15.11.2016 [11:24] - Xəbərlər, Gündəm, Türkün şanlı tarixi
Ağalar Qut
Qarı düşmən dost olmaz
Bu il Babəkin 816/17-ci ildə xürrəmilərə başçılıq etməyə başlamasının 1200 illiyidir. Düz 1200 il bundan qabaq, adı bizə ərəbdilli qaynaqlarda “Babək Xürrəmi” kimi gəlib çatan dirəyimiz (!) tarix səhnəsində dikəlmişdir.
Ərəb qulağının “xürrəmi”, “şad-xürrəm”, “Babək”, “Bəzz” kimi eşitdiyi adları biz indiyədək öz qulağımızla, başqa sözlərlə desək, ana dilimizcə eşidə bilməmişik. “Xürrəm” sözünün ərəbcə olmadığını bilirik [1, 255]. Bu adın indiyədək bir neçə cür izahı verilsə də, ancaq bu izahlardan hansısa biri elmdə hamını razı sala, bütün sorğulara dolğun cavablar verə bilməmişdir. Deyəsən, ilk dəfə olaraq biz bunu bacarmış, 1200 il sonra tarixi bir sirrin üstünü açmışıq.
***
Ərəbdilli qaynaqlarda xürrəm(i), hürrəm(i) kimi yazılan sözün kökü – istər danışıq dilimizdə, istərsə şivələrimizdə tez-tez işlənilən, istər Dədə Qor Qut dastanında, istərsə nağıllarımızda qarşımıza çıxan, ana dilimizin ən qədim sözlərindən biri kimi duran, ancaq görünür başa düşülmədiyi üçün dilimizin izahlı lüğətinə, başqa sözlə desək, ədəbi dilimizin lüğət fonduna salınmayan, dişilik, daha doğrusu, dişi şəhvəti, dişi motivi, feminin hərəkətverici güc mənası bildirən – hör, hır, hor, hür, kür və s. kimi fonetik variantlarda səslənən sözümüzdür.
Dədə Qor Qut dastanında Qazan xan, oğlu Uruzun vuruşmada əsir düşdüyünü bilmədiyindən, elə bilir o, döyüş meydanından anasının yanına qaçıb. “Qazan ... aydır: “Bəglər, Tañrı bizə bir kür oğıl vermiş. Varayın, anı anasının yanından alayın, qılıcla paralayayın, altı bölük edəyin...” [2, D13412-D1351-2]. (Bir insanın qolları, ayaqları və başı kəsildikdə, o, altı bölüyə bölünmüş olur). Burada kür – qız, dişi, ərəbin sözüylə desək, arvad mənasındadır. Məsələn, Salyanda deyilir: “Kürün biri kür”; “Həsə:n oğlu kürdü” [3, s. 268]. Mərhum akademik Tofiq Hacıyev Dastanın dilini müasirləşdirərkən “kür” sözünü Dastanın müasirləşdirilmiş mətnində “fərasətsiz” kimi, Dastanın sonunda verdiyi lüğətdə isə “dəcəl, narahat adam” kimi mənalarda tərcümə etməsi bütünlüklə yanlış olmuşdur [2, s. 230, 341].
Dədə Qor Qut dastanında Buğacın qırx yoldaşı, Buğacın atası Dirsə xanın yanına gəlib, onu atasına belə pisləyirlər: “...səniñ oğluñ kür qopdı, ərcəl (ərcil – A.Q.) qopdı” [2, s. D193]. Akademik Hacıyev bu dəfə “kür” sözünü Dastanın müasirləşdirilmiş mətnində “nankor” mənasında (“ərcəl”i isə mətndə “fərsiz”, lüğətdə “bədxasiyyət, pozğun” kimi mənalarda) tərcümə edərkən [2, s. 179, 330] yenə də bərk yanılmışdır. Yuxarıdakı sitatın mənası belə olmalıdır: “Sənin oğlun qız doğulub, kişilərə əydəmli (ərcil) – kişi xeylaqlarına meyilli doğulub.” İndiki ərəbcələşmiş dilimizlə bu cümləni belə deyərdik: “Sənin oğlun arvaddır, mavidir, meylini, şəhvətini kişi xeylaqlarına salandır.” (Dədə Qor Qutun dilində “qopmaq” göbək bağından qopmaqdır – doğulmaq, yaranmaq deməkdir).
Meyil, şəhvət, həvəs, arzu kimi mənalar bildirən kür sözünün inad, naz, kapriz kimi derivativ (sonrakı, törəmə) mənaları da vardır. Sözgəlişi, belə deyilir: “(Koroğlu – A.Q.) Çıxer qırağa deyir ki, sən kür, mən kür, biz bir yerdə yola gedəmmərih. O vaxtdan çayın adı qaler Kür” [4, s. 49]. “Kür olmaq”, “kürlük (kürrük) etmək” ifadələri inadkar, nazlı, kaprizli uşaqlar üçün işlənilməkdədir.
Həvəs, arzu, meyil, niyyət mənaları bildirən “qırım” da hör // hır // hor // hür // kür kökündən yaranmış olub, “hırım”, “kürüm” kimi bir sözdür. H-x-k-q keçidi dilimiz üçün adi haldır, sözgəlişi, han-xan-kağan-qağan. Dördcildlik izahlı lüğətimizdə qırım sözünün qarşısında yazılmış mənalar (görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr) başdan-sonacan uydurmadır [5, s. 141]. Mərhum filoloq Məmmədağa Şirəliyev bu sözü meyl, istək, arzu, fikir, iradə kimi verərkən daha haqlıdır. Ağcabədidə deyilir: “Arvadın qırımı vardı ki, iş düzəlsin, Atdıxan qoymadı” [3, s. 301]. Salyanda deyilir: “Əlsəfərin qırımı oxımağdı” [3, s. 301]. Xətayi deyir: “Baxdım ki, mının qırımı özgə, Mənimlə alum-verimi özgə” [6, s. 259].
“Kür” kökü üzərində dayanan sözlərimiz çoxdur: kürü, kürt // qırt, kürsək, kürəkən, kərkinmək, kürnəşmək (əslində kürləşmək), küsənmək (əslində kürüksənmək), kirşan (əslində kirşən – qadın kosmetikası), gərdək (əslində kürdək, kərdək – toy gecəsi otağı), körpə, qarı və s. Göründüyü üzrə, bütün bu sözlərə eyni semantika – dişilik mənası hakimdir.
Kürsək sözünün başlanğıc forması kürüksəmək feilindən yaranan kürüksək sözüdür. Mövlud Süleymanlının “Dəyirman” povestində oxuyuruq: “Sən canın bu qancığı apar azdır. ... Yox, kürsəyə gəlir tez-tez, çox it yığır başına. İtin əlindən təpənmək olmur. Canın üçün, rayondan it gəlir yanına” [7, s. 183]. Küsənmək feilinin başlanğıc forması da kürüksənməkdir, mənası dişi kimi iştahlanmaq, tamahlanmaq, ehtiraslanmaqdır.
Dişiliyin barı da kür kökü üzərində qurulan kürü, kuruğ, xora kimi sözlərlə söylənilməkdədir. Qazax, Borçalı, Ağcabədi, Bərdə, Tərtər, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qarakilsə, Zəngilanda toyuğun və balığın qarnından çıxan yumurtalara – kürüyə – kürüşdə və kürüşgə(nə) də deyilir. Qazaxlılar deyir: “Kürüşdə to:uxda olor, balıxda olor, yeməli olor” [3, s. 269]. Şivələrimizdə atın balasına kuruğ deyilir: Oğuzda deyilir: “Atın kuriyi öydə qalıfdı” [3, s. 264]. Zəngilanlılar deyirlər: “Pirçıvane:dəndə (Tərslikdən də – A.Q.) atın kuruğu yoruldu” [3, s. 264]. Qax və Zaqatalada moruğa kura deyilməsinin səbəbi moruğun kürü görünüşündə olmasıdır. Zaqatalada deyilir: “Mən dünən kura dərmağa getmişdim” [3, s. 264]. Küçük(ləmək) sözünün kökü dəxi kür kökünə aiddir. Göyçayda deyirlər: “Alça ağacı çox küçüklüyəndi” [3, s. 265]. Ağcabədi, Ağdam, Cəbrayıl, Kürdəmir, Göyçay, Qazax, Mingəçevir, Oğuz, Sabirabad və Şamaxıda əkin sahələrinə tökülən sünbüllərdən öz-özünə bitən taxıla “xora” deyirlər. Ağdamlılar deyir: “Bi:l yaman xora əmələ:lmişdi bildirki taxıl yerinnən”. Cəbrayıllılar deyirlər: “Biyilki xoradan on beş put taxıl çıxdı” [3, s. 227].
Hör // hır // hor // hür // kür sözüylə biz nağıllarımızda da tez-tez tuşlaşırıq. “Sehirli üzük” nağılında oxuyuruq: “Arvad da elə hörünü salmışdı itnən pişiyə” [8, s. 36]. “Göyçək Fatma” nağılında oxuyuruq: “Arvadın hırı tutmuşdu, elə nırx deyib durdu ki, əgər azıtmasan gününü qara eliyəcəm” [8, s. 16]. “Hillilim Güllülüm” nağılında oxuyuruq: “Ay arvad bəs pambığı niyə əyirmirsən? Arvad deyir: Ay kişi, vallah hələ hırım tutmayıb, havaxt hırım tutsa onda əyirəcəyəm. ... Ay kişi, hırım tutdu, pambığı ver əyirim” [8, s. 178-179, ].
Hör // hır // hor // hür // kür sözü şivələrimizdə də gen-bol işlənilməkdədir. Məsələn, kəlbəcərlilər deyirlər: “Nə üstümə ho:urğalanırsaŋ ə?” [3, s. 209]. Tovuzda deyilir: “Əli yaman hırıx adamdı” [3, s. 206]. Kürdəmirdə deyilir: “Tay əvvəlki hırım qalmayıb, qocalmışam” [3, s. 204]. Salyanda deyilir: “Diyəsən gənə hırın tutub” [3, 205]. Bakıda deyilir: “Hırı gəlib, sən alla: dindirmə unı” [3, s. yenə orada). “Bir ho:nan gəlmişdi üstümə ki, nətə:r” [3, s. 207].
Hıçqırmaq, asqırmaq, fısqırmaq (vızqırmaq sözünün əsli), qışqırmaq, öskürmək və başqa adların (məsələn, uyqur adının) ikinci bölüyündə gördüyümüz də hör // hır // hor // hür // kür sözüdürsə, onda bu söz ən geniş mənada hərəkət deməkdir. Bizcə, elə ərəbcə hərəkət sözünün özünün kökündə dayanan da bu sözdür.
Hırı tutmaq (gəlmək), ya da ibnəsi tutmaq (qalxmaq) əslində dişiliyi, qızlığı, arzusu qabarmaq, iştahı, ehtirası, şəhvəti, həvəsi gəlmək deməkdir. Hır-zır qanmamaq, hərbə-zorba gəlmək kimi ifadələrdə də söhbət eyni sözdən – hördən, hırdan, hordan, hürdən, kürdən gedir. Salyanda deyirlər: “Südabə çalışqan uşağdı, bütün dərssəri öyrənməyə hüsriyir” [3, s. 213]. Burada “hüsriyir” kimi təsriflənən feil r-s metatezesinə (səs yerdəyişməsinə) uğramış hürsəmək feilidir. Hürsəmək – “hırı tutmaq”la eyni mənanı bildirir, can atmaq, səy göstərmək deməkdir.
İndiki maskulin təsəvvürümüzdə şəhvət dedikdə gözümüzün qarşısında ancaq ərkəklik (“erkək” yox, “ərkək”!), ya da kişi cinsiyyəti canlanır. Başqa sözlərlə desək, indi şəhvət – ancaq ərkək ehtirası, kişini tərpədən motiv, maskulin xarakterli hərəkətverici sayılır. Ancaq dişi ehtirası, qadını tərpədən motiv, feminin xarakterli hərəkətverici də var: hör // hır // hor // hür // kür sözüylə ifadə edilən budur. Ulu nənə-babalarımızın yaşayışında və onların yaratdığı əski dilimizdə in-yan (yin-yanq) kimi kür-ər(kək) tarazlığı vardı, sonralar bu tarazlıq anlayışı pozuldu. Ədəbi (ərəbi!) dilimizdən sıxışdırılıb çıxarılan “ərnəşmək-kürnəşmək” ifadəsi bu ilkin tarazlığın izidir. Habelə, vaxtilə dilimizdə “ərköyün” (əslində “ərsöyün”) sözüylə yanaşı, “hüröyün” (əslində “hürsöyün) sözü də vardı. “Sehirli üzük nağılında oxuyuruq: “Keçəl fikirləşdi ki, arvadım atası evində hüröyün böyümüş adamdı” [8, s. 38]. Basarkeçərdə deyirlər: “Uşağını hüröün bö:tmüsən” [3, s. 213]. Tovuzda deyirlər: “Bu uşax çox hüröyün böyüyüf” [3, s. 213]. Etimoloji baxımdan ərköyün (ərsöyün) əslində qızın oğlana (ərə, ərkəyə) qarşı arzusunu, hürsöyün isə oğlanın qıza (hürə, dişiyə) qarşı arzusunu bildirir.
İnəyin (dişinin) buğaya (ərkəyə) yaxınlaşmasına Qarakilsə, Şəki, Cəbrayıl, Culfa və Mingəçevirdə “höörə gəlmək” deyirlər: “Həsən kişi inək hö:rə gəlir” (Cəbrayıl). “İnex' hö:rə gəlifdimi” (Qarakilsə) [3, s. 210].
Qərbi azərbaycanlılar deyirlər: “Bu bizim it də Qəhrəmanı görəndə ona arnaşır-hürüyür” [9, s. 29]. Burada “arnaşmax” kimi deyilən söz ərnəşmək, daha da doğrusu, ər(kək)ləşməkdir; hürümək isə dişilənmək, qızlanmaq, nazlanmaq deməkdir. Beləliklə: ərnəşmək-kürnəşmək (ərləşmək-kürləşmək) – cütləşmək, bir-biriylə cinsi yaxınlıq istəmək mənasını bildirmiş olur.
Gündəlik danışıq dilimizdə gen-bol işlənilən hey (heyi qalmamaq, heydən düşmək və s.), hək (həkdən düşmək, hək gəlmək), gir (girdən düşmək) sözləri də bizə hör // hır // hor // hür // kür kökünün variantları kimi görünür. “Mehralı yaman qocalıf, girdən tüşüf tamam” [9, s. 98].
Kür, qarı, qız sözləri dişilik mənası bildirirlərsə, onda haqlılıqla bu sorğu qoyula bilər: onda “dişi” anlayışının mənası nədir, daha doğrusu, dişiliyi kürlükdən, qarılıqdan, qızlıqdan ayırd edən nədir? İndi unudulan çox əski bir qarğışımız bu sorğuya cavab verməyə bizə kömək edir: “Kim ki mənim evimi uçurdub, erkəyi yarımasın, dişisi qarımasın” [3, s. 113]. Burada “qarımaq” sözü ərə getməyib, dədə evində qocalmaq mənasını yox, əksinə, yaxşı məna bildirir: yetişib, ərlik-boyluq qadın olmaq deməkdir. Biz “dişi” sözüylə “deşik” sözlərini qohum sayan H.Vámbéry-yə söykənərək, dişiliyin – deşikliliyin – körpənin anadangəlmə cinsiyyətini; kürlüyün, qarılığın, qızlığın isə artıq yetkin, bişkin qadınlığı bildirdiyini irəli sürürük. Aralarındakı fərq budur.
Şivələrimizdə iri mişara “hərrə” və yaxud “hərə” adı verilir. Bizcə, hərrə və yaxud hərə sözləri də – dala-qabağa gedib gələn mişarın odunla seksual əlaqəsi kimi görülərək – hör // hır // hor // hür // kür kökündən yaradılmışdır. İndiki dilimizdə bir qadını hərləmək sözü də onun dişiliyini qabartmaq, onu qızlamaq kimi bir məna bildirir. Elçi gediləsi qızın “hərisini almaq” ifadəsinin kökündə də bu hör // hır // hor // hür // kür kökü dayanır. Qarın, qardaş (qarındaş) sözləri də bu kökdən törəyən sözlərimizdirlər. Ən əski qadın adlarımızdan biri olan “Hürü” adı da bu kök üzərində yaranmışdır. Qızın və yaxud qadının öz dişiliyindən yaranan qorxusunu bildirən hürkmək, hürkü, ürkək (əslində hürkək) sözləri, habelə qorxu, qorxmaq sözləri dəxi hör // hır // hor // hür // kür kökü üzərində dayanan sözlərimizdirlər. (Başqa cür deyəsi olsaq, hürkü sözü qorxu sözünün babasıdır. Beləliklə: qorxu qadınlığa xasdır, qadınların xüsusiyyətidir, – dilimiz belə deyir.)
Dilimizin başqa dialektlərində də bu kökün dişiliklə, qadınlıqla bağlı mənalar bildirdiyini görürük. Sözgəlişi, Kazan tatarlarında qadın aybaşısına (mensturasiyaya) “kürəm” deyilir [10, s. 1456].
Bizim burada bir belə dil faktını sadalamağımızın məqsədi, ərəbdilli qaynaqlarda “xürrəmi // hürrəmi” kimi bizə gəlib çatan sözün kökü kimi irəli sürdüyümüz hör // hır // hor // hür // kür fonetik variantlar cərgəsinin hansısa özgə bir dildən alınma olmadığını göstərmək idi. Çünki özgədilli sözlər anadilli sözlərimiz arasında qol-budaq atıb, yayıla bilmir, düşdükləri yerdə qəlpə kimi qalırlar.
***
“Xürrəmi // hürrəmi” sözünün təkcə kökü yox, bütövlükdə özü ana dilimizcədir; o, Babəkin dilində hörləmə, ya da kürləmə formasında səslənirdi; mənası – düşməni dişilə(şdir)mə, qızla(şdır)ma, altına salıb üzərində kişilik (hakimiyyət) qurma, onun iradəsini qırma, onu qadın sayıb ehtirasdan qızarma, ona qarşı qızıxma, qor kimi qırmızılaşma deməkdir. Bu ad işğalçı islamçılara qarşı “Səni dişi(m) edərəm!”, “Sən mənim üçün arvadsan!”, “Səni zorlaram!”, “Səni basaram!” məzmununda, göründüyü üzrə, təhqir və pərt edici, psixoloji baxımdan olduqca təsirli, söyüşlü hədə idi; ancaq əvəzində onların tarixdə pis adla qalmasına da yol açdı, necə deyərlər, adları başlarına bəla oldu.
Keçmişdə düşməni buna oxşar qorxuzma və çəkindirmə taktikaları vardı. Məsələn, bir hökmdarın dikəlmiş penis heykəli yapdırıb öz ölkəsinin sərhəddində qoydurması kimi; başqa birisinin özünə penis mənası verən təxəllüs götürməsi kimi. Və yaxud müasir gerblərin üstündə gördüyümüz qılıc şəkli “Bizə yaxın düşəni kəsərik!” mesajı ötürmək üçündür.
İslamçı istilaçılar Bəzz qalasını ələ keçirdikdən sonra xürrəmilərin yazı və yazışmalarını, eynilə indiki xələfləri İŞİDçilər kimi, qatilcəsinə məhv etdiklərindən, Babəkin öz dilində bu adın dəqiq necə səsləndiyini kəsdirmək indilik mümkün deyildir. Ancaq biz iki-üç variant üzərində dayana bilərik: bu ad o vaxt ya kürləmə, ya da hörləmə (hürləmə) kimi səslənirdi. Hörləmə, ya da kürləmə sözü deyilişdə xalqımızın dilində elə o vaxt da iki “r” ilə – “hörrəmə” və yaxud “kürrəmə” kimi deyilmiş olmalıdır. Bu, bizim dilə xas haldır. Belə ki, -ra və -rə sonluqları -la və -lə sonluqlarının qalığıdır [11, s. XLV]. Biz bunu qarlamaq sözünün qarramaq kimi, hazırlamaq sözünün hazırramaq kimi, zorlama sözünün zorrama kimi, hərləmə sözünün hərrəmə kimi və s. deyilişlərində də görürük. Bu üzdən ərəblər hörləmə // kürləmə sözünü o vaxt elə bizdən eşitdikləri formada yazmışlar: ərəb əlifbasında “r” hərfinin üstünə təşdid işarəsi qoyaraq onu şəddələmişlər (qoşalaşdırmışlar): hörrəmə // kürrəmə > xürrəmi.
Dilimizdə h-x-k-q keçidi, yuxarıda dediyimiz kimi, mümkün olduğu üçün, r-z keçidinə söykənərək hör // hır // hor // hür // kür fonetik variantlarını qor // köz // qız(ıl, -ğın) // qır(maq) formasında çoxalda bilirik. Bizcə, “qaz” kökü də hör // hır // hor // hür // kür // qor // köz // qız(ıl, -ğın) // qır(maq) cərgəsinə daxildir. Belədə, indiki dilimizdə “qazlamaq” kimi səslənən jarqon sözün doğru variantı “qızlamaq”dır. Dədə Qor Qut dastanında oxuduğumuz yağının “qaza bənzər qızı-gəlini” ifadəsində də söhbət heç də, indiyədək başa düşülənin əksinə, qazdan-ördəkdən getmir, yan-yörəsinə dişilik (kürlük) saçdığı üçün adamı qor (köz) kimi yandırıb-yaxan qız-gəlindən gedir. Bununla biz dilimizdə indi də işlənilən zorlama (hörləmə, kürləmə) sözünün orijinal mənasını da anlamış oluruq: zorlama – qarşısındakını güclə qızla(şdır)ma, dişilə(şdir)mə, onu dişiliyə məcbur etmə, üzərində ərkəklik qurma, iradəsini qırma (iradəsini sındırma) və ehtirasdan qızarma deməkdir.
Əski türk (Azərbaycan) dilində “kisi” sözü qadın, həyat yoldaşı (wife) demək idi və çox böyük ehtimalla “kisi” sözü indiki “kişi” sözünün babasıdır [11, s. 749]. Matriarxat-patriarxat keçidiylə birlikdə mənası maskulinləşən kişi (kisi) sözünün kür sözündən yarandığına bizim şübhəmiz yoxdur. Bizcə, qarı sözü də kür sözündən yaranmışdır. Dilimizə xas r-s keçidinə görə kür > kisi > qarı keçidi mümkündür. Dilimizdə indi də işlənilən “qarı düşmən” ifadəsi hörləyənlərin, kürləyənlərin (xürrəmilərin) sözüdür. “Qarı düşmən” – qarı kimi görülən, qarılaşdırılan (hörlənən, kürlənən) düşmən, indiki sözlərlə desək, “arvad düşmən” – istilaçı islam ordusu idi, xürrəmilərin gözündə. Dədə Qor Qut deyir: “Qarı düşmən dost olmaz” [2, s. D39]. Bu, Babəkin sözü olmalıdır. Bəlkə də Babək bunu Afşinin gizli dostluq təklifini və yaxud xəlifə Mötəsimin onu bağışlayan qızıl möhürlü məktubunu rədd edərkən söyləmişdir. Birincisi, xəlifə Mötəsim əfv məktubunu, Bəzz qalasından çıxıb Bizansa sarı üz tutan Babəkə, onun qaçıb gizlənərək, sonradan xürrəmiləri yenidən başına yığacağından qorxduğu üçün, başqa sözlə desək, Babəki aldadıb tutmaq üçün göndərmişdi, mərhəmətdən, humanizmdən yox. Babək əfvi qəbul edib təslim olsaydı da, onu Afşinin sonu gözləyirdi və Babək xəlifənin bu kələyini bayaqdan başa düşmüşdü. İkincisi, işdir, Babək xəlifənin əfvini qəbul edib təslim olmuş olsaydı, bu, təkcə, qarı düşmənin keçmişdə etdiklərini bağışlamaq yox, gələcəkdə edəcəkləriylə də barışmaq demək olacaqdı. Bu baxımdan “Qarı düşmən dost olmaz” – Azərbaycanın bütün sonrakı – indiyədəkki – taleyini həll edən tarixi qərar oldu. Babək üçün “təslim” olmaq “müsəlman” olmağa bərabərdi.
Beləliklə, biz bu işıqda indiyədək yanlış başa düşülən “qarı düşmən” ifadəsinin düzgün mənasını da anlaya bilmiş oluruq. Yeri gəlmişkən, türkiyəlilər öz arvadlarına qarı desələr də, “qarı düşmən” ifadəsi onların dilində yoxdur. Görəsən, nə üçün?!. Başqa bir sorğu: Azərbaycanlılar islamı xoşluqla qəbul ediblərsə, onda dilimizdəki “qarı düşmən” ifadəsi nədir?!.
Beləliklə, ərəblərin nəzərində “xürrəmilər” (kürləyənlər, hörləyənlər) adı şəhvətlilər, iştahlılar, zorlayanlar, basanlar, minənlər kimi seksual və qaba bir məna bildirirdi. Bu isə ərəblərin onları nə üçün ləzzətpərəst, şəhvətpərəst, hər şeyi halal bilən saymaqlarının səbəbini də izah etmiş olur. Hörləmə-kürləmə – qarşısındakını hörləmə-kürləmədir. Onlar hörləmə-kürləmə adını qarşı tərəfə – ərəblərə ünvanlayaraq götürmüşdülər. Bu ad xürrəmilərin özlərinə ünvanlanmış olsaydı, bu, “hörlənmə // kürlənmə” (hərlənmə=nazlanma=dişilənmə=sallanma) kimi səslənməli idi. Sonrakı ərəb tarixçilərisə belə düşündülər: “Bu adamlar özlərinə seksual məzmunlu bir ad götürüblərsə, onda onlar qabaqlarına çıxanı altlarına salıb zorlayırmışlar, kişiləri öz ana, bacı, qızlarıyla yatırmışlar, deməli, eyş-işrətçiymişlər, pozğunmuşlar, ləzzətpərəstmişlər və s.” Üstəgəl, xürrəmilər tərəfindən dönə-dönə hörlənmişliyin, kürlənmişliyin öcü. Bizcə, xürrəm(i) sözüylə ərəbcə harami (oğru, quldur), haram (qadağa, toxunulmaz), hərəm (qadın) və s. sözləri qohumdurlar. Bir sözlə, düşməni harami, haramçı, hərəmçi və s. kimi yozub anladınsa, qalanı qolaydır: ağla gələ biləcək ən pis işləri uydur, yaz, uydur, yaz... Deməli, ərəb tarixçiləri xürrəmiləri ləzzətpərəst, şəhvətpərəst, zinapərəst kimi təsvir və təqdim edərkən, addan çıxış etmiş və üstəlik adı da düzgün anlamamışlar. Başqa sözlə, ərəblərin xürrəmiləri pozğun kimi təsvir etməklərinin səbəbi təkcə onları böhtanlamaq və bununla onlardan öc almaq istəyi deyildi, burada düzgün başa düşülməyən adın da rolu böyük olmuşdur.
Xilafət-xürrəmilər düşmənçiliyi haqqında məlumat verən qaynaqlarda zorlama mövzusunun əsas mövzulardan biri olması diqqəti dərhal cəlb edir: Babək öz düşmənlərini arvadlarıyla birlikdə əsir edəndə, guya onların arvadlarını zorlayırdı; Sahl ibn Sunbat (Smbatean) Babəki əsir tutanda guya “ermənilər onun (Babəkin – A.Q.) gözünün qabağında anasının, bacısının və fahişə arvadının namusuna təcavüz etdilər” [12, s. 370]; guya vaxtilə Babək də Sahl ibn Sunbatın “gözü qarşısında anasının, bacısının, arvadının başına pis iş gətirmişdi” [12, s. 376]; guya xəlifə Mötəsim Babəkin qızını zorlamışdır və s. [12, s. 370]. Bütün bu qarşılıqlı “zorlamaçılıq” fantaziyalarının da hörləmə // kürləmə adından irəli gəldiyinə biz əminik.
Ümumiyyətlə, qadın zorlama Azərbaycan kulturasına yaddır. Biz bunu nağıllarımızdan çıxış edərək irəli sürürük. Azərbaycan nağıllarında başqasının arvadına gözü düşmə var, padşahın gözü düşən qadının ərini gedərgəlməzə göndərib ona yiyə çıxmaq üçün kələk işlətməsi var, qız oğurlama var və s., ancaq qızın, ya da qadının razılığı olmadan onunla cinsi yaxınlıq faktı yoxdur. Məsələn, “Kəl Həsənin nağılı”nda Bəlğ adlı bir pəhləvan Bəndərpuş padşahının qızı Pəri xanımı qaçırdıb salır bir qalaçaya. Oxuyaq: “Gördüm ki, bir orta sinnidə pəhləvan (Bəlğ – A.Q.) əlində qızıl gül ağacından bir çubuq, qabağında lüt anadangəlmə bir qız. Çubuğu çəkir qıza deyir: qız, gəl mənə, qız nalə çəkib deyir ki, istəmirəm” [13, s. 171]. Görürsünüz, qız onunla evlənsin deyə pəhləvan onu qaçırdır, gizlədir, illərlə dustaq saxlayır, çılçılpaq soyundurur, döyür, ancaq zorlamır; divlər qızları lap saçlarından asırlar; adını unutduğum nağılımızın birində padşah bir qızı tutub salır saray otaqlarının birinə və onun hərəmi olsun deyə ona yalvarır (padşah yalvarır!), ancaq zorlamır. Özündə çoxlu sumer elementləri gəzdirən Azərbaycan nağıllarında zorlamanın ənənəsi bir yana dursun, faktının belə olmaması, bizcə, sumer dünyagörüşüdür: sumerlilərdə qadın zorlama ən yolverilməz suçlardan biri sayılırdı.
Qadın zorlama bizə islamla gəldi. Bilindiyi üzrə, islamda zina qadağası olsa da, qadın zorlama qadağası yoxdur [14].
Qarı düşmən isə xürrəmiləri elə təsvir edib ki, elə bil xürrəmilər saraylarda yaşayırdılar və günləri orgiyalarda keçirdi. Halbuki, işğalçı müsəlman ərəblərin ağır vergi zalımlığı üzündən əhali kütləvi formada kəndləri buraxıb gedir, boşalan torpaq sahələrini ərəblər ələ keçirir, torpaqlarından didərgin düşən kəndlilər bu çağrılmamış qonaqların əlinin altında muzdurluğa başlayırdılar [1, s.147]. Vergilərin ağırlığı üzündən Aranda (Qafqaz Albaniyasında) kütləvi aclıqlar baş verirdi (məsələn, 726/7-ci ildə), əhali kütləvi qırılırdı [1, s. 143]. Problem təkcə vergilərdə deyildi, o, sasanilərin vaxtında da xalqdan toplanırdı. İslamçı istilaçıların topladıqları vergilər isə ağır olmaqla yanaşı, xüsusi təhqiredici mərasimlə yığılırdı. Məsələn, abbasi xəlifəsi Harun ər-Rəşidin xəlifəliyi dövründə, vergi yığılan gün hər bir azərbaycanlı öz vergisini hündür taxtın üstündə oturan vergiyığan ərəb məmuruna şəxsən uzadıb verdikdən sonra, başını əyməli və ərəb məmur o azərbaycanlının başına (peysərinə) bərk bir şapalaq vurmalı, başqa bir məmur isə onu təpiklə oradan qovub çıxarmalı idi; və yerli əhaliyə bu tamaşaya baxmaq icazəsi verilmişdi; bu, xilafət rəhbərliyi tərəfindən xalqı sındırmaq, ərəblərin güc və ağalığını göstərmək üçün xüsusi olaraq həyata keçirilən vergiyığma metodu idi [1, s. 151-152]. Və yaxud Məhəmməd peyğəmbərin ən yaxın silahdaşlarından biri, xəlifə I Ömərin (634-644) fərmanıyla, Azərbaycanda və Arranda islam dininə keçməyənlər, onların ən aşağı kastadan olub cizyəverən olduqları bilinsin deyə, boyunlarından alçaldıcı qurğuşun damğa asmalı idilər [1, s. 113]. Bir sözlə, xalq təkcə soyulmurdu, həm də təhqir edilirdi. Vergini verə bilməyənlərə, bu sıradan dul qadınlara və yetim uşaqlara hər cür işgəncə edilir, onlar biabırcasına döyülür, ailələrdən hətta ölən (!) ailə üzvlərinə görə də vergi tələb edilirdi [1, s. 148]. Yerli əhalinin üsyanlarını yatırmaq üçün ayrı-ayrı yerlərdə qurulan ərəb hərbi düşərgələrinin – bunlar həm də hakimiyyət rolu oynayırdı – əsgərlərini yerli əhali təkcə yedizdirmək məcburiyyətində deyildi, onlar bu çağrılmamış qonaqları və hətta onların ailələrini də mənzillə təmin etmək məqsədilə öz mənzillərindən zorla qovulub çıxardılırdılar [1, s. 197]. Həmin dövrdə ərəblər Azərbaycan əhalisinə “uluc//a’lac” (qanmaz) adı vermişdilər [1, s. 154]. Beləliklə, xürrəmilərin özlərinə nə üçün belə söyüşlü ad götürməklərini bu kontekstdə – Azərbaycan xalqının bu islamçı istilaçılara qarşı sonsuz nifrəti və qəzəbi kontekstində – başa düşmək gərəkdir.
Hələ Alban çarı Cavanşirin dövründə (639/40-681) ərəb orduları Albaniya üzərinə hücumlarını islam diniylə, ərəb sözüylə desək, əsaslandırırdılar, yunan sözüylə desək, təməlləndirirdilər, doğma sözümüzlə desək, özülləndirirdilər. Məsələn, guya Allah müsəlmanları bütün bütpərəst ölkələrin qanuni varisi etmişdir; guya islam dinini bütün yer üzündə yaymaq gərəkdir və s. [1, s. 103]. Belədə, “Babək islama qarşı yox, işğalçılara qarşı vuruşmuşdur” nəqarəti özünü ovundurmaqdan və yaxud başqalarını aldatmaq cəhdindən başqa bir şey deyildir.
Babəkin başçılığı altındakı xürrəmilik artıq bir üsyan yox, düşməni ölkədən kürüyüb – qovub çıxarma hərəkatı idi. Bu hərəkatın başlamasıyla birlikdə Yəməndə və İraqda yaşayan ərəb qəbilələrinin Azərbaycana həvəsli kütləvi köçü dayanmış oldu. Babək olmamış olsaydı, biz bu gün yəmənlilərə və iraqlılara bənzəyəcəkdik.
***
Qarşımızda duran sorğulardan biri də budur: Bəs, görəsən, “şad(i)-xürrəm” nə deməkdir? Doğrudanmı o, xürrəmilərin şadyanalığını bildirir? Bu sorğuya bizim öz cavabımız var: şad və yaxud şad-bəy xəzərlərdə (hunlarda) IX əsrdə artıq faktik olaraq hökmdar titulu idi. Şad həmin dövr Xəzər dövlətində həm ordubaşı (sərkərdə), həm də hökmdar (xaqan) vəzifəsini yerinə yetirirdi. Bu titul X əsrdən etibarən istifadədən çıxmışdır. Bizim tezisimizsə belədir: farscadan dilimizə keçib şən, firavan, məmnun kimi mənalar bildirən şad sözüylə, xəzərlərin hökmdar titulunu bildirən, bəlkə də farscada “şah”a çevrilərək (şad > şah?) yaşayan şad sözü qarışıq düşmüşdür: bu sözlərin sadəcə olaraq təsadüfi fonetik bənzərlikləri vardır. “Şad(i)-xürrəm”dəki şad hunca-xəzərcədir, farsca yox. Şad(i)-xürrəm – xürrəmi şadı deməkdir, o, xürrəmilərin şadıdır, şad-bəyidir, başçısıdır. Deyəsən, biz bununla Babəkin şəxsən özünün, 20 ildən çox böyük bir ölkəyə (şadlığa) və orduya başçılıq etmiş bir hökmdarın və ordubaşının, indiyədək gizli qalmış hakimiyyət titulunu bəlləmiş olduq: şad – Babək özü idi. Babək – qarı düşməni kürləyənlərin şadı idi.
Mərhum filoloq Mirəli Seyidov Xızır mifik obrazının milliliyini özülləndirərkən, çox haqlı olaraq, xız-xıs-his-qız(mar)-coş(ğun) əlaqəsi qurur və bu sözlərin istilik, hərarət, od mənası bildirdiyini yazır [15, s. 52]. Deməli, biz hör // hır // hor // hür // kür // qor // köz // qız(ıl, -ğın) // qır(maq) fonetik variantlar cərgəsinə xız // xıs // his // coş- cərgəsini də artıra bilərik.
Ərəbcə sayılan qırmızı sözünün kökü, özümüzün qızıl sözümüzün kökü ilə bizcə eynidir: bu, qor // köz sözümüzdür; qor, ya da köz qızıl (qırmızı) kimi qızarır. Hunların (xəzərlərin) nəvələri sayılan müasir çuvaşların dilində xır- sözü bizdəki qız- kökü kimi qızarmağı bildirir [16, s. 343]. “...ulu türkcədə “hor // xor” od mənasında işlənmişdir. ... Məsələn: hoorunu söndürdünmü” [17, s. 19]. İstilik mənası bildirən hənir (hənö:r) sözünü dəxi hör // hır // hor // hür kökünə bağlamaq bizə mümkün görünür.
“Xürrəmi” sözünə qohum sözlərdən biri də, mənası indiyədək düşünülmədən qalan, xora sözümüzdür. Xora sözünün mənası, bizcə, yanıq yarasıdır. Yara-xora – yarılmış və yanmış deməkdir. Xora sözü də qor, qız(mar), köz, qız(ıl) sözlərinin semantik çevrəsinə daxildir. Qovurmaq (< qourmaq dzen?) dedikdə, yuxarıda sadalanan mənalarda – məslək, dünyagörüşü, həyat yolu, prinsip, ideoloji mövqe, fəaliyyət başa düşülürdü, indiki məhdud mənada din başa düşülmürdü. Tutaq, ideoloji mövqe kimi millətçiliyi indi bir din adlandıra bilməsək də, keçmişdə daena saya bilərdik; fəlsəfi mövqe kimi idealistliyi indi bir din adlandıra bilməsək də, keçmişdə daena saya bilərdik və s. Ərəblər onları kürləyənlərin-hörləyənlərin tutduğu mövqeyi, apardıqları mübarizəni (xürrəmi-)din adlandırarkən, “din”i “daena” kimi götürürdülər. Ərəb qaynaqlarının xürrəm(i)din dedikləri söz sözün indiki mənasında din deyildi, xürrəmilərin istilaçı islamçıları kürləyib-hörləyib və kürüyüb Azərbaycandan çıxarmaq yolunun, xalqın mübarizə hərəkatının, Babəkin seçdiyi, bağlandığı, başçılıq etdiyi və başqalarını çağırdığı inamın və fəaliyyətin adı idi. Daha saya deyəsi olsaq, bizcə, xürrəm(i)din – düşməni kürümə və kürləmə yolu, fəaliyyəti, inamı mənasında din (daena) idi.
***
Xürrəmilərin gecə ilə gündüzün tən olduğu 21 mart axşamı dağ başına dərilib, əsrikləşdirici içkilər içib, tütək, zurna çalıb, halay çəkib, çıraq və tonqalları söndürdükdən sonra kişi və qadınların bir-birinə qarışması adəti – alevilərin (qızılbaşların) “mum söndü” (çıraq söndü) adı altında yaşatdıqları, türkiyəli ortodoks islamçılarınsa ələ salıb alçaltdıqları yığınağın adıdır. Birincisi, bu yığınaq xürrəmilərlə qızılbaşların (alevilərin) qohumluğunu göstərməklə yanaşı, VIII əsr xürrəmiliyindən çox-çox əskilərə gedib çıxan, bu, ya da başqa bir formada bütün əski kulturalarda görülən, insanlığın ən əski mifik dünyagörüşünü özündə yaşadan, antropoloji-kulturoloji tədqiqatlar tələb edən problemdir. İkincisi, bu yığınaq gündəlik yaşayışın bir hissəsi olmayıb, ildə bir dəfə keçirilən mərasimin bir hissəsidir, üstəlik, o mərasimdə iştirak məcburi yox, könüllüdür. Üçüncüsü, xürrəmilərdə islamdanqabaqkı ərəblərin adətinin əksinə, bir qadın eyni vaxtda bir neçə kişinin qanuni arvadı olmurdu; belə ki, istər Babəkin özünün, istər onun qoşunbaşıları Tarxanın, Adinin (Odinin) ailələrinin olduğunu tarixi məlumatlardan bilirik.
***
Beləliklə, biz Babəkin ordusunun adını nəhayət 1200 il sonra, ilk dəfə ana dilimizcə eşidə bildik: xürrəmi sözü ərəb ağzıyla səslənən dopdoğma öz sözümüzdür: xürrəmilik azərbaycandilli insanlar tərəfindən, Azərbaycan dili arealında yaranmışdır. Bu isə o deməkdir ki, istər Qafqaz Albaniyası (şimali Azərbaycan), istərsə də Atropatena (cənubi Azərbaycan), rus-fars-erməni tarixçilərinin iddia etdiklərinin əksinə olaraq, heç də XI yüz illikdən etibarən oğuzların gəlişiylə türkdilliləşməmişdir. Bu məqalənin ən başlıca yekunu budur.
Ancaq xürrəmilik (kürləmə-hörləmə) ideyası və sözü Babəkin Bəzz qalasının başçısı olmasından ən az 60 il qabaq (755-ci ildə) yaranmış olduğu üçün, bu sözün anadilliliyi bizə Babəkin özünün kim olması haqqında indilik qəti nəsə demir. Bunun üçün biz gərək “Babək” adını da ana dilimizcə eşidə bilək. Növbəti məqaləmiz bu mövzuda olacaqdır.
Qaynaqlar
1. Буниятов З.М. Азербайджан в VII-IX вв. Работы по истории и источниковедению Азербайджана и Арабского Халифата. Баку, Элм 1999.
2. Kitabi-Dədə Qorqud: əsil və sadələşdirilmiş mətnlər. Bakı, 2004.
3. Azərbaycan dilinin dialektoloji lüğəti: A-Z. Şərq-Qərb, Bakı 2007
4. Əsatirlər, əfsanə və rəvayətlər. Tərtib edənlər: Arif Acaloğlu, Cəlal Bəydili. Bakı, “Şərq-Qərb”, 2005
5. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild. “Şərq-Qərb” Bakı, 2006.
6. Xətayi Şah İsmayıl. Əsərləri. “Şərq-Qərb”, Bakı 2005.
7. Süleymanlı Mövlud. Seçilmiş əsərləri, “Şərq-Qərb”, Bakı 2006
8. Azərbaycan nağılları, Beş cilddə, V cild. “Şərq-Qərb”, Bakı 2005.
9. Ağbaba şivəsi sözlüyü. Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası. Sumqayıt, 2014.
10. Радлов В. В., Опыть словаря тюрскихь наречий. Томь второй. Часть 2. Согласныя: k, к, ќ, ҕ, г, (ѓ), х, h, ħ. С.-Петербургь, 1899. Dr. W. Radloff. Versuch eines Wörterbuches der Türk-Dialecte. Zweiter Band. Die Сonsonanten: k, к, ќ, ҕ, г, (ѓ), х, h, ħ. St. Pétersbourg. 1899.
11. Clauson Sir Gerard. An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish. Oxford at the Clarendon Press. 1972
12. Bünyadov Ziya. Azərbaycan VII-IX əsrlərdə. “Şərq-Qərb”, Bakı 2007
13. Azərbaycan nağılları, Beş cilddə, II cild. “Şərq-Qərb”, Bakı 2005.
14. İnanna Alov. İslam dinində qadına təcavüz qadağası nə üçün yoxdur? https://gunaz.tv/?id=4&vmode=1&sID=3092&lang=1
15. Seyidov Mirəli. Xızırı türkdilli xalqların inamı yaratmışdır. Azərbaycan jur., 1979, N: 4, s. 51-60
16. Федотов М.Р. Этимологический словарь чувашского языка. В 2-х томах. Том II САВ- – ЯШТАКА. Чувашский государственный институт гуманитарных наук. Чебоксары – 1996.
17. Şəfizadə Baloğlan. Zərdüşt, Avesta, Azərbaycan (Maq sivilizasiyası). Bakı, Elm, 1996.
18. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. “Şərq-Qərb” Bakı, 2006.
19. Kleines Lexikon deutscher Wörter arabischer Herkunft. Herausgegeben von Nabil Osman. (Beck’sche Reihe). Verlag C.H. Beck München, 1992.
20. Delitzsch Friedrich. Sumerisches Glossar. J.C.Hinrichs’sche Buchhandlung, Leipzig, 1914.
21. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild. “Şərq-Qərb” Bakı, 2006.
22. Frisk Hjalmar. Griechisches Etymologisches Wörterbuch. In 3 Bänden. Heidelberg, 1954-1972
23. Stausberg Michael. Zarathustra und seine Religion. Verlag C.H.Beck, München, 2005.

Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |