Şrift:
Məhəmməd peyğəmbər haqda qalmaqallı filmə Azərbaycanda baxan olacaqmı?
18.11.2016 [11:05] - Gündəm, Mədəniyyət
İran rejissoru Majid Majidinin “Allahın elçisi: Məhəmməd” filmi artıq Türkiyədə də nümayiş etdirildi. Bu film Azərbaycanda da kinoteatrlarda göstəriləcəkmi?
Paytaxt Bakıdakı kinoteatrlar distributorların onlara filmlə bağlı təklif vermədiklərini bildirirlər.
“Nizami” Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova AzadlıqRadiosu-na filmlə bağlı təklifin distributorlardan gəlməli olduğunu deyir.
“O film bizə ya Rusiya, ya da Türkiyə tərəfdən gəlib çıxa bilər. Amma, hələlik, film gəlməyib”, – mətbuat xidmətinin rəhbəri söyləyir.
Filmə tamaşaçıda maraq yoxdur?
Arzu Əhədova bu filmi Azərbaycan tamaşaçısının necə qarşılayacağını söyləməkdə çətinlik çəkir: “Filmi soruşan yoxdur. Adətən, əks-sədası gələn filmlər Azərbaycanda göstərilməmişdən qabaq tamaşaçı onunla maraqlanır, görürsən kassadan, ya başqa işçilərdən soruşurlar. Deyim ki, həmin filmi soruşan var, yox, elə də çox deyil. Amma gəlsə, tamaşaçı kütləsi yığıb-yığmayacağı haqda da heç nə demək olmur. Elə film olur, biz onun böyük tamaşaçı kütləsi yığacağını gözləmirik, ancaq yaxşı auditoriya yığır. Elə film də var, çox baxılacağını gözləyirsən, əksi olur. Yəni proqnoz vermək çətindir. Ona görə də həmin film haqda da nəsə demək çətindir”.
Səfirlik nazirliklə danışıqlar aparırdı
Bir müddət öncə İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi mətbuata demişdi ki, “Allahın elçisi: Məhəmməd” filminin Bakı, Gəncə, Masallı, Lənkəran və digər şəhərlərində nümayişi üçün Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparılır.
“Çalışırıq ki, yaxın 2-3 ay ərzində filmin Azərbaycanda təqdimatını keçirək. Filmin rejissoru Majid Majidi ilə də danışıqlar aparmışıq. Majidi özü filmin təqdimatına qatılmaqdan ötrü Azərbaycana səfər edəcək”, – İbrahim İbrahimli demişdi.
Bu haqda məlumat ilin əvvəlində yayılmışdı
AzadlıqRadiosu nazirlikdən deyilənlərlə bağlı bilgi ala bilməyib.
Film Azərbaycanın qonşusu Türkiyədə bu ilin noyabrında nümayişə çıxarılıb. Baxmayaraq ki, onun kinoteatrlara çıxarılması haqda danışıqlar bir neçə aydı gedirdi.
Dindar kəsim filmə baxacaqmı?
Film bəzi müsəlman ölkələrində etirazla qarşılanıb. Azərbaycanda dindarlar bu haqda nə düşünürlər?
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Şahin Həsənli AzadlıqRadiosuna deyir ki, filmi görməyib. Amma o həm tənqid, həm də tərif edilən bu filmə baxmaq istəyir. Ş. Həsənli peyğəmbər haqda film çəkilməsinə və onun istənilən ölkədə nümayişinə normal baxdığını söyləyir: “Eşitdiyimə görə, o, Azərbaycanda da göstərilməlidir. Dəqiq məlumatım yoxdur, ancaq danışıqlar aparıldığını eşitmişəm”.
Filmə əsasən, sünni alimlər etiraz edirlər. Misirin “Əl-Əzhar” İslam Universitetinin alimləri rejissorun “Allahın elçisi: Məhəmməd” filmində peyğəmbərin görüntülənməməsi üçün əl atdığı mürəkkəb üsullarından razı qalmayıblar.
Rejissor Majid Majidi ekranda aktyorun sifətini göstərməkdən yan keçsə də, islam ciddiyyətini yumşaldaraq, onu arxadan və ya kölgə vasitəsilə göstərməyə üstünlük verib.
“Bu məsələ barədə artıq çoxdan qərar verilib. Şəriət peyğəmbərin təcəssümünü yasaqlayır”, – “Əl-Əzhar” Universitetindən professor Fattah Alawari deyir.
Amma Şahin Həsənli söyləyir: “Filmdə peyğəmbərin surəti görünmür, fonda görünür. Şəriətin hökmü budur ki, peyğəmbərə hörmətsizlik kimi qəbul ediləcək hərəkətlərə yol verilməsin. Ona görə də filmdə peyğəmbərin surəti görünmürsə, yandan görünürsə, bu normaldır, problem yoxdur”.
“Uydurma filmlərə baxmağa dəyməz”
İçərişəhərdəki “Ləzgi məscidi” adıyla tanınan Aşurbəy məscidi icmasının rəhbəri Faiq Mustafa əvvəlcə film haqda danışmaq istəmədiyini bildirdi. Daha sonra dedi ki, filmə baxmayıb və ona baxmaq istəyib-istəmədiyi barədə suala da birbaşa cavabdan yayındı:
“Peyğəmbər barədə film çəkəndə səhih məlumatlar əsasında çəkilməlidir. Bu, zarafat deyil. Film çəkənlər bəzən özlərindən nəsə əlavə etməyi xoşlayırlar. Amma bu, düz deyil. Yenə deyirəm, ciddi bilgilərə istinad edən filmə niyə baxmayasan? Uydurma filmlərə baxmağa dəyməz”.
FacebookTwitterGoogle+Share
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed