Şrift:
2016-cı il temperatur artımına görə rekord təyin edə bilər
15.11.2016 [14:37] - Gündəm, Bildiriş
2016-cı il müşahidə tarixində ən isti il ola bilər. İlkin məlumata görə, orta qlobal temperatur sənayeləşmə dövrünə qədər olan göstəriciləri Selsi üzrə 1,2 dərəcə ötüb. Bu məlumat Dünya Meteorologiya Təşkilatının BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyası iştirakçılarının Mərakeşdə keçirilən konfransına təqdim etdiyi məruzədə yer alıb.

BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirilir ki, Dünya Meteorologiya Təşkilatı ekspertlərinin fikrincə, 17 rekord isti yaydan 16-sı bu əsrin payına düşür. Onlar, həmçinin uzunmüddətli istiləşməyə və atmosferdə istixana qazları konsentrasiyasının artmasına dair rekord göstəricilər barədə məlumat veriblər.

Buz örtüyünün Qrenlandiyada ərimə sürəti və Arktikada çox aşağı parametrləri BMT-də narahatlıq doğurur. Dünya Meteorologiya Təşkilatının direktoru Petteri Taalasın sözlərinə görə, Rusiyanın bəzi arktik regionlarında temperatur orta həddən Selsi üzrə 6-7 dərəcə yüksəkdir. Okeanın temperaturu da orta həddən çox olub ki, bu da ekosistemin pozulmasına və mərcanların solmasına gətirib çıxarıb. Avstraliya sahillərində Böyük Sədd rifinin bəzi yerlərində mərcanların 50 faizi məhv olub. 2014-cü ilin noyabr ayından 2016-cı ilin fevralına qədər dəniz səviyyəsi 15 millimetr yüksəlib.

Ekspertlərin fikrincə, daşqınlar və qeyri-adi isti hava iqlim dəyişikliyi səbəbindən daha tez-tez baş verir. Dəniz səviyyəsinin yüksəlməsi tropik siklonlarla bağlı qasırğa təhlükəsini artırıb.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed