Şrift:
Tokioda Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.11.2016 [10:07] - Gündəm, Diaspor
Tokioda fəaliyyət göstərən “Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin rəhbərliyi Türkiyənin bu Gündoğar ölkədəki səfirliyinin məsləhətçisi xanım Funda Erpekle görüşüb.

Görüşdə iki qardaş ölkənin Yaponiyada fəaliyyət göstərən diaspor təşkilatları arasında əməkdaşlıq, qədim və zəngin ümumtürk mədəniyyətinin təbliği məqsədilə birgə fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən cari ilin martında diaspor təşkilatının təsis edildiyini diqqətə çatdıran mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər qeyd edib ki, yeni təşkilatın qarşısında duran əsas vəzifələrdən biri də qardaş türk xalqının Yaponiyada yaşayan nümayəndələri ilə əlaqələrin genişləndirilməsidir. X.Kələntər bildirib ki, müasir tarixi vəziyyət, dünyada baş verən bir sıra mühüm geosiyasi proseslər, milli mədəni inkişaf meyilləri, qloballaşmanın nəticələri türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini və davamlı inkişafını şərtləndirən əsas amillərdir. Təqdirəlayiq haldır ki, xalqlarımız bu tarixi zərurəti layiqincə qiymətləndirərək, qarşılıqlı əlaqələrini inkişaf etdirir, siyasi, iqtisadi, sosial-mədəni və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməyə çalışır, ən mühüm strateji məsələlərdə bir-birini cəsarətlə dəstəkləyirlər. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Türkdilli xalqların diaspor təşkilatları son illər bu prosesdə fəal iştirak edirlər. Vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin uydurduğu qondarma “soyqırımı” iddiaları barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyət daha müsbət nəticələr verə bilər. Görüşün əsas məqsədi də Yaponiyada yaşayan xalqlarımızın nümayəndələri arasında diaspor təşkilatları vasitəsilə əlaqələrin daha da möhkəmləndirilməsidir.

Bildirilib ki, Yaponiya universitetlərində fəaliyyət göstərən türk dili fakültələri nəzdində Azərbaycan dili bölməsinin, türk xalqlarının ədəbiyyatını özündə əks etdirən ümumi kitabxananın yaradılması da məqsədəuyğun olar.

Səslənən təşəbbüsləri yüksək qiymətləndirən xanım Funda Erpek bildirib ki, iyul hadisələri zamanı Azərbaycan xalqının dəstəyini hiss etmək çox xoş idi. Yaponiyada fəaliyyət göstərən Türkiyə və Azərbaycan səfirlikləri arasında sıx əməkdaşlıq münasibətlərinin mövcudluğunu qeyd edən diplomat xanım diaspor təşkilatları səviyyəsində də belə əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Qeyd edib ki, Tokioda fəaliyyət göstərən Yunus Emre Türk Mədəniyyət Mərkəzi bu sahədə mühüm rol oynaya bilər.

Görüşdə qarşılıqlı əməkdaşlığın digər istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed