Şrift:
Hyuston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib
16.11.2016 [15:07] - Gündəm, Mədəniyyət
ABŞ-ın Hyuston şəhərinin Meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil olunub.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər edib. Tədbirdə, həmçinin Hyuston Meriyasının nümayəndələri, ABŞ Konqresi və Texas ştatı Assambleyasının üzvlərinin təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki baş konsulları, habelə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Amerika Azərbaycan, türk, yəhudi icmalarının və Hyuston ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində çıxış edən Hyustonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova qonaqlara bu əlamətdar günün tarixçəsi barədə məlumat verib, habelə qardaşlaşmış Bakı və Hyuston şəhərləri arasında əlaqələr və bu əlaqələrin inkişaf perspektivləri haqqında danışıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov müsəlman Şərqində ilk demokratik respublikanın rəmzi olan bu bayrağın 25 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın üzərində ucaldıldığını deyib. O, Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü və ardıcıl siyasət nəticəsində bu gün ölkəmizin gücləndiyini, bütün sahələrdə irəlilədiyini, beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. Azərbaycan diplomatı bu il, eyni zamanda, Bakı və Hyuston şəhərləri arasında qardaşlaşma əlaqələrinin 40-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. Müşavir bu iki şəhər arasında əməkdaşlığı və onun Azərbaycan-ABŞ münasibətlərinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib. O, bu tədbirin Hyustonda keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, burada fəal Azərbaycan diasporunun olduğunu bildirib və bu kontekstdə Azərbaycan Mədəniyyət Mərkəzinə Vətənimizin ABŞ-da tanıdılmasına və ölkələrimiz arasında münasibətlərin inkişafına dəstəyinə görə təşəkkürünü bildirib.

ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta Amerikanın Azərbaycan icmasını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, Bakı ilə Hyuston arasında qardaşlaşma əlaqələrinin təbii olduğunu vurğulayıb, iki şəhərin bir çox aspektlərə görə oxşarlığını xatırladıb. R.Sekuta hər iki şəhərin qarşılıqlı təcrübə mübadiləsinin artırılmasının faydalı olacağın bildirib. Səfir Azərbaycanın ABŞ üçün önəmindən danışaraq ölkələr arasında strateji tərəfdaşlığın mövcudluğunu vurğulayıb, enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə sahələrində əməkdaşlığı xüsusilə vurğulayıb.

Hyuston Şəhər Şurasının üzvü Kayk Laster şəhər meri Silvester Turner adından Azərbaycan icmasını təbrik edib, onların Hyuston şəhərinin sosial və mədəni həyatına verdiyi töhfələrə görə təşəkkür edib. O, 9 noyabr tarixinin Hyuston şəhərində Azərbaycan Bayrağı Günü elan edilməsi ilə bağlı şəhər merinin bəyannaməsini oxuyub. Daha sonra ABŞ Konqresinin üzvü El Qrinin təmsilçisi Sam Merçant konqresmenin adından Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə bəyannaməni oxuyub.

Qeyd edək ki, son bir neçə il ərzində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil olunan Azərbaycanın Dövlət Bayrağı Günü tədbirləri artıq ənənəyə çevrilib və bu təşəbbüs Texas ştatının rəsmiləri tərəfindən fəal şəkildə dəstəklənir.

Yusif Babanlı


Hyuston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Hyuston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib
Bu xəbər oxucular tərəfindən 552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed