Şrift:
Azərbaycan dilində suala rus dilində cavab
14.03.2012 [02:01] - Sosial
Yəqin ki, çoxunuzun başına gəlib. Hansısa məlumatı dəqiqləşdirmək üçün dövlət idarələrinə və ya özəl şirkətlərə zəng vurursan, amma kor-peşman dəstəyi yerə qoymalı olursan.

Çünki telefon zənglərini qəbul edən şəxs Azərbaycan dilində verilən bütün sualları rus dilində cavablandırır. Bəzimiz başa düşmədiyimizi etiraf edib dəstəyi asırıq, bəzilərinmiz isə deyilənləri başa düşürmüş kimi göstərib “da”, “net” ilə culumuzu sudan cıxarırıq. Bəzən də rus dilini bilənlərimiz məcbur olub xəttin o başındakı məxluqla rusca danışmalı olurlar.
Araşdıranda görürsən ki, bizə rus dilində cavab verən həmin kəslər Azərbaycan dilini bilirlər, amma rus dilində danışmağı üstün tuturlar.

Onda dilimizə belə münasibət nə ilə bağlıdır? Suallımızı ilk olaraq həmkarlarımıza ünvanladıq.

İctimai Televiziyanın Səhər proqramları Departamentinin direktor müavini, aparıcı Saleh Bağırov dövlət idarələrinin, eləcə də özəl şirkətlərin əməkdaşlarının telefon zənglərinə rus və ya digər əcnəbi dillərdə cavab vermələrini hörmətsizlik adlandırdı:

“Burada bizim dilin təbliği məsələsi var. Əgər bu zənglərə Azərbaycan dilində cavab vermək üçün etik kəlmələrimiz varsa, niyə öz dilimizdə cavab verməyək? Bu həm öz dilimizdir, həm təbliğatdır, həm də formalaşan nəslə bir mesajdır ki, ancaq öz dilimizdə danışaq. Həmin o qurumların başında dayanan şəxslər buna cox ciddi nəzarət etməlidir”.

Bir neçə dəfə belə halla rastlaşdığını söyləyən teleaparıcı rus dilini bilsə də, inadkarlıq edərək Azərbaycan dilində danışıb:
“Özüm bilərəkdən Azərbaycan dilində danışmışam ki, görüm əks tərəf mənə qoşulacaq, ya yox. Bəzi hallarda mənə qoşulurlar, əksər hallarda isə sona kimi rus dilində danışırlar. Sonda isə həmişə iradımı bildirirəm”.

Müstəqil media eksperti Qulu Məhərrəmli də bu sahədə vəziyyətin acınacaqlı olduğunu söylədi. Təkcə idarələrdə yox, elə ictimai həyatda da Azərbaycan dilində danışmağa cətinlik çəkənlərin çox olduğunu deyən ekspert problemin kökündə dilə münasibətin durduğunu bildirdi:

“Bu gün Azərbaycan dilinə sayğı yoxdur. Sanki bu dilə artıq gərək qalmayıb. Azərbaycan dili, onun işləkliyi ilə ilə bağlı qərarlar var. Çox təəssüf ki, buna əməl olunmur. Bununla bağlı ciddi tədbirlərin görülməyinə ehtiyac var. Belə getsə, Azərbaycan dili danışıq dili kimi yalnız əyalətlərdə və paytaxtın kənarlarında istifadə olunacaq”.

Dövlət idarəsi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də bu sualı ünvanladıq. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Asəf Əliyev də problemə birmənalı yanaşdığını söylədi:

“Təbii ki bu yolverilməzdir. Çox maraqlıdır ki, əksər halda həmin idarələrdəki insanlar Azərbaycan dilində bilsələr də, rus dilində danışımağa üstünlük verirlər. Əgər Azərbaycandayıqsa, hər bir fəaliyyətimiz də öz dilimizdə olmalıdır”.

Milli Elmlər Akademiyasının Dilçilik İnistitutununu elmi katibi İlham Tahirov isə məsələyə tam başqa münasibət bildirdi: “Burda elə bir ciddi məsələ yoxdur. Məsələyə tam fərdi yanaşmaq lazımdır. Bu sırf həmin adamların aldıqları təhsillə bağlıdır”.

Gültəkin Ələsgər
Bu xəbər oxucular tərəfindən 1403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed