinin qorunub yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədilə imzalayıb.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed